Keçid linkləri

-

BİR SUAL, İKİ BAXIŞ...

Siyasət heç də altruist məşğuliyyət deyil. Siyasətçilər heç də başqasının naminə özünü qurban verməzlər. Ümummilli problemlərə həmişə öncəlik verdiklərini söyləsələr də, fəaliyyətlərində tam təmənnasız olduqlarını desələr də, davranış və siyasi proseslərə yanaşmalarında yenə mənbazlıq elementlərini sezmək mümkündür.

Bu baxımdan, təbii ki, Azərbaycan və onun siyasətçiləri də istisna deyil. İndi siyasi dəhlizlərdə dolaşan suallardan biri də budur ki, görəsən, Qarabağ probleminin həlli daxili siyasətdə hansı nəticələrə gətirib çıxara bilər? Burası maraqlıdır ki, daha əvvəllər belə suallar yaranmırdı. Bəlkə də insanların bir gerçəyi son 23 ildə ilk dəfə anladığına görə. Onlar ilk dəfə anladılar ki, Qarabağ problemini elə öz gücləriylə də çözə bilərlər...

Problemin həlli düz 23 il, demək olar, tam mümkünsüz görünürdü. Hamı onun həllini daha çox olduqca böyük geosiyasi dəyişikliklərlə bağlayır, bölgədəki və hətta qlobal miqyasdakı proseslərlə, yaxın və uzaq «geosiyasi arxitektura»dakı çevrilmələrlə əlaqələndirirdi. Amma indi, bir ilğım kimi olsa da, qələbə insanlara göründü və onlar bu qələbənin əlçatmaz olmadığını anladılar...

Elə bu səbəbdən yeni-yeni suallar doğdu. O suallardan birini yazının əvvəlində diqqətə yetirdim. Bir də deyim: Görəsən, Qarabağ probleminin həlli daxili siyasətdə hansı nəticələrə gətirib çıxara bilər?

Bu sualın 2 cavabı var. Daha doğrusu, həmin suala münasibətdə insanlar 2 cinaha bölünürlər. Birincilərin fikrincə, Qarabağ problemi çözülsə, indiki hakimiyyətin, bütövlükdə siyasi sistemin mövqeləri bir az da möhkəmlənəcək və bəlkə də mövcud qayda və reallıqlar daha bir neçə on il sürəcək...

İkincilərin fikrincə, problemin həlli siyasi hakimiyyətin və özəlliklə onun təcəssüm etdirdiyi avtoritar siyasi sistemin dəyişməsinə təkan verəcək. Onlar düşünürlər ki, Qarabağ probleminin həlli insanlarda özünəinamı da, özünə və başqalarınadaha tələbkar olmalarını da artıracaq...

HƏTTA KONSTİTUSİYALI MONARXİYALAR DA...

Hansı cinah reallığa daha yaxındır? Birmənalı demək çox çətindir. Bircə məsələ aydındır ki, hər iki tərəfin mövcud hakimiyyətə və siyasi sistemə münasibətində, həqiqətən də, reallıq əks olunub – Azərbaycanda Şərq monarxiyalarını xatırladan bir siyasi sistem bərqərardır. Onu monarxiyadan fərqləndirən tək özəlliyi - formal seçkinin və formal siyasi qurumların mövcudluğudur. Di gəl, heç Qərbdəki konstitusiyalı monarxiyalarla da müqayisəyə gəlmirlər – ağır da olsa, bunu etiraf etmək və dərindən köks ötürmək lazım gəlir...

Amma Qarabağ münaqişəsinin həllinin nəyə və necə təkan verəcəyi hələ mübahisəli qalır. Təbii ki, onun həlli bütün hallarda arzulanandır və hər hansı siyasi konyunktura burada həlledici ola bilməz. Problem çözülsəydi, insanlar münaqişənin üzücü nəticələrindən qurtular, bir az toxtaqlıq tapardılar.

Daxili dəyişikliklərə gəlincə, təəssüf ki, xarici təcavüzün dəf olunması heç də bütün hallarda ölkə içində ciddi dəyişikliklər doğurmur. Ona qalsaydı, xarici təcavüzü dəf edən bütün ölkələr dərhal demokratikləşərdilər. Amma təəssüf ki, belə olmayıb və indi də olmur.

Düzdür, Şərq ölkələrini nəzərə almasaq, çox az sayda avtoritar siyasi sistem qalıb və onların heç də hamısı xarici təcavüzə məruz qalmayıb. Ancaq Azərbaycanla bağlı bir detal da var ki, onu qeyd etməmək olmur.

Hakimiyyət bir çox hallarda ölkədə demokratikləşmə prosesinin yubanmasını məhz təcavüz amili ilə izah edir və dünyanı bir milyona yaxın qaçqının və məcburi köçkünün hüquqlarına «biganə» qalmaqda suçlayır. Problemin həlli, heç olmasa, bu bəhanələri aradan qaldırar, dünyadakı «ikili standart»lar haqqında bitib-tükənməz siyasi «nəğmə»lərə son qoyardı...

PROBLEMLƏRİ HƏLL ETMƏK HAKİMİYYƏTİN BORCUDUR

Söz ki siyasi bəhanələrdən düşdü, gərək, bir məsələni də qeyd edək. Düzdür, adi insanların, xüsusən siyasətdən uzaq olanların fikrincə, Qarabağ problemini həll etsə, indiki siyasi qüvvə istədiyi qədər hakimiyyətdə qala bilər, hətta buna haqqı da çatar. Amma onlar belə bir məqamı unudurlar ki, təcavüzün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, əslində, hakimiyyətin konstitusion öhdəliyidir. Üstəlik, bundan ötrü 23 il hakimiyyətdə qalmaq da tələb olunmur. Dünyanın bütün ölkələrində (təbii ki, Şərq ölkələrini çıxmaq şərtilə!) hakimiyyətə verilən etimad limiti qeyri - məhdud deyil.

Düşünmürəm ki, bu gün ən intellektual insan da Azərbaycanda prezident seçkisiylə bağlı bir vaxtlar mövcud olmuş 2 dəfəlik məhdudiyyətin götürülməsini əsaslandıra bilsin. Maraqlıdır ki, bu yaxınlarda xarici jurnalistlərdən birinin bu xüsusda sualının qarşısında rəsmi Bakı, faktik olaraq, aciz qalmış, ciddi arqument gətirə və başqa ölkələrdən misal göstərə bilməmişdi...

Elə bu səbəbdən bir daha deyirəm ki, Qarabağ münaqişəsinin həllinin mümkün nəticələrini soruşanlar bir məsələdə haqlıdırlar – mövcud avtoritar siyasi sistem çox qüsurludur və insanları heç də xarici təcavüzdən az yormur, onları az incitmir, az bezdirmir...

Sonda bir detalı da qeyd etməli olacağam. Politologiyada dəyişikliklərin bir forması kimi, «yuxarı»dan islahatları da göstərirlər. Amma indiki hakimiyyətin özündə iradə və güc tapıb bu yolu tutacağına inanmıram. Axı cəmiyyətdən çox uzaq düşüb. Hətta o qədər uzaq düşüb ki, onu anlamağa da çətinlik çəkir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG