Keçid linkləri

-

OBAMA - PUTIN TƏŞƏBBÜSÜ

BMT də sözünü dedi. Fevralın 27-nə keçən gecədənbəri Suriyada atəşkəs elan olundu. Bu elanadək hamı iki fövqəlgüc arasındakı dialoqa diqqət kəsilmiş və ABŞ-la Rusiya arasındakı danışıqları izləyirdi.

Atəşkəsin asan bərqərar olmayacağı öncədən bilinirdi. Ən azı ona görə ki, ABŞ B.Assad-la bağlı əvvəlki mövqeyində israr edir və gələcək Suriyada ona yer olmadığını bildirirdi. Üstəlik, atəşkəsin tərəfləri kimi B.Assad-ın qüvvələri, kürdlər və bir də mötədil müxalifət nəzərdə tutulur və bu, İŞİD-ə şamil edilmirdi. Əslində, belə də anlamaq olardı ki, hamı birləşərək İŞİD-ə qarşı vuruşmalıdır.

Təəssüf ki, lap əvvəldən hər hansı əminlik sezilmirdi. Bir yandan da Türkiyə Suriya Kürdüstanındakı radikal qüvvələrə onların əməllərinin cavabsız qalmayacağını eşitdirirdi. Amma indilik, bir qədər könülsüz olsa da, Türkiyə də atəşkəs rejiminə əməl edir. Rusiya isə Suriyanı bombalamayacağına söz verib və bu vaxtadək onun qərarını dəyişməsi haqqında məlumat yoxdur...

Ümid etmək olar ki, Rusiya sözünü axıradək tutacaq, çünki indiki atəşkəs prosesi Putin-Obama təşəbbüsü adlanır. Amma Rusiyanın təhlilçi və siyasi düşüncə adamları ölkənin bu qərarından heç də razı deyillər. Onların fikrincə, atəşkəs yalnız B.Assad-a qarşı vuruşan qüvvələrin maraqlarına xidmət edir. Xoşbəxtlikdən Rusiyanın siyasətini həmin adamlar müəyyənləşdirmirlər, yoxsa, kim bilir, neçənci dünya savaşını yaşamalı olardıq...

Qərəz, indi atəşkəsin ikinci həftəsidir. Bir-iki gündən sonra ilk nəticələr haqqında danışmaq mümkün olacaq. Hələliksə...

RUSİYA KÜRDLƏRİ YENİDƏN KƏŞF EDİR

Bəli, hələliksə, Rusiya nəşrlərində vaxtaşırı Suriya kürdlərinin liderlərindən müsahibələr gözə çarpır, sanki bu nəhəng ölkə kürdləri yenidən kəşf edib. Elə əvvəlki dövrlərdə də separatçı kürdlər – özəlliklə PKK məhz SSRİ-dən hərbi-siyasi dəstək alırdı. Görünür, «ənənə»lər hələ də yaşayır...

Suriya kürdləri artıq özlərini muxtariyyət elan ediblər. Yaxın vaxtlarda hətta tam müstəqilliklə bağlı referendum keçirmək niyyətləri də var.

Amma elə onlarsız da gələcək Suriyanın federallaşması haqqında söhbətlər gəzir.

Hazırda üç federasiya subyekt nəzərdə tutulur: sünni, şiə və bir də kürd Suriyası. Artıq demək olar ki, kürdlər daha bir ölkədə de-fakto muxtariyyət əldə ediblər. Amma Suriya kürdlərinin hərbi birləşmə sayı, onların əlindəki silah çeşidləri haqqında məlumatlara baxanda, görürsən ki, de-yure muxtariyyət da elə uzaq perspektivdə deyil...

Təkcə Suriyada indi yüz minlərlə silahlı və təcrübəli kürd var. Üstəlik, kürdlər radikal dini cərəyanların təsirinə daha az məruz qalıblar. Məndən soruşsaydılar ki, Yaxın Şərqdə daha kim ortabab dünyəvi dövlət qurmağa qadirdir, düşünmədən onların adını çəkərdim.

«KÜRD HƏLQƏSİ»NİN QAPANMASI ÜÇÜN

İndi kürd muxtariyyətinin elan olunmadığı ölkələr İran və Türkiyədir. İraq və Suriyanı çıxsaq, kürdlərin ən çox məskunlaşdığı digər iki ölkə.

Türkiyə kürdlərinin sayı daha çoxdur. Bu amil, az da olsa, İranla Türkiyəni yaxınlaşdırır – heç kim ərazisində daha bir kürd «anklav»ının yaranmasını istəməz.

İran bu məsələdə daha üstün təsir vasitələrinə malikdir. Orada həm kürdlərin sayı nisbətən azdır, həm də bu ölkədə sərt avtoritar siyasi sistem hökm sürür. İran kürd separatçıları «ərköyünləşdirməyi»o qədər də sevmir və azacıq «həyəcanlanma» olan kimi dərhal onların başının üstünü kəsdirir. Türkiyə haqqında isə bunu demək çətindir...

KÜRDLƏRƏ AYIRILAN MİSSİYA

Bir neçə il əvvəlin – 90-cı illərin ikinci yarısının söhbətidir. Yerli müxalifət qəzetlərində antikürd kampaniyası geniş vüsət almışdı. O vaxt bu prosesin, azacıq da olsa, qarşısını almağa çalışdım. İki mühüm səbəb vardı.

Birincisi, mən liberal düşüncəli adamam. Ona görə də fərq qoymadan hansısa topluma qarşı qərəzi, xüsusən etnofobiyanı qətiyyən qəbul etmirəm. Amma digər səbəb də vardı. Uzun təhlillərdən sonra belə qərara gəlmişdim ki, ABŞ Yaxın Şərqdə kürdlərə missiya hazırlayır.

O vaxt hələ ikinci İraq kampaniyası baş verməmişdi. Halbuki buna qədər baş vermiş birinci kampaniya müəyyən qənaətlərə gəlməyə yardımçı ola bilərdi. Sonra ikinci İraq kampaniyası oldu, S.Hussein devrildi və ardından hətta ilk prezident kürd oldu. Müəyyən mənada mənim qənaətim təsdiqləndi.

Amma bu, hələ hamısı deyil. Suriyadakı kürdlər də bəlli anlamda ABŞ-ın diqqətindədir. ABŞ onların «qara göz»ünə vurulmayıb. Suriyada indi mövcud olan və güvənc yeri sayılan ərəb müxalifəti zəif və dağınıq, həm də təcrübəsizdir. Amma kürdlər haqqında bunu demək olmur. Onlar təcrübəli və mütəşəkkildir. Təkcə Suriyada indi yüz minlərlə silahlı və təcrübəli kürd var. Üstəlik, kürdlər radikal dini cərəyanların təsirinə daha az məruz qalıblar. Məndən soruşsaydılar ki, Yaxın Şərqdə daha kim ortabab dünyəvi dövlət qurmağa qadirdir, düşünmədən onların adını çəkərdim.

ABŞ bunu da nəzərə alır və heç şübhəsiz, kürdlərlə bağlı daha uzağagedən planları var. Sadəcə, ABŞ Türkiyəni və ərəb müttəfiqlərini birdəfəlik itirmək istəmir. Məsələ, necə deyərlər, buna «ilişib» qalıb.

Türkiyə ilə ABŞ arasında yaşanan ziddiyyətlərin böyük hissəsi də elə bununla bağlıdır – «kürd məsələsi»nə baxış hətta iki yaxın müttəfiqi də ayıra bilir.

Düzdür, bu gün amerikalı siyasətçilər daha çox Suriya kürdlərinin Rusiyanı seçməsindən danışırlar. Məncə, bir az tələsik nəticədir, əslində, onlar hər iki tərəfə həssaslığını saxlayır və reallıqlardan faydalanmağa çalışırlar.

Türkiyə bircə «nüsxə»dir, tək demokratik müsəlman dövlətidir. Onun sarsılması müsəlman dünyasında demokratik dövlətçilik arzusu ilə yaşayan yüz minlərlə insanın arzu və ümidlərinin üstündən birdəfəlik xətt çəkmək olardı...

BİLİNMƏZLİYƏ DOĞRU...

Türkiyəyə gəlincə, onun problemi, əslində, yalnız İraq və Suriya kürdlərindən irəli gəlmir. Hazırda İraq kürd muxtariyyətinin Türkiyə ilə normal münasibətləri var. Düzdür, Suriya kürdləri haqqında bunu demək çox çətindir, amma ən böyük problem elə Türkiyənin içindəki kürdlərdir. Onların sayı 15 milyonu aşır. Təbii ki, bu insanların hamısı radikal qüvvələri, PKK-nı və ya digər separatçı qüvvələri dəstəkləmir.

Türkiyə də kürdlərin böyük bir hissəsinin öz vətəndaşı olmasının fərqindədir. Hələ bir neçə iləvvəl bir detala diqqət çəkmişdim: Türkiyə prezidentlərinin bir neçəsi kürdəsilli olub. Ancaq problem yenə problemliyində qalır. Kim zəmanət verə bilər ki, məşhur «kürd həlqəsi» (kürdlərin İran, Suriya, İraq və Türkiyədə məskunlaşdığı ərazilər) qapanmayacaq və proses Türkiyənin içərilərinə doğru hərəkət etməyəcək?

Məsələn, güman edilirdi ki, S.Demirtaş başqa yolla gedəcək, özünü Türkiyə vətəndaşı sayan və bu ölkəni vətəni bilən kürdlərin maraqlarının ifadəçisi olacaq. Di gəl, o, ilk fürsətdə Rusiyaya yollandı və orada da S.Lavrov-un qəbulunda oldu...

Qərəz, problem böyükdür. Bəs çıxış yolu varmı?

Bir neçə il əvvəlin bir söhbətini də xatırladım. Bir türk dostum (Türkiyənin müxalifət partiyalarından birinin üzvü idi) mənə «sübut» etmək istəyirdi ki, Türkiyədə kürd «yoxdur», «dağ türkləri» var. O vaxt ona dedim ki, siz onları «dağ türkləri» və ya başqa cür adlandıra bilərsiniz, amma onlar kürddür və özlərini fərqli milliyyət kimi dərk edirlər...

Elə bu səbəbdən bu gün də düşünürəm ki, çıxış yolu qarşılıqlı anlaşmadadır. Türkiyə özünün kürd vətəndaşlarını daha yaxşı anlamağa çalışmalıdır. Əks halda, yol məchulluğa doğru gedir. Bunu isə qətiyyən istəməzdik.

Böyük güclər də Türkiyəni anlamağa cəhd göstərməlidir. Demirəm ki. Türkiyədə ideal demokratiya var, amma Türkiyə bircə «nüsxə»dir, tək demokratik müsəlman dövlətidir. Onun sarsılması müsəlman dünyasında demokratik dövlətçilik arzusu ilə yaşayan yüz minlərlə insanın arzu və ümidlərinin üstündən birdəfəlik xətt çəkmək olardı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG