Keçid linkləri

Təcili xəbərlər

Liviyanı Dağlıq Qarabağdan fərqləndirən nədir?


Liviyada qiyamçılar, 6 aprel 2011
Liviyada qiyamçılar, 6 aprel 2011
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın «Rossiya-24» kanalına müsahibəsində böyük dövlətlərin ikili standartlarına işarə edib. O qeyd edib ki, ötən 18 ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsindən heç biri icra olunmayıb. Halbuki, eyni qurumun Liviya ilə bağlı çıxardığı qətnamənin qəbulundan bir neçə saat sonra sənədin icrasına başlanılıb.

Görünür, bu mövzu ətrafında Prezident Administrasiyasında geniş müzakirə keçirilib. Çünki dövlət başçısının BMT qətnamələri ilə bağlı söylədiyi fikirləri təxminən 10 gün öncə Prezident Administrasiyasının rəsmisi Əli Həsənov eynilə dilə gətirmişdi.

Hazırda beynəlxalq aləmdə ikili standartların varlığını söyləməklə kimisə təəccübləndirmək mümkün deyil. Liviyadakı idarəetmə ilə Səudiyyə Ərəbistanın avtoritar idarəetməsi arasında elə bir fərq yoxdur. Ancaq Liviyadakı olaylara müdaxilə edilərkən, Səudiyyə Ərəbistanında şiələrin narazılıqlarının yatırılmasına seyrçi mövqedən yanaşılır. Çünki beynəlxalq hüquqla yanaşı, mövcud reallıqlar da var. Liviya diktatoru Muammar Qəddafinin rejimi beynəlxalq aləmə problemlər yaradırsa, Səudiyyə Ərəbistanındakı rejim Qərbə maneə törətmir, əksinə, bu ölkədə şiələrin mümkün narazılıqlarının yerindəcə dəf edilməsi və Bəhreynə polis qüvvələrinin yerləşdirilməsi bölgədə İranın təsirinin artmasını əngəlləyir. Bu isə Qərbin maraqlarına uyğundur.

İSTİ-İSTİ DÖYÜLMƏLİ OLAN DƏMİRİ SOYUTDUQ

Liviya və Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə bağlı BMT qətnamələri arasındakı fərq də beynəlxalq hüquqa deyil, mövcud reallıqlara söykənir.

Əslində, Kəlbəcərin işğalından sonra qəbul olunan qətnamələrin həmin anda həyata keçirilməsi ehtimalı böyük idi. Yaxşı yadımdadır, hələ o zaman prezident Əbülfəz Elçibəyin
Əslində, Kəlbəcərin işğalından sonra qəbul olunan qətnamələrin həmin anda həyata keçirilməsi ehtimalı böyük idi
müşaviri vəzifəsində çalışan Vəfa Quluzadə televiziya ekranında BMT qətnamələrini əlində rəhbər tutaraq yaxın günlərdə ermənilərin işğal etdikləri Kəlbəcərdən öz xoşlarıyla çıxacaqlarını bildirmişdi. Vəfa Quluzadənin 18 il boyunca həyata keçməyən proqnozunun həmin günlərdə tətbiqi imkanları həqiqətən real idi. Beynəlxalq təzyiqlə üzləşən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan işğal altındakı torpaqları boşaltmağa məcbur olduğunu ətrafındakılardan gizlətmirdi. Ancaq həmin ərazilərin Azərbaycana qaytarılmasını açıq-aşkar əngəlləyən Rusiyadakı dairələr separatçıların əli ilə vəziyyəti daha da qəlizləşdirdilər, üstəgəl, Azərbaycanda hakimiyyət uğrunda başlayan mübarizə BMT qətnamələrini arxa plana keçirdi. Və o gün-bu gündür, böyük dövlətlər Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması ilə bağlı BMT qətnamələrini aktual saymırlar, hər dəfə bu sənədləri onların yadına saldıqda isə bizə eyni ünvanı göstərirlər: ATƏT və Minsk Qrupu.

HƏRƏNİN ÖZ «REALLIĞI» VAR

Fərz edək ki, BMT Təhlükəsizlik Şurası vaxtilə Azərbaycanla bağlı çıxardığı qətnamələri bu gün hərəkətə gətirməyə həvəsləndi. Şübhə etmirəm ki, bu prosesi birbaşa və ya dolayı yollarla əngəlləyəcək əsas dövlət Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya olacaq.

BMT və böyük dövlətlərin uzaq Şimali Afrikadakı olaylara müdaxilələrinə seyrçi qalan Kreml eyni müdaxilənin Cənubi Qafqazda reallaşmasına imkan verməz. Rusiya uzun illərdir ki, Cənubi Qafqazı arxa bağçası hesab edir. Gürcüstan prezidenti Mixail Saakaşvili «Biz NATO-ya üzv olmaq istəyərik» dediyi gündən Moskvanın Cənubi Qafqazda baş düşməninə çevrilib – ölkəsini parçaladılar, separatçıları rəsmən tanıyaraq Abxaziya və Cənubi Osetiyaya qoşunlarını yeritdilər.

Azərbaycan rəsmilərindən kimsə «Biz NATO-ya üzv olmaq istəyirik» cümləsini dilə gətirməyib, əksinə,
Moskvanın başlıca marağı münaqişənin indiki status-kvosunun qorunması və müharibənin başlanması ehtimalının azaldılmasına nail olmaqdır
Rusiya ilə enerji müqavilələri imzalamaqda davam edirik. Elə İlham Əliyev də «Rossiya-24» kanalına müsahibəsində Rusiyanı əvvəlkitək strateji tərəfdaş adlandırıb. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu çox yüksək qiymətləndirən İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevi də tərifləməyi unutmayıb: «Rusiya prezidenti münaqişənin həllində köməklik göstərmək üçün çox böyük səylər göstərir. Onun təşəbbüsü ilə bir neçə üçtərəfli görüş keçirilib. Bu görüşlər böyük əhəmiyyət daşıyır və müsbət nəticəsi olur».

Rusiya prezidentinin son ilyarımlıq fəallığı Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndiribmi? Bəlkə Rusiya Azərbaycanın «hə» dediyi «Genişləndirilmiş Madrid prinsipləri»ni Yerevana qəbul etdirməyə çalışıb? Əsla. Rusiyalı rəsmilər nə Madrid, nə də «Genişləndirilmiş Madrid prinsipləri» ifadəsini dillərinə gətirirlər. Moskvanın başlıca marağı münaqişənin indiki status-kvosunun qorunması və müharibənin başlanması ehtimalının azaldılmasına nail olmaqdır. Kreml hələ ki, hər iki vəzifənin öhdəsindən uğurla gəlir. Rusiya XİN-in departament rəhbərlərindən biri bu yaxınlarda verdiyi müsahibədə açıq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyalıqdır və Kreml təkbaşına bu işlə məşğul olacaq. Kremlin bu istəyi rəsmi Bakının etirazına səbəb olmur, tam əksinə, Rusiyanın fəallığından məmnuniyyət ifadə edilir.

Necə ki, Azərbaycan prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu yüksək qiymətləndirməklə bölgədəki mövcud reallıqlardan çıxış etdiyini göstərir, eləcə də böyük dövlətlər işğal altındakı torpaqlarla bağlı BMT qətnamələrini hərəkətə gətirməməklə Rusiyanı qıcıqlandırmamaq reallığından çıxış edirlər. Bu halda BMT-dən inciməyə dəyərmi? Hərənin öz «reallığı» var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG