Keçid linkləri

Bir neçə il bundan əvvəl, koalisiya qoşunları İraqa daxil olarkən televiziyada seyr etdiyim bir mənzərə hələ də gözlərimin qarşısındadır. İnsanlar Səddam Hüseynin meydandakı böyük heykəlini uçururdular. Yox, mən bu vaxtadək heykəllərin ucaldılmasını, götürülməsini və hətta uçurulmasını çox görmüş, bunun çox şahidi olmuşdum, zira bizim ölkədə proses hələ də davam edir. Bir yanda ucaldırlar, o biri yanda isə sökürlər. İndi bu proses etirazlar içində çalxalanan ərəb ölkələrində davam edir. Ərəb üsyanları həqiqətən də lap elə vaxtında baş verdi, yoxsa bizim ölkəmizdə ərəb diktatorlarına da heykəllər qoymağa başlamışdılar. Heykəl prinsipcə yaxşı şeydir. Amma mən indi heç onların bir sənət əsəri kimi məziyyətlərindən danışmaq fikrində də deyiləm, hərçənd bunun özü də çox maraqlı mövzudur. Mən heykəllərə yağış altında tamaşa etməyi sevirəm. O vaxt mən heykəlin kimliyini tamam unuduram və özüm başlayıram onların əvəzinə üşüməyə, ürəyimdən qəribə hisslər keçir, istəyirəm heykəllərin üstünü örtüm ki, yağışda islanmasınlar... Xüsusən də Azərbaycandakı heykəllər mənə çox qəmli görünür. Hə, bir çox heykəllərdə təsvir olunan qəhrəmanlar baxışlarını bizlərdən gizlədirlər. Hətta bəzilərinin duruşu da eynidir. Bilmirəm, bu, təsadüfdür, yoxsa...

HEYKƏLLƏRİ UÇURMAMAQ OLARMI?

Prinsipcə, olar. Hətta bəlkə lazımdır da. Adətən belə bir təsəvvür üstünlük təşkil edir ki, guya heykəllər şərəfinə ucaldıqları adamı zinətləndirir. Amma belə deyil, tarixi simalar kimi heykəllər də özlərinin ikinci həyatını yaşamağa başlayırlar və bəlkə də sonradan qınaq obyektinə çevrilən, suçlanan həmin adamların əvəzinə utanırlar, sıxılırlar. Marşrutların birində tez – tez eşidirəm: «Əzizbəyovun heykəlinin yanına gedir?». Hərçənd ki, Əzizbəyovun heykəli artıq çoxdan götürülüb, amma insanlar həmin yeri hələ də elə onun adı ilə çağırırlar. Keçmişini unudanın gələcəyi olmaz deyirlər. Ona görə də hər bir heykəldən heç olmasa birini saxlamaq lazımdır. Ya da xüsusi bir muzey və yaxud park açıb bütün köhnə heykəlləri orada toplamaq olar. Bu hamı üçün maraqlı olar.
Mübarəklər, Bin Əlilər, Salehlər, Əsədlər, Qəzzafilər unudulmamalıdırlar ki, tarix təzədən təkrar olunmasın
Axı tarix ancaq yaxşı epizodlardan, yaxşı hadisələrdən ibarət deyil! Axar su bəzən özü ilə çox şey gətirir. Zaman da belədir, bəzən elə bir adamları üzə çıxarır ki! Amma nə etmək olar? Tarixi uzağı olduğu kimi, bəli, necə var, elə yazmaq olar. Başqa əlimizdən nə gəlir ki? Təbii ki, totalitar və ya avtoritar rejimlərin yaratdığı izafi təmtərağa son qoymaq lazımdır, zira hər bir heykəldən heç olmasa bircə dənəsini saxlamağa dəyər. «Babək» filmində maraqlı epizod var. Xəlifə deyir ki, Rum imperatorunun nəslindən olan Babəkə qalib gəldik. Bunu eşidən əyanlar etiraz etmək istəyirlər, amma xəlifə maraqlı bir fikir deyir: «Axı deyə bilmərik ki, iyirmi ildən sonra adi bir çobanı məğlub etdik!». Bəli, ziddiyyətli olsa da, məntiq var.

ƏRƏB MÜSTƏBİDLƏRİNƏ REKVİYEM


Onlar bundan sonra çox az anılacaq. Amma gələcək nəsillər bilməlidirlər ki, bu ölkəni 42 il idarə edən, hətta psixi sağlamlığı belə mübahisə doğuran bir prezident kim olub? Suriyalılar bilməlidir ki, ölkəni 50 il bir mürtəce qanunla idarə edən ata – oğul kim olub? Hə, misirlilər də bilməlidirlər ki, 30 il ərzində 70 milyard dollarlıq var – dövlət toplayan prezident kim olub?... Bəlkə də bu insanların daha maraqlı xüsusiyyətləri olub ki, hansılar ki, şəxsən mənə elə də bəlli deyil. Semiotika işarələrə məzmun verdiyi kimi, tarix da hadisələrə simvolik bir məzmun verməyi, onları simvollaşdırmağı bacarmalıdır. Hitleri unutmaq olarmı? Mənə elə gəlir, Hitler unudulsa, haradasa faşizm təzədən baş qaldırar və insanlar onu tanımazlar, yenidən onun felinə, fitnə-fəsadına uyarlar. Bax, ən qorxulusu budur! Ona görə hakimiyyəti on illərdən sonra ancaq öz övladlarına ötürməyə hazırlaşan Mübarəklər, Bin Əlilər, Salehlər, Əsədlər, Qəzzafilər unudulmamalıdırlar ki, tarix təzədən təkrar olunmasın və bu, bir qorxulu bir yuxu kimi çəkilib getsin, bir daha qayıtmasın. Yoxsa onlar yenidən mələk görkəmində qayıda bilərlər və insanlar da onları səhv salar, tanımazlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG