Keçid linkləri

-

DEYİRLƏR Kİ, GÖRÜŞ OLACAQ...

Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyi özlərinin başlıca missiyalarından biri sayır və hər dəfə belə görüşlər ətrafında, bir növ, ajiotaj yaratmağa çalışırlar.

Bu görüşlər bir nəticə verməsə də, düşünülür ki, Qarabağ hərbi teatrındakı duruma və tərəflərin siyasi mövqelərinə təsirsiz də deyil.

Qərəz, rəsmi Bakı son anadək Azərbaycan prezidentinin qatıldığını təsdiqləməsə də, bu gün Vyanada prezidentlərin daha bir görüşü baş tutmalıdır. İşdir-şayət, zəlzələdən, ya vəlvələdən həmin görüş baş tutmasa, o zaman həmsədr ölkələrin xarici işlər nazirləri münaqişədən doğan problemləri dartışacaqlar.

Əslində, müzakirəlik çox şey var. Aprel çox gərgin keçib və bu gərginlik mayda da davam edir.

O üzdən, Moskvada atəşkəslə bağlı imzalanmış son razılaşmanın gedişini təftiş etmək zərurəti doğub.

Üstəlik, Azərbaycanın «Yenilənmiş Madrid prinsipləri», Ermənistanınsa «Kazan təklifləri» adlandırdıqları paketlərin də müzakirəsinə ehtiyac var.

TƏRƏFLƏRDƏN BİRİ TƏSLİM OLMASA...

Doğrusu, gözləmirəm ki, ciddi bir nəticə olacaq. İndi münaqişə daha çox Rusiyanın diqqət hədəfindədir. Bu səbəbdən, Rusiya mediasında həmin mövzuya dair yazılanların hamısını oxumağa çalışıram. Düşünürəm ki, Rusiyanın münaqişəni hansı şəkildəsə çözmək təşəbbüsləri varsa, bu təşəbbüslər mediaya da sızmalıdır. Amma heç nə təxmin etmək olmur...

Azərbaycan, Ermənistan və separatçı Dağlıq Qarabağın hərbi arsenalının detallarınadək təfsilatını verən Rusiya mediası problemin çözülməsinə işarə ola biləcək, kiçik də olsa, ümid vermir. Bu ölkə təhlilçilərinin yazdıqlarını bir cümlədə belə ifadə etmək olar: Bölgəyə sülh yalnız tərəflərdən birinin tam təslim olması nəticəsində gələ bilər...

Amma özləri də etiraf edirlər ki, yaxın illərdə bunun ehtimalı olduqca azdır və demək olar, mümkün deyil.

Deməli, sülh də olmayacaq. O üzdən olmayacaq ki, Rusiya münaqişə iştirakçılarının hərbi arsenalını təsadüfən diqqətdə saxlamır. Bunu o səbəbdən edir ki, özünün dediyi kimi, tərəflər arasında hərbi balansı saxlaya bilsin, Azərbaycana silah satsın, Ermənistana isə onu ya hədiyyə etsin, ya da kreditlə versin...

HƏR HALDA, MÜNASİBƏT BİLDİRİLMƏLİDİR...

Bəs onda görüşlər nəyə lazımdır? Bircəbu sualın cavabını bilsəydim!..

Əvvəldə də yazdım ki, həmsədrlər bunu özlərinin əsas işi sayırlar. Bir tərəfdən onları anlamaq olar. Müəyyən təkliflər hazırlanır və bu təkliflər xarici işlər nazirləri, ekspertlər səviyyəsində illərlə müzakirə olunur. Prosesin başa çatması üçün prezidentlərin görüşü baş tutmalı və onların təkliflərə münasibəti bilinməlidir...

Əslində, hər şey çox qəlizdir və rusiyalı təhlilçilər bəlli mənada haqlıdırlar. Amma bir iş də var ki münaqişənin həllinin «Qordi düyünü»nə çevrilməsi həm də Rusiyanın bölgədəki siyasətinin nəticəsidir...

Azərbaycan bu vaxtadək Dağlıq Qarabağa dünyada təsadüf olunan ən böyük muxtariyyət modellərini təklif edib. Amma Ermənistan razılaşmayıb, deməli, özü etiraf etsə də-etməsə də, Dağlıq Qarabağın müstəqilliyində israrlıdır.

Münaqişə mərhələ-mərhələ çözülsə belə, sonda Dağlıq Qarabağın statusu haqqında referendum keçirilərsə və həmin referendumda onun müstəqilliyi səsvermə predmeti sayılarsa, Azərbaycan buna razı olacaqmı? Və yaxud Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə müəyyənləşdirilsə, Ermənistan bunu qəbul edəcəkmi? Etiraf edək ki, olduqca çətin suallardır...

TƏMƏL PRİNSİPLƏR DƏYİŞMƏSƏ...

Bəli, hamı deyir ki, mövcud status-kvo dəyişməlidir. Amma necə? Heç kim bu sualın cavabını vermir.

Beləcə, vaxt uzandıqca Qarabağ «kələfinin» ipləri daha da dolaşır, onların açılması çətin ağrılı-əzablı məşğuliyyətə çevrilir.

İndi belə olan halda prezidentlər görüşüb nə edəcəklər? Əvvəldə də dedim ki, böyük hesabla, heç nə!.. Sadəcə, Minsk Qrupunun daha bir cəhdinə nöqtə qoyulacaq və təkliflər paketi ATƏT-in arxivinə göndəriləcək. Bununla da Minsk Qrupu bir dönəm üçün işini bitmiş sayacaq...

Bir neçə dəfə yazmışam və bir daha yada salıram ki, belə vəziyyətin yaranması iki amilin nəticəsidir. Birincisi, sülhə məcburetmə mexanizmləri yoxdur. İndi yaddaşımı qurdalayıb digər münaqişələrin necə həll olunduğunu xatırlamağa çalışıram. Qənaətim bu olur ki, yalnız və yalnız danışıqlarla, çox güman, heç bir silahlı münaqişə çözülməyib.

İkincisi, neçə illərdir, hamı Azərbaycanla Ermənistan arasında simmetriyanı saxlamağa çalışır, hətta bir ölkəyə səfər edəndə o birisinə də baş çəkirlər ki, «simmetriya» pozulmasın. Məncə, çox böyük yanlışlıqdır. Axı tərəflərdən biri təcavüzə məruz qalan, o birisi isə təcavüz edəndir...

Nə qədər ki münasibət simmetrik olacaq və sülhə məcbur etməkdən ötrü təcavüz edən tərəfə təzyiq olmayacaq, status – kvo dəyişməyəcək və problemin neçə illik buzu əriməyəcək.Üstəlik, irimiqyaslı sayılmasa da, lokal hərbi toqquşmalar sürəcək, mülki əhali əziyyət çəkəcək və biz yazarların da yazıları giley notları ilə zəngin olacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG