Keçid linkləri

«Bu gün dostum məni görüb deyir ki, niyə dağıdırsız şəhəri. Sən də qoşulmusan deyəsən xaricdən maliyyələşən, radikal, dağıdıcı müxalifətə? Niyə polisləri döyürsüz? Niyə qoymursuz camaat dincəlsin şəhərdə. Rahat- rahat pivəsin içsin. Zontikli qızla şəkil çəkdirsin. 2 gündən bir şəhərin mərkəzini Daxili Qoşunların və Polislərin məşq zalına çevirirsiz». Bunu yazan bloqçu Etibardır.

Bloqçu davam edir: «Bu suallar haqqında düşündüm. Özüdə bir xeyləm düşündüm. Kişinin oğlu televiziyada gördüklərini gəlib məndən dəqiqləşdirmək istəyirdi. Nə eləsin uşaq gördüyü o idi ki, dağ boyda polisləri dağıdıcı müxalif gənclər döyüb xəstəxanaya qonaq ediblər. Qəzetə bükülmüş lomla polisləri lomlayıblar, şüşə pəncərə sındırıblar. Və bundan da, polislər çox qorxub. Aksiyaya 100 nəfər çıxıb və 150 nəfər həbs edilib. Yumurtalar israf edilib. Hansısa günə hörmətsizlik edilib. Bu tip boş-boş söhbətlər».

ÜMİD QIĞILCIMI


İlkin Əlisoy da yazır ki, son bir ay ərzində, son 6 il ərzində olmayan qədər, siyasi və ictimai aktivlik var ölkədə. «Cəmiyyətdə sanki bir canlanma, bir ümid qığılcımları yaranıb» deyə bloqqer qeyd edir:

«Son dəfə 2005-ci ilin noyabrında hayqıran xalq darıxıb. Qəribədir. İllərdir tənqid etdiyi, zaman-zaman söydüyü, küsdüyü, imtina etdiyi qüvvələrə yenə də, artıq sayını itirdiyim dəfə inanır və sığınır bu xalq. Bilmirəm buna sevinim, ya üzülüm. Hər halda, ana mövzum müxalifətin özünə inamı qaytarıb- qaytarmaması deyil... Təcridxanada dörd divar arasında, darısqalçılıqda, saatı bilmədən, qaranlıq görmədən, ciyərlərə təmiz hava doldurmadan mövcud olmaq, ağsaqqallardan utanmadan hasarsız tualetdə bütün ehtiyacları ödəmək, gündə maksimum 15 dəqiqə səma üzü görmək, çimməmək, üz qırxmamaq və digər dəhşətli şeyləri etmək və görmək yaxşı bir şeydir? O üç-on gün ərzində gənc daha faydalı şeylərlə məşğul ola bilər. Ölkə üçün faydalı bir şeylə məşğul olmaq olar, kitab oxumaq olar, yazı yazmaq olar, istirahət etmək olar, pul qazanmaq olar, sevgiliylə əla vaxt keçirmək, onu ağlatmaq əvəzinə güldürmək olar. Siyahı sonsuzdur».

ÇOX ŞEY YUMURTADAN BAŞLADI

Passat yazır:

«Aprelin 2-də radikal, dağıdıcı, deşici, kəsici, yeyici, minici müxalifətin Bakının mərkəzində keçirdiyi mitinqə nə ad vermək olar? Ölkəmizdə yuxarıda qeyd etdiyim belə ağır problemlər olduğu bir vaxtda radikal, dağıdıcı, deşici, kəsici, yeyici, minici müxalifətin ölkədəki siyasi sabitliyi pozmaq cəhdləri heç cür anlaşılan deyil. Amma mən bu qüvvələri ölkədə sabitliyi pozmaq, iğtişaşlar yaratmaq kimi əməllərinə görə yox, daha çox xalqımızın diqqətini Aygün Kazımovanın qızının, Tacır Şahmaloğlunun əməllərindən yayındırmasına görə şiddətlə qınayıram. Onların belə həyati vacib problemləri öz dağıdıcı, deşici, kəsici fəaliyyətləri ilə arxa plana keçirmək cəhdlərini erməni dəyirmanına su tökmək kimi qiymətləndirirəm. Axı siz nə istəyirsiniz cənab müxalifətçilər? – Yumurta? Bu da 11 qəpik. Bəzi topdansatış yerlərində 9 qəpiyə də var. Gedin alın, yeyin, allahınıza şükür edin...»

ZORLA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK ZARAFAT DEYİL


Erkin Qədirlinin son postu sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biri Elnur Məcidli haqdadır:

Elnur Məcidli
«Zorla hakimiyyəti ələ keçirmək zarafat deyil. Kontekst burada çox vacibdir. Daim ictimai-siyasi sabitlikdən danışan, ölkədə vəziyyəti gərginləşdirə biləcək qüvvələrin olmadığında israr edən, bir hökumət (iqtidar) birdən-birə, xaricdə yaşayan bir gəncin başqa açıq mənbələrdən çoxdan hamıya məlum olan şeyləri bloqunda yerləşdirməsindən təşvişə düşür və həmin gənci cinayət təqibi qaydasında məsuliyyətə cəlb etmək istəyir? Nə məsələdir? Nə olub? Nəsə ciddi dəyişib, xəbərimiz yoxdur? Elnur da, natərəstlikdən, bloqunda elə yazıb ki, dəqiq bir şey anlamaq olmur. Başa kapüşon keçirib, Coca-Cola ilə üzünü yuyub, limon çeyniyib, qazan qapağı ilə silahlanıb, sirkə və boya püskürücülərilə də hakimiyyəti zorla ələ keçirmək olar? 281.1 maddəsi belə «təhlükələrdən» qorunmaq üçün yazılmayıb, axı»

ALMANİYADA FORUM

Millət vəkili, bloqçu Ceyhun Osmanlı isə xaricdə təhsil alan gənc təbiblərin Almaniya Forumuna qatılmasından yazır:

«Forum dünyada tibb sahəsində ən nüfuzlulardan biri hesab olunan Heidelberg Universitetinin Manhheim Tibb Fakültəsində keçiriləcək. Forumun gedişi ilə bərabər bir universitetdə bir çox maraqlı ekskursiyalar da olacaqdır. Hesab edirəm ki, bunun özü də maraqlı təcrübə olacaq. Forum çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə də ziyafət veriləcək və Azərbaycan mədəni proqramı təşkil ediləcəkdir».

Şərhləri göstər

XS
SM
MD
LG