Keçid linkləri

Təcili xəbərlər

Müxalifətçi tələbə BDU-dan qovuldu


C. Mehrəliyev İctimai Palataya daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin 3-cü kurs tələbəsi Cavid Mehrəliyev universitetdən xaric olunub.

Bu haqda AzadlıqRadiosuna Cavid Mehrəliyev məlumat verib. Universitetdən çıxarılmasının səbəbi kimi onun çoxlu sayda dərs buraxması göstərilib. Tələbə isə deyir ki, onu müxalifətin mitinqlərində iştirak etdiyi üçün qovublar:

«Əmr mənə bu gün verilib. Ancaq əmrin tarixi 5 aprel göstərilib. 5-ində mən dərsə gəlmişəm. Dərsdə ola-ola mənə qaib yazıblar. Aprelin 5-də xaric olunsaydım, jurnalın qarşısına yazardılar ki, xaric olunub. Jurnalda adımın qarşısına xaric olunmağım haqqında bu gün yazıblar. Universitetin qaydalarına görə, qaib 100 saata çatanda, xəbərdarlıq olunmalıdır. Ancaq mənə heç bir xəbərdarlıq edilmədən, yalnız həbsdən çıxandan sonra çağırıb hədə-qorxu gəlirlər. Ondan sonra dekan üzümə dayandı ki, 158 saat qaibin var. Dedim axı, mənə 100 saat çatanda, xəbərdarlıq eləməlisiz. Dedi, sən bizim işimizə qarışma. Əmrin tarixi 5-i aprel göstərilsə də, 6-7-8-11 apreldə də qaib yazılıb. Bu necə olur?».

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə AzadlıqRadiosuna bildirib ki, C. Mehrəliyev bundan əvvəlki 2009-2010-cu tədris ilində də 132 saat dərs buraxdığı üçün kursda qalıb. Bu ilki tədris ilində isə 158 saat dərs buraxdığı üçün universitetdən xaric olunub.

C. Mehrəliyev İctimai Palataya daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür. Polis onu 2 aprel aksiyası zamanı saxlamışdı. 3 sutka inzibati həbslə cəzalandırılmışdı.

Keçmiş tələbə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcək.
XS
SM
MD
LG