Keçid linkləri

Təcili xəbərlər

«Mazutla» sevindirilənlər


İlham Əliyev Bakıətrafı qəsəbələrin sakinləri ilə görüşü
İlham Əliyev Bakıətrafı qəsəbələrin sakinləri ilə görüşü
Aprelin 11-də prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sakinləri ilə görüşündə su puluna görə ölkədə yaranmış borcların dövlət tərəfindən silinməsi məsələsini şərh edərkən bəyan etdi: «Bu, bazar iqtisadiyyatına zidd olan bir addımdır».

BAZAR İQTİSADİYYATINA ZƏRBƏ

Düzdür, İlham Əliyev bunu onunla əsaslandırdı ki, dövlət üçün sadə camaatın qayğısına qalmaq bazar iqtisadiyyatının əsaslarını möhkəmlətməkdən daha vacibdir. Əslində, bu, çox səhv bir addımdır. Məsələn, Hitler Almaniyasında müharibə zamanı dövlətin bütün özəl şirkətləri ilə münasibəti bazar qanunları ilə həyata keçirilib. Alman qoşunları Parisə yaxınlaşanda, Fransanın müdafiə naziri paytaxt merindən taksilərlə 100 nəfər hərbçinin təcili cəbhə xəttinə çatdırılmasını xahiş edib. Müdafiə naziri isə nəqliyyat xərclərinin taksidəki sayğacların göstəricilərinə görə ödəniləcəyini bildirib. Yəni, dövlət öz iqtisadi kursuna sadiq qaldığını heç fors-major şəraitində belə sui-istifadə predmetinə çevirməyib.

Azərbaycan variantında isə bu, belədir – dövlət nə istəyirsə, onu da edə bilər. Buna əmin olmaq üçün yenə qayıdaq həmin görüşə. Dövlət başçısı sakinlərlə söhbətdə özü də etiraf etdi ki, su borcları bəzən düz hesablanmayıb. Yaxşı, dövlətin şirkəti uzun illər əksər Azərbaycan vətəndaşına qarşı istifadə etmədiyi suya görə borc yazıbsa, bunun silinməsinə «zərərçəkmişə» dövlətin qayğısı demək olarmı?

Deməli, «yuxarılarda» bilirlər ki, Azərbaycanda son il yarımda borcların silinməsi ilə bağlı hökumətin atdığı addımlar bazar iqtisadiyyatına daban-dabana ziddiyyət təşkil edib.

«KEÇİD DÖVRÜ»: HARADAN HARAYA?

Bəs bu, belədirsə, onda niyə 2009-cu ilin noyabrından dövlət təbliğata başlayıb ki, Azərbaycanda keçid dövrü başa çatıb və ölkədə bazar iqtisadiyyatı bərqərar olub. Nəticədə 2011-ci ilin aprelində məlum olur ki, bu, heç də belə deyilmiş. Bundan bir neçə ay əvvəl isə Prezident artıq hökumətin iclasında ilk dəfə bildirmişdi ki, Azərbaycan iqtisadiyyatında monopolizm hələ də qalmaqdadır. Novruz öncəsi isə dövlət başçısı yumurta istehsalçılarını kartel sövdələşməsində ittiham etdi. Həmçinin, məmur özbaşınalığı və korrupsiya (mütəşəkkil cinayətkarlığın ağır növlərindən biri) kimi məsələlərin də Azərbaycanda hökm sürüldüyü yenə də «yuxarılar» tərəfindən etiraf edildi. Əgər bu kimi amillər varsa, onda Azərbaycanın inkişaf edib çatdığı mərhələnin adı nədir?

Əgər dövlətin müdaxiləsi ilə bazarda bir şeyin qiyməti aşağı və yuxarı qalxırsa, təbii ki, bunun bazar iqtisadiyyatına dəxli yoxdur.
İlham Əliyev SOCAR-ın yeni binasının təməlqoyma mərasimində, 12 oktyabr 2010
Yoxdursa, demək heç yerə keçməmişik, keçmişiksə də, bu sadəcə dövlət kapitalizmindən başqa bir şey deyildir. Niyəsi isə göz qabağındadır – Azərbaycan ixracının 96%-i enerji resurslarından ibarətdir. Neft, qaz, neft məhsulları və elektrik enerjisi kimə məxsusdur – dövlətə! Rəsmi statistikamız ölkə iqtisadiyyatının uğurlu inkişafını göstərmək üçün «Azəri-Çıraq-Günəşli» və «Şah-dəniz» yataqlarından hasil edilən neft və qazı özəl sektorun payına hesablayır, ancaq unudur ki, ordan gələn mənfəət son qəpiyinəcən dövlətin əlində (Dövlət Neft Fondu) cəmləşir. Əgər gələn mənfəət yalnız dövlətə aiddirsə, onda bunun özəl sektora nə dəxli oldu? Demək, hökumət öz addımlarını sonadək düzüb-qoşa bilmir və nəticədə vaxtı gələndə «axsamağa» başlayır.

BORC YARADAN İNVESTİSİYALAR?

Azərbaycanda 2004-cü ildən iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən regionların inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib və edilməkdədir. İqtisadiyyata, əsasən də qeyri-neft sektoruna külli miqdarda (təkcə Neft Fondu xətti ilə indiyə qədər $25 milyardadək) vəsait xərclənib. Və dövlət büdcəsi vasitəsilə xərcləmələr ötən il $14 mlrd idisə, bu il az qala $16 mlrd səviyyəsindədir, çox güman ki, büdcəyə edilən dəyişiklikdən sonra daha da artacaq. Sual olunur: bəs onda ölkə əhalisinin niyə əksəriyyəti kommunal xərcləri ödəmək qabiliyyətində deyil? «Azərsu» rəhbərliyinin son açıqlamasından məlum olur ki, 85% əhali kateqoriyasına aid abonent su pulu ödəmirmiş. Bu insanlar 1 ton su üçün 18 qəpik, əvvəllər isə 9 qəpik ödəmək qabiliyyətində deyillərmiş. Bəs 1 fevral 2011-ci il tarixdən 30 qəpiyi neçə ödəyəcəklər? Bəlkə yaxın gələcəkdə əhalinin gəlirlərinin artması ilə bağlı hansısa «sehrli əməliyyatlar» gözlənilir?

«QARA GÜNÜNÜ» GÖZ ALTINA ALANLAR

Ancaq reallıq budur ki, cari ildən əhalinin əlinə gələn pul kütləsi azalmağa başlayıb! Burada dövlətin elan etdiyi antikorrupsiya tədbirləri də, «paket» sistemli əmək haqlarının orta təbəqə məmurlar ordusundan yığışdırılması da, hətta səhiyyə, təhsil, əhaliyə müxtəlif xidmət göstərən dövlət orqanlarında «quru maaş» sisteminə keçid də öz izini buraxmaqdadır. Sadəcə, daşınmaz əmlak və avtomobil alqı-satqısı üzrə ixtisaslaşan elektron resurslara baxmaq kifayətdir: görün, 2010-cu ildə 3-5 illiyinə kreditə alınmış nə qədər maşın satan var, evlərin qiyməti isə ucuzlaşmaqdadır. Başqa bir tərəfdən, 2006-2007-ci illərdən başlayaraq Bakının ən yaxşı guşələrində lüks kateqoriyalı mənzillərin kütləvi tikintisinə başlanıldı. O zaman kvadrat metri 4-5 min manatacan artan həmin binalarda indi mənzilləri maksimum 2 min manata təklif edirlər, yenə də alan yoxdur. Heç biznes kateqoriyalı binaların da alveri getmir: hər yerdə reklam var, ancaq alıcı qıtlığı daha çoxdur. Əsasən kasıb təbəqənin ehtiyaclarını ödəməyə yönəlmiş «Yeni Binə» və «Sədərək» kimi ticarət mərkəzlərinin dövriyyəsinin aşağı düşməsi də alıcılıq qabiliyyətin zəif olmasına dəlalət edən amillərdəndir.
Asfalta baxıb sevincdən gözləri yaşaran Azərbaycan vətəndaşı görəsən 10 ildən sonra daha nəylə sevindiriləcək?
Əgər bura Bakının mərkəzi hissəsindəki bir sıra mağaza və restoranların da yavaş-yavaş «əhatə dairəsindən» çıxmasını əlavə etsək, görərik ki, camaat həqiqətən də «qənaət rejimi»nə keçir, çünki ya əvvəlki kimi qazancı yoxdur, ya da «qara gün üçün» fikirləşməyə başlayıb. Bu isə ciddi problemdir.

KASIBA ÇATAN ELƏ MAZUTDUR

2009-cu ildən neftin qiyməti durmadan artır və hazırda 1 barel üçün $125 ətrafında satılır, ölkənin neftdən gələn gəlirləri fantastik həddə çatıb. Ötən il təkcə Neft Fonduna gələn gəlirlər $16.3 mlrd olmuşdusa, bu il böyük ehtimalla $20 mlrd-ı ötəcək. Bundan əlavə, ölkəmiz qaz satışından da gözə görünə biləcək qədər qazanc götürməyə başlayıb (əvvəllər «Şah-dəniz» qazı Türkiyəyə 1000 m3 üçün $120 satılırdısa, carı ildə neftin artımı bu rəqəmi $280-can yüksəldib). Vəsait var, özü də kifayət qədər. Ancaq dövlət onların effektiv xərclənməsində kiminləsə hesablaşmaq meylindən uzaqdır, çünki bazar iqtisadiyyatı bərqərar olmadığından dövlət bazarda kiminləsə hətta ortaq olmaq meylindən belə uzaqdır. Nəticədə isə hökumət üçün prioritet - həyata keçən meqa-layihələr, borclu çıxan isə vətəndaşlar olur.

Məmurlar üçün neftin qazancı faktiki olaraq hər şeydir: 5-ulduzlu otellerdən tutmuş ta villalarda gerçəkləşdirilmiş özəl fantastik həyatadək. Kasıbların qazancını isə AzTV özü bilmədən göstərməyə başlayıb: Bakıətrafı qəsəbələrdə torpağın üzərinə döşənən asfalt (bilinmir, o cür salınan örtük nə qədər davam gətirəcək). Asfalt isə neft emalının sonuncu məhsulu olan ağır fraksiyaların (qısa şəkildə mazut) qumla qarışığıdır. Müstəqilliyinin 20-ci ildönümündə qapısında torpaq üstünə döşənən asfalta baxıb sevincdən gözləri yaşaran Azərbaycan vətəndaşı görəsən 10 ildən sonra daha nəylə sevindiriləcək?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG