Keçid linkləri

Təcili xəbərlər

Rəsulzadə kimindir?


Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd olunması üçün büdcədən 5 milyon manat ayrılıb.

Açığı, indiyədək Cümhuriyyətin qeyd olunan yubileyləri, - götürək elə 90, yaxud 95 illikləri, - onun 100-ci ildönümünün də necə keçiriləcəyini öncədən görməyə imkan verir.

Adı Cümhuriyyətin olacaq, dadı isə YAP-ın – yenə öz siyasi kurslarının alternativsizliyindən, 1993-cü ildəki qurtuluşdan, dünyaya günəş kimi doğmamızdan, regionun lider dövləti olmağımızdan basıb-bağlayacaqlar.

Adı Cümhuriyyətin olacaq, dadı isə YAP-ın – yenə öz siyasi kurslarının alternativsizliyindən, 1993-cü ildəki qurtuluşdan, dünyaya günəş kimi doğmamızdan, regionun lider dövləti olmağımızdan basıb-bağlayacaqlar.

Bu öz yerində.

Ancaq yazmaq istədiyim yalnız o da deyil.

Cümhuriyyətə büdcədən 5 milyon manat deyil, 5 qəpik xərcləmədən yubiley keçirmək olar.

Necə? Çox sadə:

İndiyədək yürüdülən siyasi xəttin kökündən yanlışlığını boynuna alaraq və ondan imtina olunduğunu bəyan edərək!

Siyasi məhbuslarsız, repressiyalarsız, çağdaş, modern dünyaya açıq bir ölkə olmaq yolunda gerçək addımlar ataraq!

Hüququn aliliyi üzərində heç bir gücün olmayacağına təminat verərək!

Hər kəsin haqlarına və azadlıqlarına sayğı duyulacağını sözdə deyil, əməldə göstərərək!

Bunların da tək şərti Azərbaycanda milli iradənin üstünlüyünə, azad, ədalətli, şəffaf seçki ilə xalqın iradəsinin hakimiyyətə yansımasına nail olmaqdır.

Əks təqdirdə Cümhuriyyətə 5 milyon deyil, 50 milyon, 500 milyon manatlıq bir büdcə ilə də yubiley keçirsən, nə fayda! Farsdan, tamaşadan başqa bir şeyə yaramaz.

Cümhuriyyətə ən dəyərli, ən qiymətli yubiley – Azərbaycanın yalnız nitqlərdə deyil, reallıqda, sözün həqiqi mənasında da demokratik bir rels üzərində hərəkət etməsinin önünü açmaqdan keçir!

Başda Rəsulzadə olmaqla Cümhuriyyəti yaradanların, qurucu babaların ruhunu sevindirməz, onların məzarlarında rahat uyumasına vəsilə olmaz.

Cümhuriyyətə ən dəyərli, ən qiymətli yubiley – Azərbaycanın yalnız nitqlərdə deyil, reallıqda, sözün həqiqi mənasında da demokratik bir rels üzərində hərəkət etməsinin önünü açmaqdan keçir!

Rəsulzadə demişkən...

Bu günlərdə saytlardan oxudum ki, yaptokrat deputatlardan biri Aydın Mirzəzadə açılqama verib, “Rəsulzadə yalnız müxalifətin deyil” deyib.

Əlbəttə, deyil.

Çünki ölkədə həqiqi müxalifətçiliyin çevrəsi çox daralıb, bu da ya dəhşətli repressiyaların sonucudur, ya da deputat mandatı, biznes imkanı və buna bənzər şirnikləndirmələrin.

“Müxalifət” maskası altında xeyli adamın, əldəqayırma qurumun nə ilə məşğul olduğunu hər kəs bilir.

Ancaq mövzumuz bu deyil.

Bunu sadəcə, ona görə yazdıq ki, Mirzəzadənin “Rəsulzadə yalnız müxalifətin deyil” sözlərinə haqq verməyimizin səbəbi aydın olsun.

Ümumiyyətlə, “Rəsulzadə kimindir” sualına konkret cavab vermək həm asandır, həm çətin.

Sonuncudan başlayaq – niyə çətindir?

Çətindir ona görə ki, Rəsulzadə, Cümhuriyyət kimi Azərbaycanın ən önəmli dəyərlərinə səmimi, içdən, qəlbən, prinsipial şəkildə bağlılıq məsələsində hər kəs istədiyi qədər dəqiq, birbaşa adlar, ünvanlar göstərə bilər, amma təminat verə bilməz. İllərin təcrübəsindən ağzımız çox yanıb. Odur ki, bunu tarixin, zamanın ixtiyarına buraxmaq daha doğrudur.

Rəsulzadə kimindir? – bu sualın cavabını hətta dəqiq bilməsək də, orası birmənalıdır ki, korrupsionerlərin, millətin sərvətinə öz malı kimi baxanların əsla deyil. Özünü hüququn, milli iradənin üstündə görənlərin qəti deyil...

Asandır, çünki Rəsulzadə kimindir? – bu sualın cavabını hətta dəqiq bilməsək də, orası birmənalıdır ki, korrupsionerlərin, millətin sərvətinə öz malı kimi baxanların əsla deyil.

Özünü hüququn, milli iradənin üstündə görənlərin qəti deyil.

Azərbaycanın azad, mədəni dünyanın bir parçasına çevrilməsini əngəlləyənlərin, onun adının beynəlxalq hesabatlarda, siyasi reytinqlərdə Afrikanın cəngəllik ölkələri ilə bir sıraya qoyulmasına səbəb olanların heç deyil.

Rəsulzadə və onun Cümhuriyyət davasındakı arxadaşlarının tək amacı vardı: Azərbaycanı demokratik dəyərlərə qovuşdurmaq, xalqa azadlığı bol-bol dadızdırmaq, insanlarımızı rəiyyətdən xalqa çevirmək!

Elə bir dövlət qurmaq ki, orada xalq öz taleyinin sahibi olsun, öz gələcəyini özü müəyyənləşdirsin.

Fikirlərini özgürcə dilə gətirə bilsin. Düşüncələrinə görə kimsə cəzalandırılmasın. Ədalətin tərəzisi doğru işləsin. Bir ovuc adam bütün xalq üzərində hökmran olmasın.

Rəsulzadə və Cümhuriyyət indi o adamlarındır ki, başda Məhəmməd Əmin olmaqla qurucu babaların bu ideallarının həyata keçməsini arzulayır, həmin idealların arxasınca yürüyür.

“İki vur iki”nin dörd etdiyinə şübhə ilə baxmaq olar.

Ancaq buna – heç cür!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG