Keçid linkləri

Təcili xəbərlər

Lissabondan Vyanayadək tək təsəlli


Vyanada Qarabağ danışıqları
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Vyanada Qarabağ danışıqları

-

HƏR ŞEY DEYİLSƏ DƏ...

Vyana görüşündə elə bir gözəçarpan olay baş vermədi. Təbii ki, prezidentlərin iyunda daha bir yüksəksəviyyəli görüşə qərar verəcəyi və bir daha atəşkəsə sayqı bildirmələri nəzərə alınmasa. Olub-bitənlərin hamısını media xəbərlədi.

Hətta görüş zamanı Rusiya xarici işlər nazirinin Ermənistan nümayəndə heyətinin yanında oturmasını da yaddan çıxarmadılar. Bu səbəbdən üstümə yeni bir informasiya çatdırmaq missiyasını götürmək fikrindən uzağam.

Düzdür, yerli medianın diqqətindən qaçan kiçik detallar da oldu. Məsələn, S.Lavrov dedi ki, prezidentlər indi güzəştlərə daha meylli görünürlər. Amma bu detal nəyi dəyişir? Məgər elə görüş günündə daha bir azərbaycanlı əsgərin həlak olması daha çox şey demirmi?..

İLK DƏFƏ AÇIQ HƏRBİ ÜSTÜNLÜKLƏ

Bütün hallarda, nə qədər qəribə görünsə də, Vyana görüşünə maraq vardı. Elə də çox deyildi, sadəcə, əvvəlki görüşlərdən bir az çox maraq sezilirdi bu görüşə.

Axı Azərbaycan ilk dəfə idi ki, yüksəksəviyyəli görüşə açıq hərbi üstünlüklə gedirdi. Bu, ilk baxışda əhəmiyyətsiz detal kimi görünə bilər, amma diplomat nə qədər mahir olursa-olsun, arxasında güc hiss etməzsə, onun tələb və arqumentləri də kəsərsiz qalır. Görüşlərə illərlə məğlub ölkə kimi qatılan Azərbaycan bu dəfə daha inamlı görünür və bu görüntü, istər-istəməz, Ermənistan tərəfinin davranışında da əksini tapırdı.

İlk dəfə idi ki, Azərbaycan özünün hərbi üstünlüyünü sözdə deyil, əməldə nümayiş etdirən ölkə təsiri bağışlayırdı. Düşünülürdü ki, bəlkə bu amil Ermənistan tərəfini daha gerçəkçi olmağa və münaqişənin perspektivini daha ayıq qiymətləndirməyə vadar edəcək. Təəssüf ki, qarşı tərəfin davranış və diplomatik ritorikasında həmin amil bir o qədər də sezilmədi.

Bir səbəbi budur ki, aprelin ilk günlərində itirdiyi mövqeləri Ermənistan tərəfi strateji baxımdan önəmsiz sayır və Azərbaycan ordusunun güclü həmləsi qarşısında işğal etdiyi əraziləri əlində saxlaya bilməsini özünün ciddi uğuru kimi qiymətləndirir. Digər səbəbi odur ki, həmsədrlərin diplomatik tonu daha çox Ermənistanın maraqlarına cavab verir. Məsələn, Vyana görüşündə nə dedilər ki, onlar? Bir daha bildirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bu isə o deməkdir ki, Azərbaycan tərəfindən genişmiqyaslı hərbi əməliyyatların olmayacağına Ermənistan arxayın ola bilər...

İŞĞALLA BARIŞMASAYDILAR...

Bu xüsusda başqa nə demək olar? Hər dəfə belə bəyanatları eşidəndə beynimdə sual doğur: Bəs hərbi təcavüzün nəticələrini reallıq kimi, özü də hesablaşmaq lazım gələn bir reallıq kimi qəbul etdirmək düzgündürmü?

Ermənistan Dağlıq Qarabağdan kənarda da Azərbaycanın bir neçə rayonunu işğal edib və hətta onlara ad da verib: «təhlükəsizlik zolağı»!..

Həmsədrlər və ən azı, Minsk Qrupuna daxil ölkələrin başçıları bu rayonların işğalı ilə barışmasaydılar və onların qeyd-şərtsiz qaytarılmasını istəsəydilər, tərəflərin «sıfır vəziyyəti»nə qayıtmasında israrlı davransaydılar, o halda biz də münaqişənin hərbi həllinin olmaması haqqında onların səsləndirdiyi bəyanatları daha səmimi qəbul edərdik...

Amma onlar işğalın nəticələrini, demək olar, reallıq sayırlar. Bu rayonların sülh yolu ilə, danışıqlar vasitəsilə qaytarılmasına nail ola bilmirlər. O biri yandan da hərb yolunu məqbul saymırlar.

Bəs onda nə etməli? Düz 3-cü onillikdir ki, insanlar onlardan bu sualın cavabını umur, amma ala bilmirlər. O üzdən, Minsk Qrupu çərçivəsində gedən danışıqlara və bu barədə deyilib-yazılanlara apaçıq şübhəylə yanaşırlar...

RUSİYANIN MEYDANI DARALDI

Bəs onda bu görüşlərin önəmi nədir? Doğrudanmı onların heç bir faydası yoxdur? Məncə, tək faydası var: Ara-sıra, ABŞ və Fransanın özünü xatırlatması Rusiyanın meydanını daraldır və beləcə, Rusiya şərait və durumun tam ağası olmaq hissindən məhrum qalır.

Təsadüfi deyil ki, Vyana görüşü ərəfəsində Rusiya qaynaqları «Təşəbbüsü bizdən alırlar!» deyə hay-küy salmışdılar. Münaqişə Rusiyanın tam nəzarətində olsaydı, bəlkə də Azərbaycan üçün daha ağır olardı. Məsələn, elə bu yaxınlarda Rusiya mənbələrindən belə bir informasiya sızdı ki, Ermənistan atəşkəsin təmin edilməsindən ötrü «daha ciddi texniki vasitələr»in tətbiq olunmasını və hətta bölgəyə sülhməramlıların gəlməsini istəyir. Rusiya mətbuatı uzun müddət bu detalı sızdırmamağa çalışdı, amma bütün kanallara nəzarət etmək olmur. Aydın məsələdir ki, indiki vəziyyətdə sülhməramlıların gəlməsi mövcud hərbi teatrın daha bir neçə il dondurulması demək olardı.

TƏSƏLLİMİZ NƏDİR?

Qərəz, lap Lenin demişkən, haqqında çox danışılan görüş baş tutdu və həmişə olduğu kimi, nəticəsiz bitdi...

...Adama təsəlli verən, bilirsiniz nədir? Rəsmi Bakı daha öz cəmiyyətinə Qarabağ haqqında yalan danışmağa lüzum görmür. Adətən, deyirlər ki, çalışırıq, amma bir nəticə yoxdur. Necə deyərlər, buna görə də sağ olsunlar! Bəlkə də indiki gənclər bunun nə demək olduğunu elə də duymazlar, amma... Amma Lissabon sammitindəki «cahanşümul qələbə» haqqında deyilənlər, yazılanlar və hətta oxunanlar hələ də biz yaşlıların qulağında səslənir. Şükür ki indi belə şeylər olmur və ya az olur. Bir daha deyirəm ki,buna görə də sağ olsunlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG