Keçid linkləri

A.Şopenhauerin maraqlı fikri var: «Biz başqasının halına acıyarkən əslində özümüzü onun yerinə qoyur və özümüzə, öz halımıza acıyırıq». Qazaxıstan haqqında, daha doğrusu, bu ölkədə keçirilən erkən prezident seçkisi haqda düşünərkən bu fikrin doğruluğuna bir daha əmin olduq. 95.5 faiz! Bəli, bu, o deməkdir ki, heç nədən – nə tarixdən, nə başqa ölkələrin təcrübəsindən, nə də «ərəb dominosu»ndan ibrət götürülməyib! Ona görə də bu seçkini ancaq N.Nazarbayevin növbəti şıltaqlığı və kələyi kimi qəbul etmək lazımdır. Bu il keçiriləcək erkən parlament seçkisi də bu qəbildən olan tədbirlərin sırasına aid edilə bilər. Avtoritar ölkədə seçki nə deməkdir? Onu ciddi siyasi-ictimai proses, hadisə kimi qəbul etmək olarmı? Bütün dünyada ciddi insan hüquq və azadlıqları ilə təmin olunmayan siyasi sistemlərdəki düzgün seçkilər belə demokratik seçki kimi qəbul edilmir. Demokratiyadan təkcə seçki prosesini seçib ayırmaq cəhdi «elektoralizm» tendensiyası kimi qiymətləndirilir. Söz yox ki, Qazaxıstan kimi ölkədə müasir demokratiyanı aramaq bir qədər ciddi təsir bağışlamır. Amma bu ölkədə heç olmasa, düzgün bir seçki keçirilirmi? 95.5 faizlik nəticə müəyyən qənaət hasil etməyə imkan verir. Bu vaxta qədər elə bir demokratik seçkiyə təsadüf etməmişik ki, orada belə bir nəticə əldə edilmiş olsun! Bir vaxt Rusiya ərazisində «qırmızı zolaqlar» qeyd olunurdu. Bunlar kommunistlərin qalib gəldikləri ərazilər idi. İndi xəritədə «göy zolaq» nəzərə çarpır və bu zolaq Mərkəzi Asiyadan Qafqaza qədər uzanır. Bu, artıq avtoritar ölkələrin zolağıdır. Burada 90 faizlik seçki, uzunömürlü prezident müddətləri, təkpartiyalı parlamentlər və asılı məhkəmələr dəbdədir. Bunları birləşdirən daha bir cəhət odur ki, bu ölkələr həm də təbii sərvətlərlə zəngin bir ölkələrdir, yəni diktatorlara hamilik etmək istəyən dövlətlər sarıdan elə bir kasadlıq hiss olunmur...

YERİN TƏKİ OLİQARXLARA, TORPAQ ÇİNLİLƏRƏ, PROBLEM ƏHALİYƏ!

Qazaxıstandakı seçkidən yadımda qalan detal bu oldu. Etiraz edən kiçik bir qrup əlində bu şüarı tutmuşdu. Doğrudan da xarakterik şüardır. Düzdür, bir detal, çinli məsələsi bir qədər istisnadır, amma qalan iki punkt əsl həqiqət təsiri bağışlayır. Amma dərindən fikirləşəndə, çinli məsələsi də bir o qədər də ögey deyil.
Onların söykənəcək yerləri də transmilli şirkətlər və bir də Rusiyadır
Hətta Azərbaycanda da Çinin ucuz işçi qüvvəsindən istifadə olunur. Bütün ölkələrdə oliqarx məmurlar və bir də problemli əhali nəzərə çarpır. Hər şeyin rüşvət və korrupsiya üzərində qurulduğu bu ölkələrdə hər an – gecə və gündüz korrupsiyaya qarşı mübarizə aparılır. Plüralist siyasi sistemin olmadığı bu ölkələrdə çoxpartiyalı parlamentlər yaradılır. Gecə və gündüz demokratiya oyunu oynanılır, çünki diktatorlar bu oyunu sevirlər, necə ki, rus çariçası Yekaterina Volterlə məktublaşmasına xüsusi bir önəm verirdi, Radişşevi Puqaçovdan da betər qiyamçı adlandıran bu xanım çariça Avropanın gözündə mütərəqqi bir çariça kimi görünməkdən xüsusi ləzzət alırdı...

NEO – MONARXİYA SIRADAN ÇIXMAQDA İKƏN...

Bir vaxt qara Afrikanın dünyanı öz futbolu ilə təəccübləndirəcəyi fərz edilir və gözlənilirdi. İndi Afrika demokratiya uğurundakı mübarizəsi ilə diqqətdədir.
Şimali Afrikada neo-monarxiya tendensiya kimi sıradan çıxır. Əcəba, bu, dünyanın başqa yerlərindəki diktatorlar üçün bir ibrət deyilmi? Bəlkə də bu diktatorların bəzisinə millətin qəzəbindən yayınmaq qismət olacaq. Amma bunlar özlərindən sonra siyasi varis kimi ancaq övladlarını görürlər. Deməli, bütün hallarda siyasi məsuliyyəti bir nəsil çəkməli olacaq. Məgər bu azdırmı?

«GÖY ZOLAQ» KİMƏ VƏ NƏYƏ ARXALANIR?

Keçmiş Sovet məkanındakı avtokratik respublikaların çoxu Rusiyaya söykənir. Rusiya, Rusiya və yenə Rusiya! Ruslar plan və niyyətlərini gizlətmirlər. Azərbaycanın və Mərkəzi Asiyanın liderləri əvəzinə «ərəb dominosu» haqda Rusiya fikirləşir və indidən bunun həmin regionlara yayılmayacağını bəyan edir! Bunun müqabilində nə vəd edirlər? Qazaxıstandakı şüarda deyilən kimi: idarə edənlərə təmtəraqlı həyat, idarə olunanlara isə problemlər! Başqa seçim yoxdur. Daha doğrusu, var, amma o qədər də ürəkaçan deyil: Rusiya ərazisində ağır işlərdə çalışmaq və daim Rusiyadan qovulmaq təhlükəsi ilə yaşamaq, daim özünü «ikinci növ millət» statusunda hiss etmək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG