Keçid linkləri

-

DAHA ETİBARLI TƏRƏFDAŞ SAYILIRDI

Əvvəlcə onu deyim ki, daha etibarlı tərəfdaş sayılan Almaniyanın da qondarma erməni «soyqırımı»nı tanıması bizləri, gerçəkdən, dilxor duruma saldı. Məsələ bundadır ki, bilmirəm hansısa səbəbdən, amma Almaniya ilə Türkiyə arasında daim daha ilıq münasibətlər olub. Tarixin daha dərin qatlarındakı təmaslar bir yana, hətta on illər əvvəl ölkə işçi qüvvəsinə ehtiyac duyarkən başqa birini deyil, məhz Türkiyəni seçmiş və ona üz tutmuşdu. Almaniyadakı böyük türk diasporu da elə bu «iş köçü»ndən sonra sürətlə formalaşmağa başlamışdı.

Üstəlik, indi istər Almaniya, istərsə bütövlükdə Avropa miqrant probleminə görə Türkiyədən asılı vəziyyətdə idi.

İndi Atlantik Blokunda soyuq savaş və ilk postsovet dönəmlərindəki monolitlik və sözübirlik yoxdur. Bəlkə bu gün baş verənlərin bir səbəbi də budur. Bu gün Avropa özünü Türkiyəsiz də güclü sayır. Yalnız ABŞ blokda Türkiyəyə, bir vaxtlar olduğu kimi, yenə gözə çarpacaq qədər dəyər verir. Bu da daha çoxNATOdaxilindəki tarazlığı saxlamaq istəyindən qaynaqlanır. Kürd məsələsinə, Yaxın Şərqin başqa problemlərinə baxışları haçalansa da, ABŞ əvvəlki soyuq savaş dönəmindəki kimi, yenə Türkiyə ilə sıcaq münasibətləri qorumağa çalışır. Bir daha deyirəm ki, NATO-da daxili tarazlıq baxımından buna ehtiyac duyulur...

«Bəs Avropanın Türkiyəyə bugünkü ehtiyacı hansı amillə şərtlənir» sualının da cavabı aydındır. Birmənalı demək olar ki, Suriyadakı savaş və qaçqınlar problemiylə. Vur-tut, bir neçə ay an öncə Avropa ölkələri, o cümlədən Almaniya buna görə Türkiyəyə minnətçi düşmüşdü. Avropanın Türkiyəyə maliyyə yardımı göstərəcəyi, vizasız gediş-gəlişə keçiləcəyi də bu kontekstdə danışıldı. Axı bu gün Türkiyə, əslində, Avropa ilə Suriya arasında tək sipərdir. Nədən Almaniya bunu nəzərə almadı? Nədən bu ölkə qondarma erməni «soyqırımı»nı tanıyanların sırasına qoşuldu?

AVROPAYA GÜCLÜ TÜRKİYƏ GƏRƏK DEYİL

Birmənalı şəkildə demək çətindir. Aydın olanı budur ki, Avropaya güclü Türkiyə lazım deyil. Bunu duymaq üçün dərin politoloji dəlillərə də ehtiyac yoxdur, - hər şey göz önündədir.

Üstəlik, dünya o qədər ziddiyyətli, o qədər təzadlıdır ki, istənilən baxış və yanaşmanı «əsaslandırmaq», onu«doğrultmaq» mümkündür. Avropalıların dediyi odur ki, guya onlar indi insan haqlarına və özəlliklə azlıqların hüquqlarına əvvəlkindən daha sayqılıdırlar.

Almaniyanın özü yəhudi soyqırımının – «Holokost»un törədicidir. Bunu hamı çox yaxşı bilir. Məhz bundan çıxış edən bəzi alman siyasət adamları deyirlər ki, biz öz suçumuzu boynumuza alırıq, Türkiyədə belə davranmasın?! Di gəl, elə məsələ də ondadır ki, bu böyük faciələr arasındakı bənzərlikuydurma ilə gerçək, yalanla doğru və nağılla reallıq arasındakı bənzərlik qədərdir...

HEÇ DƏ HƏMİŞƏ MƏNTİQ TAPMAQ OLMUR

Həm də, bilirsiniz, problem nədədir? Bəzən dünya siyasətində məntiq axtarmaq müşkül məsələdir. Uzağa getmirəm, elə Azərbaycanla bağlı bir detalı deyim. A.Merkel-dən o üzdən xoşlanmışdım ki, Qarabağ münaqişəsində Rusiyanın roluna incə işarəni ilk dəfə onun dilindən eşitmişdim. Axı bircə işarə, bircə eyham da on illərlə dilə gətirilməyən həqiqəti səsləndirmək baxımından çox önəmli idi. Amma bundan sonra, özü də dərhal sonra nə baş verdi? Almaniya parlamenti Azərbaycanda dini azlıqların hüquqlarının pozulmasına dair qətnamə çıxardı! Təsəvvür edirsiniz, guya Azərbaycanda dini haqq və hüquqlar pozulur!..

Belə gerçəklər adamı dünya siyasətində ciddi məntiq axtarmaqdan vaz keçirir. O mənada yox kiheç bir məntiq yoxdur. Yox, məsələ bundadır ki, istər Almaniya, istərsə İngiltərə və Fransa kimi ölkələr bəzi qaranlıq işləri görmək üçün münbit müstəvidir. Yetər ki fəallıq göstərən və buna illərlə çalışan olsun. Nə Almaniyada, nə Fransada, nə də başqa bir ölkədə heç kim durub Osmanlı dövlətinin tarixini, bu ölkədə nələr baş verdiyini araşdırır. Ən cəfəng, ən absurd ittihamın özünə dəstək tapmasına bəlli bir ermənipərəst qrupun olması yetir...

Xanım A.Merkel-ə gəlincə, o, yenə oyun oynayıb, – qondarma «soyqırımı» qətnaməsi qəbul edilərkən, deyilənə görə, parlamentin iclasına qatılmayıb...

PREZİDENT ALMANİYAYA SƏFƏR ETMƏYƏ BİLƏRDİMİ?

Belə vəziyyətdə prezident İ.Əliyevin Almaniyaya səfərinə təzadlı münasibət sərgiləndi. Hətta belə fikirlər də səsləndi ki, ən düzgün yol - Almaniyaya heç getməmək idi...

Düzdür, deyilən qətnamənin qəbulundan sonra Almaniyanın obyektiv ölkə imici sual doğurur, amma... Amma Almaniya indi ATƏT-ə sədrlik edir və bu gün Qarabağ danışıqları məhz ATƏT-in çətiri altında və bilavasitə onun təşəbbüsü ilə gedir.

Az əvvəl Ermənistan prezidenti də Almaniyaya səfər etmişdi. Hətta orada Rusiyadan şikayətlənməyi də yaddan çıxarmayıb demişdi ki, bu ölkə Azərbaycana müasir silahlar satır...

Bu baxımdan, Azərbaycan prezidenti Almaniyaya səfər etməyə bilməzdi. Ən azı ona görə ki, indi hər iki münaqişə iştirakçısındanbiri o birini aprelin ilk günlərində baş vermiş hərbi qarşıdurmanın təşəbbüskarı kimi qələmə verməyə və onun beynəlxalq təşkilatlarda neqativ imicini yaratmağa çalışır. Azərbaycanın beynəlxalq dialoqdan qaçması Ermənistanın ideoloji maşınına yardımçı ola bilərdi...

Demək, səfər vacib idi. Üstəlik, hamı eyni planetdə yaşayır və siyasətdə küsüb kənara çəkilməklə heç nə çözülmür. Gərək daim ünsiyyət saxlaya və inandırmağa çalışasan. Elə bu üzdən yenə deyirəm ki, Almaniyaya səfər düzgün addımdır. Hətta bunun Azərbaycan və Türkiyəyə bir faydası dəyməsə də...

HƏR ŞEYİN BİR SONU DA OLUR...

Bəs sonra nə olacaq? Düşünmürəm ki, Türkiyə ilə Almaniyanın münasibətləri tam böhran həddinə çatacaq, ən azı ona görə ki, Fransa ilə bağlı belə olmadı. Məsələ, tez ya gec, sovuşacaq. Əvvəlki «qətnamə»lərin nə təsiri olubsa, bunun da o qədər olacaq...

Hələ ki, heç kimin Türkiyəni nəyəsə məcbur etmək fikri yoxdur. Güman ki, indən belə də olmaz. Təbii ki, müəyyən soyuqluq duyulacaq, amma düşünmürəm ki, bu soyuqluq buza dönəcək və iki ölkə əlaqələrini tam kəsəcək. Aralarında on milyardlarla ticarət dövriyyəsi olanların belə davranmayacağı təbiidir...

Bəs daha sonra nə etməli? Nümunə elə Almaniyanın özündədir – müharibəni uduzdu, bölündü və ilk soyqırımı törədən ölkə kimi tanındı (hərçənd, Türkiyədən fərqli olaraq, Almaniya həqiqətən soyqırımı törətmişdi!) və təzminat ödəməli oldu... Amma son nəticə nə oldu? Almaniya yenə də Almaniyadır. Həmişə olduğu kimi, güclü və dinamik. Türkiyə də belə ola bilər və düşünürəm ki, olmalıdır da. İrəli getməkdən və yüksəlməkdən yaxşı yolmu var?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG