Keçid linkləri

Təcili xəbərlər

Dünyəvi müxalifətə "Fatihə"


Altay Göyüşov
Altay Göyüşov

Məsələnin məğzi budur ki, sekulyar, demokratik müxalifət ancaq leqal şəkildə, bunun üçün müvafiq şəraitin mövcud olduğu bir mühitdə fəaliyyət göstərə bilir.

Azad fəaliyyət, təbliğat, azad söz mühiti qapadılırsa, demokratik-sekulyar müxalifət sadəcə yoxa çıxır. Çünki qeyri-leqal mübarizə üçün adekvat metod və vasitələri yoxdur. Xüsusən Azərbaycanda sekulyar müxalifət birmənalı olaraq radikal mübarizə üsullarından imtina edib.

...necə deyərlər, müqəddəs yer boş qalmır. Müsəlman ölkələrində bu cür şəraitdə demokratik-dünyəvi müxalifətin yerini dini müxalifət tutur.

Fəqət, necə deyərlər, müqəddəs yer boş qalmır. Müsəlman ölkələrində bu cür şəraitdə demokratik-dünyəvi müxalifətin yerini dini müxalifət tutur. Azad mühitin qapadılması sekulyar-demokratik müxalifəti yoxa çıxarda bilir. Amma dini müxalifətin fəaliyyət mexanizmləri elədir ki, o, azad demokratik şərait olmayanda da fəaliyyət göstərməyi bacarır, bu dəfə qeyri-leqal şəkildə.

Basqılar, əzabkeş obrazı onu daha da gücləndirir, mesajları isə daha bəsitdir. Sekulyar demokratik müxalifət maarifçilik və izah tələb edən mübarizə yolundadır. Məsul, seçilmiş hökumət, qanunun aliliyi və sairə müvafiq ideologiyalarına uyğun bəsit tələblərini də camaata izah etməli, mənfəətlərini, xalq, cəmiyyət üçün lüzumluluğunu başa salmalıdır.

Dini müxalifət isə dindar olub olmamasından asılı olmayaraq kütləyə sadəcə ədalətdən, Allahdan danışır, "zalıma" lənət oxuyur, xalqın minillik etiqadına və inancına əsaslanan sentiməntlərinə pafosla xitab edir, çox bəsit anlaşılan populist vədlər verir. Bu zaman açıq meydan, azad media olmasa da, bu cür bəsir mesajların ötürülməsi məişət səviyyəsində asanlıqla baş verir.

Dünyəvi savadın, təhsilin tədricən öldüyü, modernləşmənin axsadığı yerdə isə bu cür populist xitablar daha tez və daha çox tərəfdar toplayır.

Avtoritarizmin qanuna dayanmayan gücü, xüsusi mülkiyyətə, ləyaqətə hörmət qoymayan zoru, iqtisadi tənəzzülə səbəb olan, ifrat sosial bərabərsizlik yaradan korrupsiyası şəraitində Allah adı ilə bəsit ədalət çağırışı təbii rezonans doğurur. Xitab edənin minillik adət-ənənəyə əsalanan şüarları, fikirləri, pafosu ona qarşı rəğbət yaradır.

Dünyəvi savadın, təhsilin tədricən öldüyü, modernləşmənin axsadığı yerdə isə bu cür populist xitablar daha tez və daha çox tərəfdar toplayır.

Bir sözlə, dünyəvi, demokratik müxalfətin fəaliyyət göstərə bilmədiyi, zəiflədiyi basqı mühiti, dini müxalifət üçün güclənmək, genişlənmək imkanları açır.

Yarıməxfi fəaliyyət öz növbəsinfə rejimlərin onlara nəzarət imkanlarını məhdudlaşdıır. Rejim dini, dindarı basqı ilə açıq səhnədən uzaqlaşdırdığını düşündüyü halda, altda daha dərin və nəzarət edə bilməyəcəyi proseslərə yol açır.

Buna da bax: 'Nardaran işi'ndə cəmi həbs olunanların siyahısını açıqlandı

Dəfələrlə yazmışdıq ki, keçən il ölkə miqyasında bəlkə də 1920-1930-cu illərdən bu tərəfə Aşuranın ən izdihamlı təziyyə mərasimləri keçirilmişdi. Aydındır ki, bu hal mövcud hakimiyyəti narahat etməyə bilməzdi. Gözlənilirdi ki, hökumət bu ilin Aşura mərasimlərinin izdihamının artmasının qarşısını almaq üçün müəyyən tədbirlərə əl atacaq. Belə də oldu. Keçən ildən etibarən dini şüarların, simvolların məscidlərdən kənarda yerləşdirilməsinin qadağan olunmasından, ibadətgahlarda kameraların quraşdırılmasından tutmuş cəzaların sərtləşdirilməsinə, yürüşlərin qadağan edilməsinə kimi ən müxtəlif yeniliklər, məhdudiyyətlər tətbiq olundu. Bütün bunlar, sözsüz ki, gözlə müşahidə oluna biləcək artımın qarşısını alsa da, bu Aşuradakı öz müşahidəmə əsasən deyə bilərəm ki, ümumi trendin qarşısını almadı. Qarşısını alacağını düşünmək də sadəlövhlük olardı. Amma bütün bu inzibati metodlara rəğmən, iştirak mən gözlədiyimdən də artıq oldu.

Ölkədə iqtisadi tənəzzülün, sosial problemlərin dərinləşdiyi, modernləşmənin durduğu, siyasi iqtisadi islahatların aparılmadığı bir şəraitdə proses daha da sürətlə davam edəcək. Basqı sadəcə gərginliyi artıracaq, problemi aradan qaldırmayacaq.

...Azərbaycanın 100 illik tarixində ilk dəfə olaraq, dünyəvi müxalifətin səhnədən sıxışdırılması ilə dini cərəyanların ana müxalifətə çevrilməsi perspektivi açılır.

Qısası, dediyim odur ku, 25 illik müstəqillikdən sonra yeni dövrə daxil oluruq. İki dəfə Rusiya imperiyası çöküb, bir dəfə 1917, ikinci dəfə 1991-ci ildə. Hər iki halda müsəlman cəmiyyətlərin mütləq əksəriyyətindən fərqli olaraq Azərbaycanda sistemə müxalif olaraq meydana çıxan aparıcı qüvvələr sekulyar-dünyəvi olub. İndi isə Azərbaycanın 100 illik tarixində ilk dəfə olaraq, dünyəvi müxalifətin səhnədən sıxışdırılması ilə dini cərəyanların ana müxalifətə çevrilməsi perspektivi açılır. Belə müxalifət isə tarixdən də göründüyü kimi, həmçinin, mübarizə üsulları ilə də fərqlənir. Yenə də dünyada gözümüzün qabağında gedən proseslərə baxaraq deyə bilərik ki, ölkənin konfessional cəhətdən müxtəlifliyi perspektivi daha da mürəkkəbləşdirir.

Bu hal ölkəni demokratikləşdirmək səylərimizdə uğursuzluğumuzun məntiqi nəticəsidir və ölkənin gələcəyi üçün yaxşı heç bir şey vəd etmir. Tam əksinə, iqtidarın fəxr etdiyi yeganə nəsnə olan stabillik də əslində, ola bilər ki, çıxa bilməyəcəyi imtahana çəkilir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG