Keçid linkləri

-

BELƏ DƏ DON AÇMAQ OLAR?

ATƏT sədri «dondurulmuş münaqişələr» deyimini qəbul etmədiyini deyəndə, bunu başqa kontekstdə anlamışdım. Düşünmüşdüm ki, almaniyalı diplomat münaqişələrə daha dinamik münasibətin tərəfdarıdır...

İndi bəlkə bu da taleyin bir acı zarafatıdır ki, Qarabağ münaqişəsinə tətbiqdə donmamış sözü başqa rakursda işarır. Aprel başlar-başlamaz, elə bir gün olmur ki, döyüş bölgəsində atəşkəs rejimi pozulmasın. Ən çox narahatlıq və dilxorçuluq da bundandır ki indi atəş daha çox iriçaplı silahlardan, artilleriyadan yararlanmaqla pozulur.

Bəli, Ermənistan Azərbaycanın təmas xəttinə yaxın kəndlərini daim atəş altında saxlayır. Moskvada növbəti atəşkəs haqqında razılaşma əldə olunanda düşünüldü ki, nisbi şəkildə də olsa da, rejim gözləniləcək. Di gəl, bəlkə bu da simvolikdir ki, atəşkəs haqqında yeni razılaşma əldə ediləndən sonra Rusiya Ermənistan yaraqlılarına tank hədiyyə etdi...

SÜLHMƏRAMLILAR OLMADAN...

Bəs niyə belə olur? Niyə döyüş bölgəsində vəziyyət gərginləşdirilir? Bu suala cavab vermək həm asandır, həm də çətin. Diqqətli oxucu deyə bilər ki, atəşkəs, əslində, heç bir vaxt gözlənməyib, əgər belə olmasaydı, indiyədək təkcə Azərbaycan iki min nəfər itki verməzdi...

Düzdür, amma bir nüans var. Atəşkəsin ilk dövrlərində təhlükə daha çox snayperlərdən gəlirdi. Amma indi, bir az əvvəldə qeyd etdiyimiz kimi, çox böyük silahlardan, artilleriya qurğularından istifadə olunur ki, bu da dinc insanlara və tikililərə böyük ziyan vurur.

Bəs bu dönüşün səbəbi nədir? Bəlkə uzanmış münaqişə hamını yorub və hamı onun daha tez «həll olunması»nı istəyir?

Daha düzgün cavab bu olardı ki, Ermənistan hakimiyyəti aprelin ilk günlərində düçar olduğu hərbi uğursuzluğun əvəzini çıxmaq, ictimai rəydə laxlamış mövqelərini dirçəltmək istəyir. Və yaxud onun fikri Azərbaycanın mülki əhalisi arasında panika səpməkdir, çünki mülki əhali elə bir kateqoriyadır ki, onun ovqatı döyüşçülərə sirayət etmək, onların döyüş ruhuna təsir etmək gücündədir....

Amma mənə elə gəlir ki, burada başqa bir detal da var. Bir ildən artıqdır ki, hamı «Lavrov planı»ndan, guya münaqişənin həlli üçün Rusiyanın böyük səylərindən danışır və yaxud yazır. S.Lavrov Ermənistana səfər edərkən Rusiya XİN-in sözçüsü dedi ki, ölkələri «öz maraqlarına və məqsədlərinə cavab verən təkliflər» hazırlayıb. Görəsən, söhbət hansı «maraq» və «təklif»lərdən gedir?

Təəssüf ki, Rusiya tərəfi açıqlamadı. Amma bu təkliflərin içində bölgəyə rusiyalı sülhməramlıların gətirilməsi təklifinin olmaması ay təəccüb doğurardı a...

Düzdür, Ermənistan səfərindən sonra deyildi ki, ölkənin prezidenti Rusiyanın bu təklifinə də razılıq verməyib. Amma bu, uydurma xəbər də ola bilər. Bəlkə də Rusiya ilə Ermənistan arasında növbəti «oyun» gedir və tərəflər ona çalışırlar ki, Azərbaycan hər şeyi bir tərəfə atıb və öz əvvəlki tələblərini unudub, təmas xəttinə ayrıcı qüvvələrin və yaxud beynəlxalq praktikada deyildiyi kimi, sülhməramlıların gəlməsinə razılıq versin. Məsələ bundadır ki, atəşkəs, sülhməramlılar olmadan, 22 il təmin edilib, amma indi elə fon yaratmaq istəyirlər ki, sanki daha onlarsız mümkün deyil...

Təbii ki, bu fikrin də əleyhinə arqumentlər tapmaq mümkündür. Ən azı, demək olar ki, Ermənistan-Rusiya münasibətləri anlaşılmazdır. Hərçənd, başaçılası bir şey dəyoxdur – Ermənistan ondan narazıdır ki, niyə Rusiya onlara daha fəal dəstək vermir?

HAQLA NAHAQ ARASINDA SİMMETRİYA OLANDA...

Aydın məsələdir ki, bölgəyə sülhməramlıların gəlməsi zərurəti yaransa, Rusiya olacaq, çünki nə ABŞ, nə də Fransa bölgəyə əsgər göndərəcək. Minsk Qrupunun digər üzvlərindən isə heç danışmağa dəyməz. Onlar, həmişəki kimi, seyrçi mövqeyindədirlər. Arabir «Status-kvo belə davam edə bilməz!», «Münaqişənin hərbi həlli yoxdur!» kimi bəyanatlar verməklə sükutu pozurlar. Di gəl, heç biri demir ki, İraq, Suriya və digər münaqişələrin də hərbi yolla həlli yoxdur! Üstəlik, belə bir faktı da unudurlar ki, niyə keçmiş Yuqoslaviyada münaqişə yalnız NATO işə qarışandan sonra həllini tapdı?

Bu gün iki məsələ aydındır. Dünya Birliyinin sərəncamında sülhə məcbur etmək vasitələri olmalıdır. İkincisi, simmetrik münasibətlər yaxşı olsa da, haqlı ilə haqsız arasında vurnuxanda böyük ədalətsizlik törədir.

Axı neçə illərdir ki, Azərbaycana və Ermənistana münasibətdə simmetriyanı saxlamağa çalışırlar. Amma onların biri təcavüz edən, digəri isə təcavüzə məruz qalandır.

Məsələn, bu günlərdə BMT-nin Baş katibi Bakıya Sivilizasiyalar Alyansının Forumuna gəlmədi və bunu başqa «iş»lərinin olması ilə əsaslandırdı. Amma düşünürəm ki, bu da simmetriyanı saxlamaq cəhdi idi, çünki o, Bakıya gəlsəydi, Ermənistan tərəfi bundan «inciyə» bilərdi...

Ola bilsin, bununla da razılaşmayanlar tapılacaq, amma məncə, acı gerçəkdən söhbət gedir.

Ən çox məyus edən və təəssüf doğuran isə odur, zaman ötdükcə dünyada belə gerçəklər azalmaq əvəzinə bir az da artır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG