Keçid linkləri

Təcili xəbərlər

Zəhmətkeşlər


ZƏHMƏTKEŞLƏR VƏ ONLARIN ÜTÜLÜ KOSTYUMLARI

ANS də dözmədi. Küçədəki etirazların xalq etirazları olduğunu etiraf etdi, onlara cavab verən Az TV «zəhmətkeşlərini» isə «küçə və xiyabanlarda deklamatorcasına çıxış edən gənclər, yaşlılar, qadınlar və uşaqlar» adlandırdı. Eyni verilişdə ANS aparıcısı prezidentə dəstək ifadəsi kimi camaatın bir araya yığılmasını «kraxmallı, ütülü köhnə dəbli xalq səhnələri» adlandırdı. Bəli, hökumətin xalq etirazlarını balanslaşdırmaq üçün ortaya atdığı «zəhmətkeşlər» ordusunun maskası elə bu qədər nazikdir.

HÖKÜMƏTİN MƏNTİQİ

Bu adamları nümayişçilərə «bizim aramazıda onlara yer yoxdur», «hamımız prezidentimiz ətrafında sıx birləşməliyik», «bizim Qarabağ dərdi kimi problemimiz var, diqqəti ona yönəltməliyik» dedizdirənlər Azərbaycanda heç kimi inandıra bilmirlər ki, əhalinin çoxluğu məhz belə düşünür. Ortada kobud bir güc proyeksiyası var. «Zəhmətkeşləri» ortaya tökən hökumət bir növ xalqa mesaj verir ki, hələ bu qədər adamı qorxudub ona istədiyini dedizdirmək gücündədir və deməli belə hökumətlə «çilingağac» oynamaq olmaz.

BƏS ZƏHMƏTKEŞLƏR?

Müəyyən prizmadan baxanda onlar da rejim qurbanlarıdır. Düşünmək olar ki, onların çoxunun dövlət qurumlarından bir asılılığı var: Qaçqın dövlət yardımından asılıdır, müəllim məktəb direktorundan və təhsil nazirliyindən, kiminsə qohumu vəzifədədir, kiminsə balaca bir dükanı var və sahə müvəkkilinin dediyini eləməsə, işləri rəvan getməz və s. Gənclərə gəldikdə isə Heydər Əliyev dövründə yetişib başqa dövrü xatırlamaya bir gənclik var. Onların işi daha çətindir. Düzü əyridən seçmək üçün düz-əməlli imkanları belə olmayıb. Amma...

«Əjdahanı öldürmək» filmindən epizod
«ƏLAÇI ŞAGİRD» İSTİSNASI


«Əjdahanı Öldürmək» filmində maraqlı bir epizod var. Filmin qəhrəmanı xalqa zülm edən əjdahanı, nəhayət ki, öldürür. Onun sarayına girən qəhrəman yaltaq məmurların üzünə baxanda onlardan biri belə də deyir: «Biz gəncləri belə öyrətmişdilər. Mən nə edə bilərdim axı?» Qəhrəmanın ibrətamiz cavabı olur: «Hamını öyrətmişdilər, amma niyəsə görə sən bir nömrəli şagird oldun...»

Məcburən tele-ekranlara çıxan zəhmətkeşlərə də, mitinqçilərin qarşısına çıxan polisləri də, «zəhmətkeş tədbirləri» hazırlayan məmurları da «əmrə tabe adamlardır» deyib başa düşmək olar, amma bir nöqtəyə qədər. Ortada canfəşanlıq edib «əlaçı şagird» olmaq istəyənlər artıq sadəcə qurban deyillər. Az TV-də ekranlardan çıxış edən zəhmətkeşlərə baxanda birinci diqqəti onların geyimlərinə verirəm. Kostyum geyib, qalstuk taxıb bəzənmiş şəkildə televiziyaya çıxıb ağa qara deyənlərin davranışında bir az məcburiyyət varsa, bir az da özünü gözə soxmaq istəyi, rejimdən mənfəət qoparmaq istəyi var. Dövran dəyişəndə bu adamlar «məcburduq, başqa yolumuz yox idi» deyə bilərlərmi? Onlar hər şeyi deyə bilərlər, amma camaatın da gözü var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG