Keçid linkləri

Deyəsən, zaman da, insanlar da ölkənin ən böyük kitabxanasından və kitablarından üz çeviriblər

Ramin Deko

19 iyun, saat 13:00... Axundov adına kitabxananın önü... İzdiham yaşanır. Ən üstdəki pilləkəndən üzü aşağı adamlar boy sırasıyla düzülüblər - balacalar yuxarıda, böyüklər aşağıda. Bu kitabxana sonuncu dəfə nə vaxt belə insan seli görüb, heç kim xatırlamır. Olsa-olsa, ötən əsrin 90-cı ilində - müstəqillik hərəkatının zirvə çağında bu qədər insan toplaşıbmış...

Əllərdə kitab deyil, telefon var

Yarışın başlanmasına, maşınların şütüməsinə hələ bir saat var. Adamların sayı durmadan artır. Bir kimsənin əlində kitab yoxdur. Hərədə bir telefon var. Dur demədən şəkil çəkir, çəkdirirlər. Bu azmış kimi, yanlarından dayanan, tanımadıqları adamlardan rica edib əlavə bir-iki görüntü də yaddaşa hopdururlar. Ölkənin ən böyük - içində on minlərlə kitab, jurnal olan kitabxanada isə işçilərdən savayı heç kim gözə dəymir. Qarderoblar və asılqanlar bomboş - oxucunun üst geyimini, çantasını gözləyir. Ancaq gələn yox. Hamı bayırda. Az sonra tamaşa başlayacaq... Budur vaxt tamam olur. Havada karusel kimi dövr edən helikopterin səsi eşidilir. Çöməlib dayananlar ayağa qalxır, insan arasından yolu görməyənlər övladlarını başları üzərinə qaldıraraq, maşınların gəlməsinə səbirsizlənirlər.

Cəmi üç saniyə...

Maşınların kitabxananın önündən ötməsinə 3 saniyə bəs edir. İnsanların üzündə anidən bir təbəssüm yaranır və yerindəcə yox olur. Maşınlar gedir, hamı iş başına qayıdır - kimi şəkil çəkdirir, kimi də mülahizələrini yürüdür.

Axundov adına kitabxananın önü

Axundov adına kitabxananın önü

Gün insanların təpəsinə döyür, ancaq heç kim yerindən tərpənmir. Əksinə, adamların sayı durmadan artır. Pulsuz tamaşaya nəzarəti gücləndirmək üçün əraziyə əlavə polislər cəlb olunur. Ancaq hamı durumundan məmnun görünür. Bu, onlar üçün bir istirahətdədir.Vaxt tamam olur - bir neçə dəqiqə sonra maşınlar yenidən kitabxananın önündən şütüyürlər. Camaat yenə əvvəlki hərəkətlərini təkrarlayır. Ayağa qalxıb 3 saniyəlik görüntüyə ürək döyüntülərinə qulaq asa-asa, tamaşa edirlər...

Və beləcə bir saat tamam olur. Pilotlar istirahətə gedir. Bir də üç saatdan sonra yarış davam edəcək.

Kitabxanadan üz çevirənlər

Kitabxananın önündə seyrəklik yaşanır. Bir qismi dağılışır. Gedənlər öz yerlərini yanındakılara əmanət edir...

...Üç saatın tamamına az qalmış, kitabxanının önü yenidən dolub-daşır. Yerini tərk edənlər, kimlərəsə təhvil verənlər geri alırlar – biletsiz, sənədsiz-sübutsuz.

Hamı həyəcanlı görünür. Üç saniyəlik maşın şütümələrini dişlərini bir-birinə pərçimləyərək, dodaqlarını dişləyərək gözləyirlər. Boyu kiçik olanlar yuxarıda, hündürlər aşağıda, körpələr də atalarının çiyinlərində - əlləri havada dayanıblar.

Yarış başlayır və bir saat sonra bitir. Adamlar dağılışırlar. Heç kim qarşısında dayandığı kitabxanaya sarı boylanmır. Zaman da, insanlar da ölkənin ən böyük kitabxanasından və kitablarından üz çevirib.

***

Kitabxananın işçiləri dəhlizdə var-gəl edirlər. Kimisi gözünü tavana zilləyib, kimisi də tez-tez saatına baxır - vaxtın yetişməsini, işin sonunu gözləyir. Ancaq bilmirlər ki, Axundov adına Milli Kitabxanada zaman çoxdan bitib. Ya da zaman qatarı, binanın qarşısında şütüyən o avtomobillər kimi, illər öncə elə həmin sürətlə gedib.

Şərhləri göstər

XS
SM
MD
LG