Keçid linkləri

Bir qədər əvvəl hökumət 1-ci rübün yekunları ilə bağlı dövlət başçısına operativ hesabat verdi: hər sahə yüksələn xətlə inkişaf edir, qeyri-neft sektorunda artım tempi bütün proqnozları üstələyib, insanların gəlirləri aşıb-daşır və buna görə də ortada olan ərzağın yüksək qiyməti və inflayisa göstəriciləri heç kəsi narahat etmir və sair. Yüksək kürsülərdən Azərbaycanda sənayenin artımından ağız dolusu danışıldı. Ancaq nədənsə sənaye və energetika nazirindən bununla bağlı bir açıqlama istənilmədi və tədbir təşkilatçıları nədənsə dövlət başçısına bir slayd göstərmədilər ki, qeyri-neft sektorunun artımı nəyin hesabına əldə edilib.

ACI STATİSTİKA

Doğrudan da, bu sahəyə cavabdeh olan nazir Natiq Əliyevin nə vaxt Prezident qarşısında hesabat verməsini də çoxları unudub: çünki neft və qaz sənayesinin real vəziyyəti ilə bağlı məsələ də artıq gümdəmdən çıxıb. Dövlət Statistika Komitəsi pis-yaxşı ayda bir dəfə iqtisadiyyatdakı vəziyyətlə bağlı hesabatları ictimaiyyət üçün açır, özü də operativ məlumatları onların saytından heç bir qeydiyyatdan keçmədən də əldə etmək olar. Və I rübün yekunlarına baxanda, məni təəccüb götürdü: sən demə həm neft (1.8%), həm də əmtəəlik qaz hasilatı (9.4%) 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə azalıb. O cümlədən də neft emalı və neft məhsullarının istehsalında da geriləmə var, özü də 3.4%. Bundan başqa respublika daxilində qazın paylayıcı şəbəkələrdə itkisi yüksək səviyyədə qalmaqdadır. Görürsününzmü nə qədər hətta kağız üzərində belə «gözə görsənəsi» problem var bizim iqtisadiyyatın ən aparıcı sahəsində?

REAL VƏZİYYƏT

Geriləmənin səbəbini araşdırıram. Müxtəlif mənbələrdən oyrənirəm ki, neft hasilatının azalmasında əsas səbəb «Çıraq» yatağında fəaliyyətdə olan platformada aparılan təmir işləri olub. Bunun nəticəsində bu yataqdan hasil edilən neftın gündəlik həcmi 90 min bareldən də aşağı düşüb. ARDNŞ isə qış aylarında ölkənin ən böyük neft emalı zavodunda planlı təmir işləri apardığından neft emalını, o cümlədən də neft məhsullarını azaltmağa məcbur olub.

Yəni obyektiv səbəblər də olub və sənaye istehsalında bu, adi bir şeydir.

Ancaq nə olsun! Hökumət prezidentə hər şeyi ancaq yüksələn xətt formasında çatdırmağı sanki özünün əsas borcu bilir.

Baxmayaraq ki, ÜDM artımı yanvar-martda cəmi 1.6% təşkil edib, hökumətin kefi çox yaxşı görsənirdi.
Baxmayaraq ki, ÜDM artımı yanvar-martda cəmi 1.6% təşkil edib, hökumətin kefi çox yaxşı görsənirdi. Açması sadədir: neft bahalaşır
Açması sadədir: neftin ixrac qiyməti dövlət büdcəsində 1 barel üçün $60-dan hesablanmışdı, ancaq reallıqda neftimizin orta ixrac qiyməti I rübdə $95 olub. Bunun nəticəsində təkcə Neft Fondunun əlavə gəlirləri $1.505 mlrd olub.

GÜNÜNƏ $45.3 MLN QAZANAN FOND

Ümumilikdə isə Neft Fondunun rüblük gəliri $4 mlrd-ı ötüb (ortalama hər gün üçün $45.3 mln). Neft Fondu isə dövlət büdcəsinin formalaşdırılmasında artıq çoxdandır ki, 1 nömrəli fiqurdur. Təkcə büdcənin yarısından bir qədər artığı onun payına düşür. Neft Fondunun özünü isə əsasən PSA tipli neft müqavilələrindən əldə edilən gəlirlər formalaşdırır (Neft Fondunun gəlirlərinin 97%-ni). Yəni Azərbaycan hökumətinin faktiki elə bir əməyi yoxdur bu günün büdcə gəlirlərində. Ona görə də gündəmdə bahalı neftdən gələn gəlirlərin xərclənməsidir.

2011-ci ilin büdcə xərcləri cari il üçün 12.7 mlrd manat səviyyəsində təsdiq edilmişdi. Ancaq yuxarılarda büdcə xərclərinə yenidən baxmaq qərarına gəlinib. İlkin məlumata görə, xərclər 8%, yəni 1 mlrd manat artırılır. Cari kursla bu edir $17.3 mlrd. Bu, fantastik bir rəqəmdir!

Yalan olmasın «Azəri-Çıraq-Günəşli» müqaviləsi çərçivəsində neft hasilatı başlayandan vətəndaş cəmiyyəti neft gəlirlərinin effektiv xərclənməsindən danışır. Ancaq hökumət elə öz «çaxçuxundadır».

ƏVVƏL ASFALTLAMAQ, SONRA QAZMAQ

Uzağa getmirəm – göz qabağında olandan danışıram. Mart ayının əvvəlindən Azadlıq prospektinin başlanğıcında yolların təmirinə start verilib.

40 gün kiçik bir hissədə qranit bardürlər düzədilib və yol müəyyən hissələrdə genişləndirilib. Və ancaq bundan sonra 2 günür ki, asfaltlama əməliyyatı başlayıb. Bu gün gördüklərim isə tendersiz-filansız, səliqəsiz-şəristəsiz, plansız əməliyyatların məcmusudur. Əvvəla, küçələrin kəsişmə yerlərində yenicə salınmış asfaltı asfaltkəsən texnika ilə yenidən qazırdılar, sonra ora kabel qoyub üzərini betonlamağa başladılar.

Dilarə Əliyeva və 28 May küçələrinin Azadlıq prospekti ilə kəsişdikləri yerin aralığında isə 2 yerdə 1 gün əvvəl salınmış asfaltın ekskvatorla qazıntısını müşahidə etdim və şəkildən də göründüyü kimi kanalizasiya fontan vuraraq asfaltın üzü ilə axmağa başlayıb.

Bunları görəndən sonra isə öz-özümə düşünürəm – neftin hansı qiymətdə olmasının Məmmədhəsən kişinin həyatına nə mənası?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG