Keçid linkləri

Evlənmək çətin, həm də məsuliyyətli işdir.
Gərək qarşı tərəfi yaxşı tanıyasan.
Güclü və zəif yönlərinə bələd olasan.
Lap rinqdəki kimi.
Zarafat deyil- bir ömür boyu başqa birisi ilə bu gözəlim dünyanı paylaşmalısan.

EVLİLİK- BİR ADAMLA ÖMÜR BOYU SÖHBƏTƏ HAZIR OLMAQ ANIDIR

Mən bu söhbətə hazıram!

Elə isə, de görüm, can Bakı, mənimlə evlənərsənmi?
Pardon! Söhbət şəxsdən deyil, şəhərdən gedir...
Təəccüblənməyin. Dünyada öz şəhərləri ilə evlənən yüzlərlə sakinlər var. O üzdən mən bu evliliyə qərar verdim.
ABŞ-ın Şimali Karolina ştatındakı Darem şəhərinin sakinləri ötən həftə öz yaşadıqları şəhərlə nikah mərasimi keçiriblər.
Tədbirdə evli və subay yüzlərlə Daremli iştirak edib.
Bu şəhərdə 228 min adam yaşayır.
Deyilənə görə, sakinlər şəhərlərini çox sevirlər.
Həm də buranı yaşamaq və ailə qurmaq üçün ideal yer sayırlar.
Nə xoşbəxt adamlardır Daremlilər...
Onlara paxıllığım tutdu.
Nə qədər qayğısız olasan ki, bir də öz şəhərinlə evlənməyə qərar verəsən!

DAREMDƏ VƏZİYYƏT NECƏDİR?


Görəsən, Daremdə vəziyyət necədir?
Orada iş tapmaq Bakıdakı kimi çətindirmi?
Görəsən, Daremdə mənzil almaq asandırmı?
Yoxsa Bakıdakı kimi bunun üçün bütün ömrünü yeməyib-içməyib pul toplamalısan?
Görəsən, Daremdə rüşvət alan varmı?
Yoxsa Bakıdakı kimi bütün məmurlar korrupsiya ilə mübarizəyə girişiblər?
Görəsən, Daremdə bir hökumət işçisinin evinə girən oğru 12 milyon pul apara bilərmi?
Yoxsa orada da Bakılı Elman müəllim demişkən «oğrunun yanında da başımız aşağıdır»-deyənlər var?

Görəsən, Daremdə insanlar özlərinin Fəvvarələr meydanına toplaşıb ürəkləri istəyəni qışqıra bilirlərmi?
Yoxsa Bakıdakı kimi onları üzü Bibiheybətə yollayırlar?
Görəsən, Daremdə fərqli düşünən gəncləri tutub həbsxanaya basırlarmı?
Yoxsa orada cibə narkotik atmaq dəbdə deyil?
Görəsən, Daremdə televizoru açanda oradan nə çıxır?
Yoxsa Bakıdakı kimi eyni üzlər-eyni sözlər baş alıb gedir ?
Görəsən Daremdə tarixi binalara münasibət necədir?
Yoxsa Bakıdakı kimi orada da bir oturuma bir məhəllədən 20-dək binanı yer üzündən silə bilirlər?
Görəsən, Daremdə adamlar xoşbəxtdirlərmi?
Yoxsa orada da Bakıdakı kimi insanların mısmırıqları yerlə gedir?

Görəsən, Daremdə...
Bir dəfə Daremdə...
Ay səni, Darem!
Ay səni xoşbəxt şəhər!
Bu nə iş idi başıma gətirdin?!
Novruzdan sonra şəkərbura-paxlavadan yeyib, heç nə yazmadan sakitcə oturmuşdum.
Ay səni, Bakı!
Can Bakı!

MƏN SƏNİ SEVİRƏM...

And olsun ki, sənə uzun illərdir ki, aşiqəm!
Mənimlə evlənərsənmi?

Şərhləri göstər

XS
SM
MD
LG