Keçid linkləri

İran prezidenti Mahmud Əhmədinejat Novruz bayramı münasibətilə qonşu ölkələrin prezidentlərini ölkəsinə dəvət edib. Azərbaycan prezidentinə dəvətnamə məktubunu İranın Nəqliyyat və Rabitə naziri Reza Tahipur hələ fevralın 11-də Bakıya səfəri zamanı təqdim edib. Martın 27-28-də Tehranda dövlət başçılarının sammiti də keçiriləcək.

TEHRAN SARKİSYANLA YOLA DAVAM EDİR


Rəsmi Tehranın dəvətinə rəğmən Azərbaycan prezidenti İlham Əliyev Tehrana getmir. Bunun əsas səbəbi Tehrandakı tədbirə Ermənistan prezidenti Serj Sarkisyanın dəvət edilməsidir. Sarkisyan Tehranda Novruz bayramına dəvət edilən yeganə qeyri-müsəlman ölkənin prezidentidir. İlham Əliyevdən fərqli olaraq Sarkisyan Tehrana gedəcəyini bir neçə gün öncədən elan edib. Rəsmi Bakı isə tədbirə Baş nazirin müavini Elçin Əfəndiyevi göndərəcək. Bu, Tehrana gedəcək nümayəndə heyətləri içərisində ən aşağı rütbəli heyət sayılır.

Görünür, İlham Əliyev Tehranda erməni həmkarı ilə üz-üzə gəlmək istəmir. Bir var Moskvanın vasitəçiliyi ilə keçirilən görüş və danışıqlar, o cümlədən beynəlxalq tədbirlərdəki təmaslar, bir də var Novruz bayramında bir-biri ilə müharibə şəraitində olan iki dövlət başçısının bir yerdə gülüb-şənlənməsi.

Sarkisyan Tehrana dəvət edilməsəydi, Əliyev böyük ehtimalla İrana yollanardı. Hər halda, oradakılar elə kombinasiya qurublar ki, İlham Əliyev öz xoşuyla İrandakı tədbirə qatılmaqdan vaz keçsin. Çünki keçən ilin martında da Tehranda Novruz sammiti keçirilmiş və mərasimdə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyə rəhbərləri iştirak etmişdilər. Ermənistan prezidenti isə tədbirə dəvət olunmamışdı. Tehran bu il Sarkisyanı siyahıya əlavə edib və bu, səbəbsiz deyil.

İRANIN SİYASƏTİNİ TƏDQİQ EDƏN VARMI?

Tehran Azərbaycana qarşı Ermənistan kartını gücləndirməkdə davam edir. Başqa sözlə, İran-Azərbaycan münasibətlərində Ermənistan amili ağırlığını qoruyur. Tehranın təkliflərini Bakı qulaqardına vurur, Bakının təkliflərini isə Tehran qəbul etmir. Tehran Bakıya «Vizanı qaldırın» - deyir, Azərbaycan hakimiyyəti müsbət cavab vermir. Bakı Tehrana «Xəzərin statusunu qısa zamanda həll edək» - deyir, bu dəfə də İran hakimiyyəti dirənir. Bu yaxınlarda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İrana səfər etmişdi. O, Tehrana İran-Azərbaycan sərhədində yeni keçid məntəqələrinin inşa edilməsini və bu məntəqələrin sutka ərzində fəaliyyət göstərməsini təklif etmişdi. Cavabdan hələ xəbər-ətər yoxdur. Sərhəd məntəqələrində sıxlıq davam edir. İki ölkə arasında iqtisadi münasibətlər də yerində
Azərbaycan hakimiyyətinin ən zəif nöqtələrindən biri də İrana konseptual baxışın olmamasıdır
sayır.

Azərbaycan hakimiyyətinin ən zəif nöqtələrindən biri də İrana konseptual baxışın olmamasıdır. Qonşular içərisində Azərbaycana təhlükə mənbələrdən biri Tehran rejiminin siyasəti sayılsa da, ölkəmizdə İranın daxili durumunu və siyasətini peşəkar səviyyədə tədqiq edən mərkəz yoxdur. İran hakimiyyəti Azərbaycana qarşı siyasətini planlı şəkildə həyata keçirir. «Səhər» televiziya kanalının yayımı, Xəzərin statusunun uzadılması, Ermənistanla qurulan geniş siyasi və iqtisadi əlaqələr bu siyasətin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin İranla bağlı planlı siyasətindən danışmaq isə çətindir.

Ərəb ölkələrində olduğu kimi, bir gün İranda da demokratikləşmə prosesi sürətlənərsə və insan haqları ön plana çıxarsa, qonşu ölkədə çox böyük təlatümlər yaşana bilər. Ona görə də bu kimi ssenarilərin və onların mümkün nəticələrinin tədqiqinə ehtiyac var. Çünki İranda yaşanacaq mümkün təlatümlərin birbaşa Azərbaycana təsiri olacaq. Rəsmi Bakı Güney Azərbaycan problemiylə də ciddi maraqlanmır. Halbuki, bu amil gələcəkdə İrandakı dəyişikliklərin başlıca amillərindən birinə çevrilə bilər.

BAKIDA SƏNƏDSİZ YAŞAYAN GÜNEYLİLƏR


İran bir neçə ay öncə hicabla bağlı Azərbaycanın daxili işlərinə fəal müdaxilə etdikdə millət vəkilləri Milli Məclisdə buna kəskin reaksiya verdilər. Ancaq Azərbaycan parlamentində İranı hədələyən, güneyli soydaşlarımızı Tehranın Ermənistan siyasətinə qarşı fəal olmağa çağıran millət vəkilləri Bakıda yaşayan və mübarizələrini davam etdirən həmin o güneylilərin problemlərini həll etməyə tələsmirlər.

Bakıda yaşayan güneyli qardaşlarımıza rahat fəaliyyət göstərə bilmələri üçün Dövlət Miqrasiya Xidmətində doğru-dürüst sənəd verilmir. Onlar Bakıda adi telefonu belə başqasının adına almaq məcburiyyətindədirlər, övladları məktəbə gedə bilmir, sənəd olmadığından işə qəbul olunmurlar və s. Bunu müşahidə edən rəsmi Tehranın əlaltıları Azərbaycan türkünə işgəncə verərkən bəlkə də belə söyləyirlər: «Get Bakıya, sənədsiz-filansız yaşa, görüm necə yaşayırsan!...»

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG