Keçid linkləri

Əhalinin su borclarının silinəcəyi haqda ölkə başçısının bəyanatından yazmağa hazırlaşırdım, illər öncə rastlaşdığım bir hadisə yadıma düşdü. Ümumiyyətlə, o hadisə tez-tez yadıma düşür. Paytaxtın ucuz, amma sakit və təmiz kafelərinin birində oturmuşduq, əhvalımız da pis deyildi. Həzin bir musiqi də səslənirdi. İfaya da söz ola bilməzdi. Elə bu vaxt yaxınlıqdakı masadan ortayaşlı bir kişi üzünü kafenin işçilərinə tutub hündürdən qışqırdı:

- Xahiş edirəm, o musiqinin səsini kəsin, ya da dəyişin, başqası olsun.

Hamımız təəccübləndik. Kafenin işçiləri isə dərhal musiqinin səsini aldılar, amma yenə də soruşdular:

- Məgər pis ifa edir, xoşlamadınız?

- Yox, əksinə, çox yaxşı idi.

- Bəs onda niyə istəmədiniz?

- Həmişə buna qulaq asanda borclarım yadıma düşür, çox kədərlənirəm.

Su borclarının silinməsinin kimlərisə sevindirəcəyi bəllidir, amma kimlərisə kədərləndirəcəyinə də əminəm. Həm də bu dəfə kimlərsə borcları yadına düşdüyü üçün yox, borclarını ödədiyinə görə kədərlənir. Artıq belələri ilə rastlaşmışam. Kim olsa, bu sözləri anlayar: «Xeyli borcum yığılıb durmuşdu, kaş ödəməyəydim».

Ədalətə qalsa, ödəyənlərin də borcu geri qaytarılmalıdır. Real deyil amma. Məntiqə qalsa, bundan sonra hamı borclu qalmağa çalışacaq, çünki mütəmadi olaraq borclar silinir. Bundan əvvəl qaz və elektrik borcları da silinmişdi. Fəqət, borclu qalmaq da asan deyil. Bilirsiniz ki, tələb edirlər, kəsirlər, min dəfə qapını döyürlər. Yəni, bu məsələni hara fırladırsan fırlat, nə isə düz gəlməyən bir şey tapılır.

Ümumilikdə isə, borcların bağışlanması, silinməsi yaxşı haldır. Amma əsl problemlər bunlar deyil. Əsl sual başqadır.

BƏS ƏHALİ NİYƏ BORCLU QALIR?

Nədən əhali işığa, qaza, suya borcunu ödəyə bilmir? Bəs regionun lider dövlətində yaşamırıqmı? Analoqu olmayan inkişafımız niyə imkan vermir kommunal xərcləri ödəməyə, borclarımız isə yığılıb qalır və onu sonradan minnətlə bağışlayır, silirlər?

Nəhayət belə bur suala cavab verilməlidir: hökumətin vəzifəsi əhalinin borclu qalmamasını təmin etməkdir, yoxsa borclarını silmək?

Bu borc əhvalatlarının ən incə tərəfi elə bu suallardır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG