Keçid linkləri

-

HAY-KÜY VƏ FİASKO

Ermənistanın qondarma «Dağlıq Qarabağ Respublikası»nı tanıyacağı haqqında xəbər, tam da olmasa, hər halda bir neçə gün önəmli həddə media gündəmini zəbt etdi. Bəlkə də xəbərin «zirvə saatı» ötəndən sonra onun şərhi bir qədər gecikmiş sayılacaq. Amma belə deyil. Azərbaycanla Ermənistanın münasibətləri hələ də gərgindir və sonuncunun bu münasibətləri bir az da gərginləşdirməkdən ötrü daha nələrə əl atacağı gündəmdə sual kimi qalır.

Düzdür, əvvəldən də bilinirdi ki, Ermənistan bu addımı atmaz və «DQR»-i tanımaz. Bəlli idi ki, bu onun son və ya daha bir hədəsidir. Elə o üzdən, əvvəlcədən hökumətin müvafiq «qanun layihəsi»ni bəyənməsi və parlamentə ötürməsi deyilsə də, sonra həm hökumət, həm də parlament «sözünü tutmadı».

HƏTTA TANISALAR DA

Məsələnin hansı yönü maraq doğurur? Problem heç də onda deyil ki, Ermənistan «DQR»-i tanıyacağı halda təklənəcəyini anlayır. Yox, məsələ bunda deyil, Ermənistanın problemi odur ki, belə bir addım onun diplomatik reputasiyasına son qoya bilər. Üzücü, upuzun danışıqlar, əslində, məhz Azərbaycanın maraqlarına cavab vermir. Ermənistana isə bu sərf edir və lazımdır, çünki vaxt udur və dünyanı problemin kök və mahiyyətindən uzaqlaşdırır. Ermənistana sərf etməyən münaqişənin yenə geniş hərbi əməliyyatlar müstəvisinə keçməsidir, axı yetərincə torpaq tutub, Dağlıq Qarabağ ətrafında, özünün dediyi kimi, «təhlükəsizlik zolağı» yaradan Ermənistanın döyüş nəyinə lazımdır? Üstəlik, Azərbaycanın açıq hərbi üstünlüyü də göz önündədirsə, hərbi əməliyyatlara başlamaq sonu bilinməz risk deyilmi? Təcavüzə qarşı Minsk prosesindən prinsipsiz və başaldadan oyun fikirləşib tapmaq da çətindir. Ermənistan bu prosesdən niyə imtina etsin ki?

GAH NALA, GAH DA MIXA DÖYƏN RUSİYA

Prosesdə başqa maraqlı detallar da vardı. Ermənistanın növbəti təxribatına ABŞ-ın cavabı qısa və yetərincə aydın idi: Departamentin sözçüsü dedi ki, onun ölkəsi də, digər ölkələr kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır...

Amma Rusiya diplomatları belə demədilər. XİN sözçüsü dolaşıq formullarla, faktik olaraq, Ermənistanın maraqlarına cavab verən bir bəyanat səsləndirdi. Bir başqa deyimlə, Rusiya prosesə konkret və birmənalı münasibət bildirmək və öz «satellit»ni düşünülməmiş addımlardan çəkindirmək əvəzinə, «xalqların müqəddəratını tanımaq hüququ» haqqında danışmağa başladı...

Bu səbəbdən mənə bir daha elə gəldi ki, Ermənistanla Rusiya arasında növbəti oyun gedir. Onun mahiyyəti nədir? Bu dəfə hansı ssenari və ya planlar cızılır?

Təəssüf ki, bu suallara birmənalı cavab vermək mümkün deyil, amma...

ATƏŞKƏSİN QİYMƏTİ

...Amma əvvəlki yazılarda bildirmişdim ki, ola bilsin, hər şey psevdoatəşkəs rejiminin «təminat»ları ilə bağlıdır. Bölgədə sülhməramlılar olmadan atəşkəs 22 il saxlanıb. Bəlkə indi elə təsəvvür yaratmaq istəyirlər ki, onun daha bir neçə il davam etməsindən ötrü artıq sülhməramlılara ehtiyac var. Əlbəttə, sülhməramlılar söhbəti reallaşsa, udan Rusiya olacaq. Axı nə ABŞ, nə Fransa, nə də Almaniya və ya başqa bir Minsk Qrupu üzvü buraya əsgər göndərməz. Axı demokratik ölkələrin ən böyük problemi harasa əsgər göndərməkdir. Xüsusən canlı itkilər olanda həmin ölkələrin siyasət adamları çox çətin duruma düşürlər –məsələn, ortastatistik fransızı Fransadan çox-çox uzaq bir ölkədə baş verən əsgər ölümünün «önəminə» inandırmaq elə də asan məsələ deyil.

Düzdür, bu qənaəti bölüşməyənlər da var. Bəzi təhlilçilərin fikrincə, məsələ daha bəsitdir və iş ondadır ki, heç Rusiya da hər şeyə qadir deyil.

Amma yenə düşünürəm ki, «DQR»-in tanınma məsələsi Rusiya diplomatlarından ötrü bir siyasi test idi. Məncə, onlar bu testdən elə də uğurla keçmədilər...

«QIRMIZI XƏTT»İN HƏNDƏVƏRİNDƏ...

Ermənistana və Azərbaycana gəlincə, bu məsələ hər iki ölkə arasında həmişə bir «qırmızı xətt» olub – azərbaycanlılar da, ermənilər də həmişə düşünüblər ki, görəsən, qondarma «DQR»-in müstəqilliyi tanınsa, nə baş verəcək?

Bir daha məlum oldu ki, böyük hesabla heç nə baş verməyəcək. Ona qalsa, hələ 80-ci illərin sonunda Ermənistan parlamenti Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında silsilə «qanun»lar qəbul etmişdi. Nə oldu? Kimsə bu qanunlara məhəl qoydu?..

«DQR»-in müstəqilliyindən danışanlara da məhəl qoyan tapılmayacaq. Ona görə də bu addımı atmayacaqlar. Atsalar, bir daha deyirəm ki, bununla da 24 illik üzücü Minsk prosesini nöqtələyəcəklər...

Bu isə onların maraqlarına heç cavab vermir. Ən azı ona görə ki, proses yalnız Azərbaycandan ötrü üzücü və əzablıdır, əl-qolunu bağlayır və dünyanı problemin mahiyyətindən və real həllindən uzaqlaşdırır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG