Keçid linkləri

-

YARPAQ BUDAQDAN ASILINCA...

Üç ay gerçək iqtisadi nəticələrə yetməsə də, bəlli nəzəri mülahizələrə imkan verir. Bəli, ikinci devalvasiyadan üç aydan bir az artıq vaxt keçib. Nə demək olar?

Məncə, manat duruş gətirdi. Bəlkə də iqtisadçılar bu qənaətlə razılaşmayacaqlar, amma bunun əksini sübut etmək elə də asan deyil. Həm də belə demək olar ki, böyük ehtimalla, 3-cü şok olmayacaq. Manatın «üzən məzənnə»si kursla bağlı yetərincə variasiyalara imkan verir. Ancaq yarpaq budaqdan asılı qaldığı kimi, ölkə iqtisadiyyatı da neftin qiymətindən asılı qalıb.

Neftin qiymətinə kritik hədd (barrelinə 10 dollar!) sovuşsa da, böyük artımlar gözlənmir. Elə bu üzdən böhran, küt diş ağrısı kimi, hələ uzun müddət davam edəcək.

Böhranla bağlı təkcə taktik addımlar deyil, həm də strateji siyasət ayrıca önəm daşıyır. Strategiya da budur ki, yalnız sözdə yox, elə həyatda da neft gəlirləri olmadan yaşamağa başlamaq lazımdır.

Demirəm ki, bununla bağlı heç bir iş görülmür. Yox, yetərincə qərar və sərəncamlar olub. Amma bir məsələ var: Əlinin papağını Vəlinin başına qoymaqla ölkə postneft dönəmində yaşamağa başlamaz.

Bu günlərdə ölkə iqtisadiyyatının strateji inkişaf xəritəsinin hazırlanmasına dair sərəncam oldu. İqtisadiyyatın dirçəldilməsi üçün bəzi müstəqil iqtisadçıların da hökumətə cəlb ediləcəyi barədə də söhbətlər gəzir. Bütün bunlar yaxşıdır. Amma yetərli deyil...

BİZ DANIŞIRIQ, ONLAR İŞ GÖRÜR...

Yanacaq, tranzit və turizm – ölkə iqtisadiyyatının üç sütunu bunlardır. Tranzit imkanları hələ indi səfərbər edilir. Bu sahədə təkcə Azərbaycan deyil, elə digər ölkələr də ilk dəfə buzun üstünə çıxan naşı uşağa bənzəyirlər. Halbuki bəzi incəlikləri bir qədər əvvəldən görmək lazım idi.

Real tranzit dəhlizinin yaranması uyğun qanunvericilik bazasının unifikasiyasından tutmuş,tranzit infrastrukturunun inkişafınadək böyük bir sahəni əhatə edir. O üzdən məsələ bir günün içində gəlir gətirə bilməz.

Əlinin papağını Vəlinin başına qoymaqla ölkə postneft dönəmində yaşamağa başlamaz.

Amma digər sahələrdə indiyədək çox iş görmək olardı. Götürək elə turizm sahəsini. Hesablamalara görə, Gürcüstana təkcə ötən il gələn turistlərin sayı, az qala, ölkə əhalisinin sayından iki dəfə çox olub. Təkcə son iki-üç ayda bu ölkəyə Azərbaycandan yüz mindən artıq adam səfər edib.

Məlum olur ki, kiçik və imkansız Gürcüstan turizm sektorunu qurub-dirçəldə bilib, amma Azərbaycan yerində sayır...

...Bu günlərdə Azərbaycanda olmuş bir gürcünü danışdırırdılar. O, mehmanxanaların vəziyyətindən elə sözlər dedi ki, nəinki güclü turizm sektoruna iddialı, hətta adi ölkənin vətəndaşı kimi bundan yalnız utanmaq olardı. Ona görə də bizi sevməyənlərin bir sözü düşür adamın yadına. Onlar deyirdilər ki, azərbaycanlılar yalnız alış-veriş etməyi, ucuz alıb qat-qat baha satmağı bacarırlar...

Nə demək olar? Görünür, hesablaşmaq lazımdır ki, bu sözlərdə müəyyən qədər həqiqət var. Turizm-filan bir tərəfə qalsın, xidmət də bir mədəniyyətdir və insanlar da həmişə bu mədəniyyətin yüksək olduğu ölkələrə can atırlar...

FƏHLƏ SİNFİ BU QƏDƏR QORXULUDURMU?

Bütövlükdə elə iqtisadiyyatın özü də bir mədəniyyətdir. İnanın, Azərbaycanda ilk hərbi-sənaye kompleksi yaradılanda buna xeyli sevindim. Birincisi, ona görə ki, həmin sahə elmi tutumlu istiqamətdir. İkincisi, düşündüm ki, mühəndislərimizin, ən azı, bir hissəsi işlə təmin olunacaqlar. Sonuncu məndən ötrü ayrıca önəm daşıyırdı, axı dolanışıq üçün yol qıraqlarında, bazarlarda göy-göyərti satan onlarla mühəndis tanıyırdım.

Vaxtilə bu hökumətin məmuru olmuş bir nəfər deyir ki, sənayeni fəhlə sinfinin yaranmasından qorxduqları üçün inkişaf etdirmirlər...

Amma bu sahədə də hələ xeyli problem, bizim anlamadığımız məqamlar var.

Məsələn, ARDNŞ sənaye obyektlərini kənarlarda, bir çox hallarda Türkiyədə tikir. Təbii ki, Türkiyə qardaş ölkədir. Di gəl, özünü sevməyən insan heç qardaşını da ürəkdən sevə bilməz.

İndi böyük qaz layihəsindən savayı, demək olar, bütün sənaye layihələri dondurulub. Amma kənardakılar davam etdirilir. Səbəbini anlaya bilmirəm. Vaxtilə bu hökumətin məmuru olmuş bir nəfər deyir ki, sənayeni fəhlə sinfinin yaranmasından qorxduqları üçün inkişaf etdirmirlər... Doğrusu, mən marksist kateqoriyalarla düşünməyi sevmirəm, ancaq həmin məmurun dediyinin qarşılığında başqa ağıllı arqument tapa bilmirəm.

PULU SİFƏTİMİZƏ ÇIRPMASINLAR DEYƏ...

Ona görə də çox şey qaranlıq qalır və anlamaq da olmur ki, hökumət postneft erası deyəndə nəyi düşünür?

Bəlkə nefti, sadəcə, qazla əvəz etmək istəyirlər? Doğrusu, bilmirəm. Təkrar yazıram ki, ölkədə biznes psixologiyasının dəyişməsinə ehtiyac var. «Bulanıq suda balıq tutmaqla», «qaz vurub qazan doldurmaqla» çox da uzağa gedə bilmərik. Həm də ona görə ki, «küylə gələn hayla gedər!» – deyiblər. Bizlərsə harasa getməyi planlaşdırmadığımızdan, bir az dəyişmək lazımdır. Elə dəyişmək ki insanlar pul ödəməklə yanaşı, ürəkdən «sağ ol» da desinlər. Başqa sözlə, daha pul əskinaslarını sifətimizə çırpıb «sox gözünə!» deməsinlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG