Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan tolerant ölkədirmi?


Azərbaycanda bu qruplar «mülkigeyimlilər» adlanır. Müxalifətin bütün aksiyaları zamanı onlara rast gəlmək olur
Azərbaycanda bu qruplar «mülkigeyimlilər» adlanır. Müxalifətin bütün aksiyaları zamanı onlara rast gəlmək olur
Əvvəlcə qısa terminoloji izah verim. Bir vaxt tolerantlığı dözümlülük mənası kimi tərcümə edəndə, bir çoxu bunu hakimiyyətin yürütdüyü siyasətə qarşı dözümlülük və hətta itaətkarlıq kimi başa düşürdü. Daha böyük çoxluq isə bu anlayışı ancaq dinə münasibətdə dərk edir. Elə indinin özündə bu kəlmə ortaya gələndə, əksəriyyət başqa dinlərə və konfessiyalara qarşı dözümlü və sayğılı olmağı başa düşür. Təbii, dini tolerantlıq vacib və mütərəqqi hadisə kimi yozulmalıdır. Azərbaycanda bu keyfiyyət var. Məsələn, bu ölkədə heç kimi müqəddəs «İncil»i yandırmağa cəsarət etməz, çünki islama görə, «İncil» və «Tövrat» müqəddəs kitablardır. Bu keyfiyyət bir tərəfdən dinlə bağlıdırsa, elə o biri tərəfdən də etnik psixologiya kimi bir özülə söykənir – türklər həmişə digər dinlərə sayğı ilə yanaşıblar. Məsələn, tarixçilər Hindistanın ən tolerant dövrünü moğolların hakimiyyəti dövrü ilə bağlayırlar. Rəvayətə görə, moğol hökmdarı Əkbər böyük dinlərin təmsilçilərini diskussiyaya dəvət edir ki, ən düzgün və ədalətli dini müəyyənləşdirsin. Polemika bir neçə gün çəkir və heç kim öz dininin üstünlüyünü sübut edə bilmir. Əkbər də bütün dinlərə bir ölkədə dinc yaşamağı tövsiyə edir. Bəli, bütün bunlar olub və gözəldir, amma tolerantlıq təkcə dinlə məhdudlaşmır, bunun bir siyasi və kulturoloji mahiyyəti də var. Başqa siyasi fikrə necə yanaşmaq lazımdır? Digər mədəni dəyərlərə hansı münasibəti göstərmək gərəkdir? Bu suallar ortaya gələndə, dərhal yada bir keyfiyyət kimi tolerantlıq düşür.

CƏMİYYƏT VƏ HAKİMİYYƏT

Çox güman ki, iki vektoru biri – birindən ayırmaq lazımdır. Biri var cəmiyyət içindəki ab – hava, biri də var hakimiyyətin yürütdüyü siyasət. Cəmiyyətin xüsusiyyəti haqda danışanda, bir detalı qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif ideologiyaların bir o qədər də qabarıq olmadığı ölkədir. Bəlkə bunu müxtəlif sosial – siyasi stratların olmaması ilə, ya da başqa bir detalla yoza bilərik. Amma fakt faktdır. Məsələn, bu gün ölkədə solçuluğa münasibət və onun siyasi dəyərlərinə hörmət haqda danışmağa çətinlik çəkirik, çünki sol düşərgə hətta sağ siyasi düşərgədən də zəifdir, yəni ölkədə solçuluğun bir aparıcı qüvvəsi və ya tribunası yoxdur. Bəli, sağlar nisbətən güclüdürlər, amma onlara münasibət də ideoloji münasibət deyil, daha çox digər nüansa diqqət yetirilir. Bəlkə Azərbaycanda iki tendensiyanı – islahata meylliliyi və mühafizəkarlığı ayırmaq daha düzgün olardı. Belə bölgü ideologiyasız bir ölkənin mahiyyətinə varmağa daha çox kömək edə bilər. Amma islahatlara meyl ilə mühafizəkarlıq arasında bir tolerant münasibətdən danışmaq çox çətindir. İslahat istəyənlər daha çox cəmiyyətin üfüqi, mühafizəkarlar isə onun şaquli kəsimində təmsil olunublar. Və bu günün faktı budur ki, onlar arasında nəinki anlaşma, heç dialoq da yoxdur. Məsələn, hakimiyyət bütün elektron KİV-ləri müxalifət üçün bağlayıb. Müxalifət ancaq bir neçə qəzetdə öz fikirlərini ifadə edir. Ən xoşagəlməz xüsusiyyət budur ki, iki siyasi vektor arasındakı anlaşılmazlığı cəmiyyətə ötürməyə cəhd edilir. Daha dəqiq desək – güc strukturları özlərinin zorakılıq funksiyasını ictimai qrupların öhdəsinə buraxır. Belə qruplar başqa yerlərdə də var. Məsələn, Rusiyadakı «qırxıqbaş dəstələri» haqda kim eşitməyib?

21-Cİ ƏSRİN QOÇULARI


Azərbaycanda bu qruplar «mülkigeyimlilər» adlanır. Onlar müxtəlif aksiya və etirazlar zamanı peyda olur, polisin əvəzinə zorakılıq göstərir, ittihamları onlardan uzaqlaşdırırlar. Müxalifətin bütün aksiyaları zamanı onlara rast gəlmək olur. Amma onların işi təkcə aksiyalarla bitirmi? Təbii ki, yox. Təkcə son iki həftə ərzində iki jurnalist döyülüb təhqir edildi. Əvvəllər də belə hal çox olub. Bunu necə adlandırmaq olar? Mühafizəkar hakimiyyət siyasətini cəmiyyətin içinə inversiya etmək istəyir. İlk baxışda belə təəssürat yaranır ki, cəmiyyət içində hakimiyyətin güclü dayaqları olan qruplar var və necə deyərlər, müxalif fikirli sosial qrupların «cavab»ını polis və ya qeyri-orqan deyil, elə cəmiyyətin öz nümayəndələri verir. Zira bununla kimi çaşdırmaq olar? İnsanlar bu qədər sadəlövhdürlərmi? Ən azı digər ölkələrin təcrübəsi göstərir ki, bir çox hallarda müxtəlif cinayətkar qruplar, onların liderləri elə hansısa formada ölkənin güc strukturları ilə bağlı olurlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
.

Ən son yazılan

XS
SM
MD
LG