Keçid linkləri

Təcili xəbərlər

Bir daha brend xəstəliyi barədə


Təxminən bir il əvvəl bir yazıçı dostumla ikimiz də qərar verdik ki, şəhərə çıxıb, ayaqqabı alaq. Təsadüfən onun da, mənim də mövsümə uyğun gələn ayaqqabılarımız köhnəlmişdi. Birlikdə şəhərə çıxdıq. Ona da, mənə də ayaqqabını xeyli axtardıq. Ikimizin də zövqümüzə uyğun olan ayaqqabıların qiyməti cibimizə uyğun gəlmirdi. Biz bəyəndiyimiz ayaqqabılar baha olurdu, ucuz ayaqqabıları da biz bəyənmirdik. Onu da deyim ki, bəyəndiyimiz ayaqqabılar biz istədiyimiz qiymətdən çox yox, 20-30 dollar artıq qiymətə olurdu. Dostumla zarafatlaşdıq ki, bunlar da adi ayaqqabının altına 3 rəqəmli qiyməti necə rahatlıqla yazırlar...

Zarafatlaşa-zarafatlaşa şəhəri gəzirdik. Kefimiz əla idi. Ayaqqabını da bəhanə eləmişdik. Mən öz kişi, o öz qadın dostlarının yüngülvari qeybətini edə-edə dükanlara baxırdıq. Istəyimizə uyğun ayaqqabı tapa bilməməyimiz bizi bir damcı da olsun, narahat etmir, kefimizi pozmurdu.

Bayaq narazı qaldığımız üçrəqəmli qiymətlər çox şükürlü imiş. Burda ən boz, ən gözdən-könüldən uzaq dayanan ayaqqabının qiyməti 4 rəqəmlə başlayırdı.

Qəfildən qarşımıza bir ayaqqabı dükanı çıxdı. Bütün bahalı brendlərin dükanı kimi, bu dükanın da üzündən zəhrimar yağır, bütün görünüşü, dəm-dəskahı ilə sadə adamları əzməyə çalışırdı. İçəri girdik. Dəbdəbəli, daş-qaşlı vitrinlərdə ayaqqabıdan daha çox nadir tarixi eksponat kimi dayanan ayaqqabılara, daha sonra qiymətlərinə baxdıq. Bayaq narazı qaldığımız üçrəqəmli qiymətlər çox şükürlü imiş. Burda ən boz, ən gözdən-könüldən uzaq dayanan ayaqqabının qiyməti 4 rəqəmlə başlayırdı. 1223, 1682, 2840 və s...

Dostumla ayaqqabılara, daha sonra bu ayaqqabıları ayağına geyinib yoxlayanlara, bir, bəzən iki cüt ayaqqabının pulunu kassada ödəyənlərə baxdıq. Dostum dedi ki, Günel, istəyirəm, gedim bu adamlardan müsahibə alım. Soruşum ki, bacı, qardaş, sən kimsən, nəçisən, nə işlə məşğulsan? Sən neyləmisən, necə bir həyat yaşamısan, nə iş görmüsən ki, 4, 5 rəqəmli qiyməti olan ayaqqabını belə rahatlıqla ala bilirsən? Bu necə ayaqqabıdır ki, sadə bir adamın 3, 4, 5 bəzən lap 6 aylıq maaşını ona verə bilirsən? Yəni bu doğrudanmı ayaqqabıdır, yoxsa həm də paltaryuyandır, qabyuyandır, tozsorandır? Əgər tozsoran, paltaryuyan, qabyuyan deyilsə, bütün bu məişət texnikasının hamısının bir yerdə qiyməti olan pulu o ayaqqabıya niyə verirsən?

Buna da bax: Hakimiyyətlə “ürək söhbətləri”...

Dostumun bu sözlərinə, heyrətinə xeyli güldüm. Düşündüm ki, dostumun brend paltarların, ayaqqabıların əlahiddə keyfiyyətindən, dayanlqlığından, bir çox başqa məziyyətlərindən xəbəri yoxdur. Sadə adamdır, müəyyən keyfiyyətə və qiymətə öyrəşib, buna görə də, heyrətlənir. Həmin gün biz heç birimiz ayaqqabı almadıq. Düşündük ki, pulumuzu ürəyimizcə olmayan ayaqqabıya verincə, ürəyimizcə olan bir-iki dostu da dəvət edək, oturaq bir yerdə, yemək yeyək, vaxt keçirək. Doğrudan da, gözəl bir axşam keçirdik dostlarla. Ayyaqabı da elə köhnəsini geyindik.

Bir müddət sonra səfərə getdiyim şəhərlərdə qarşıma bir brend dükan çıxdı. Marağa girdim içəri. Dükanın dəbdəbəsi, təravətli gül-çiçəyi, dekoru, işıqları, adamın başına pərvanə kimi dolanan, çay-qəhvə təklif edən satıcıların paltarları adamın gözünü qamaşdırırdı. Bir don xoşuma gəldi. Donu mənim əvəzimə paltardəyişmə otağına apardılar. Satıcının biri belimi, biri ətəyimi, biri yaxamı düzəltdi. Bəh-bəhlə, minbir nəvazişli sözlərlə iltifat etdilər. Müraciətdə “madam”ın biri bir qəpik.

Biz o bahalı şeyləri alanda o dəbdəbəli dükanda yandırılan işığın, hər gün alınıb, səhər atılan gül-çiçəyin, satıcıların bahalı kostyumlarının, döşəmədəki mərmərin, bir sözlə o dəm-dəskahı təşkil edən hər şeyin pulunu da ödəyirik.

Bildim ki, bu həngamə boşuna deyil. Amma yenə də özümü tox tutdum. Donu götürüb kassaya getmək istəyirdim ki, satıcı “madam, neynirsiz” deyib, özü apardı. Kassada çıxan qiymət bizim yaşadığımız evin iki aylıq kirayəsi idi. Getdiyim tədbirdə gündəlik yeməyə verilən pulu, maaşımdan qalanı yığıb acığa donu aldım. Elə dedim ki, görəsən, bax indi bunun o biri paltarlardan fərqi nə olacaq?

Gəldim evə, bir az uyğun gələn iki tədbirə geyinəndən sonra donun qolunda da, belində də söküklər əmələ gəldi. Iki dəfə yuyandan sonra da döndü, oldu heç nədən fərqlənməyən əski parçası. Bu da brend paltar. Adını yazmıram ki, antireklam olmasın. Amma aldıqları pul haramxoşları olsun. O qədər pula, canlarına cəfa verib, heç olmasa, möhkəm tikiş vura bilərdilər.

Sonda düşündüm ki, axı biz o qədər pulu təkcə paltarın ya ayaqqabının özünə ödəmirik. Biz o bahalı şeyləri alanda o dəbdəbəli dükanda yandırılan işığın, hər gün alınıb, səhər atılan gül-çiçəyin, satıcıların bahalı kostyumlarının, döşəmədəki mərmərin, bir sözlə o dəm-dəskahı təşkil edən hər şeyin pulunu da ödəyirik. Nəticə etibarilə isə eqomuzun, “brend geyinmək”, “bahalı geyinmək” kimi ucuz kiçin zibilinə düşürük. Bəzən brend geyinməklə daha yuxarı sosial statuslu insanlarla bərabərləşmək istəyirik. İmkanımız olmayanda, o brendi, o bahalı şeyləri almaq üçün yeməyimizdən, əyləncəmizdən kəsirik, özümüzə korluq veririk. Hamısı da ona görə ki, “qabımız”, “upakovkamız” bahalı olsun.

Bəzən bu brend, bahalı, şıq yerlər azarı bizi dəbdəbəli restoranlarda bəzək-düzəkli, amma dadsız və doyumsuz yeməkləri yeməyə məcbur edir. Halbuki, hansısa sadə, dəbdəbəsiz kafedə dadlı, doyumlu, sağlam ev yeməkləri bişirilir. Bizsə o kafelərə getmirik, çünki orda chek-in eləmək, forslanmaq olmur.

Dünyanı gəzirsən, görürsən ki, elə uğurlu, varlı, vəzifəli insanlar var ki, brendlərə heç meyli yoxdur. Əyin-baş, ev-eşik, işlətdiyi əşyalar sadə. Ən sadə kafelərdə, restoranlarda yemək yeyirlər. Çünki o adamların eqosu ucuz və ac deyil. Ümumiyyətlə, bizimkilərin brendlərlə münasibətindən sonra əminliklə deyə bilərəm ki, adamların əynindəki paltarlar nə qədər bahalı olursa, insan kimi mahiyyəti o qədər ucuz görünür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG