Keçid linkləri

Təcili xəbərlər

Biz luzerik


►Biz Özbəkistan oluruq. M.F.Axundov bu prosesi saxlaya bilirmi?

Tural Əliyev

BİZ LUZERİK

Artıq elə bir vəziyyətə gəlmişik ki, pafos, entuziazm işə keçmir. Keçəcək nə vaxtsa – kütlə qızışanda. Amma indi nə qızışmış kütlə var, nə də özümüzdən başqa bizi eşidən. Öz aramızda söhbət edirik, səmimi olaq.

İllərdir, maarifçilik haqda yazırıq, Axundovun, Məmmədquluzadənin, Zərdabinin, Nərimanovun, Hacıbəyovun və başqalarının əməyini qiymətləndiririk, haqq etdikləri qiyməti onlara verməyə çağırırıq. Amma unutduğumuz, bəlkə də, unutmaq istədiyimiz bir şey var.

Maarifçilik siyasi rejim dəyişmədikcə, ciddi gücü olan bir şey deyil. Sadəcə siyasi rejim dəyişərkən, demokratik və ya başqa cür xalqa səmimi xidmət edən bir rejim qurulanda potensialından istifadə ediləcək proqressiv insanları maarifçilik hərəkatı yetişdirə bilir.

Buna da bax: Şey... zad... milli dəyər...

MAYA BATIR...

Əgər siyasi rejim dəyişməsə, normal bir rejim qurulmasa, bu proqressiv insanlar depressiyaya düşür, entuziazmları ölür, vicdanlarını susdurur, satılır və ya sadəcə ölüb-gedirlər.

Nəticədə maarifçiliyə xərclənən enerji batır. İtmir, çünki enerji yaranmır və itmir, bir haldan başqa hala keçir. Bu halda isə enerji elə bir hala keçir ki, bunun proqreslə bir əlaqəsi olmur, yəni maya batır.

Materialistəm, siyasi təbliğatdan daha azad düşünəndə materializmin həqiqət olduğunu etiraf edirəm. Kiminsə fədakarlığının, xalq üçün, dəyərlər üçün özünü həlak etməsinin qalıcı olması, heç kim görməsə də, tarixə yazılması kimi, nə vaxtsa bu enerjinin bizə xeyir verəcəyi kimi utopik, entuziast fikirlərə kifayət qədər toxuq artıq.

Dövlətin siyasi rejimi onun iqtisadi, siyasi, geopolitik və s. vəziyyəti ilə müəyyən olunur, 100 il əvvəl hansısa maarifçinin fədakarlığı ilə yox. Hə, Hacıbəyov, Məmmədquluzadə, Hüseynzadə, Ağaoğlu, Şirvani və başqaları çox şey ediblər, müxtəlif nəsillərdən minlərlə insanı tərbiyə ediblər, amma normal idarəçilik olmasa, bu tərbiyə olunanlardan faydalı şəkildə istifadə olunmasa, enerji başqa hala keçəcək, batacaq, necə ki, batır.

Buna da bax: “Ekspertlərin də gözünü qorxutmaq istəyirlər”

ŞƏRQ ELƏ ŞƏRQDİR...

Bizə həmişə Qərbin bariz, gözəl nümunələri göstərilir, elə özümüz də yalnız onları göstəririk. Bəs bu Şərqin bədbəxt xalqlarının tarixində heçmi maarifçi olmadı, onlar heçmi hərəkət etmədilər?! Olub, ediblər.

Çoxlarından xəbərimiz yoxdur, xəbərimiz olanları da məğlubiyyətlərinə görə işıqlandırmırıq. Təsadüflərin qalib etdiyi uğurlular maraqlıdır hamıya, elə bizə də. Yoxsa bizim etdiyimizdən yüz qat artıq fədakarlıq edən, enerji xərcləyənlərin luzerliyi haqda yazmaq bizə nə qazandırır ki. Bəli, entuziast, qaza gətirən yazıları da praqmatik yanaşma ilə yazırıq.

Dünyada 30-40 demokratik dövlət var, biz də həmişə onları nümunə gətiririk, amma reallığa baxsaq, biz onlardan daha çox yerdə qalan luzer çoxluğa yaxınıq, luzerlərlə eyni köynəkdənik. Qınamıram kimisə qalibləri təbliğ etdiyinə görə. Amma özümüzü aldatmışıq sadəcə. Bəlkə də, Kiplinq, le Bon haqlı idi. Şərq Şərqdir, Qərb deyil.

Wikipedia-dan asanlıqla tapmaq olar – dünyada çoxlu üsyanlar, inqilablar, bunlara cəhdlər, maarifçilik hərəkatları olub. Amma biz yalnız qaliblər haqqında məlumatlıyıq. Məğlublar kiməsə maraqlı deyil. Fərqi yoxdur, bərabər şəraitdə məğlub olublar, ya yox (onsuz da şərait heç vaxt bərabər olmur). Bizim maarifçilərimiz də məğlubdurlar, ona görə də xalqımız onları xatırlamır, əksinə onların “maralları”, “danabaşları” kimi davranırlar və bundan utanmırlar.

Çoxlu vədlər, ümidlər vermişik, inanılmaz, idealist, qeyri-real şeylərə inanmışıq, inandırmağa çalışmışıq. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin maarifçiləri bizi Türkmənistan, Özbəkistan, Şimali Koreya olmağa qoymayıblarmış.

Buna da bax: "Bir aftafa su tapmırıq..."

AZƏRBAYCAN OLMAQ İSTƏMƏYƏNLƏR

Amma indi görürük ki, biz Özbəkistan oluruq. Bir az da getsə, qalanlarından da olacağıq. Axundov bu prosesi saxlaya bilirmi? Bəlkə onun davamçıları saxlayır? “Əkinçi”nin nüsxələrini yayaq, görək, kim etiraz edəcək rejimə. “Molla Nəsrəddin” aktual deyilmi? Haqverdiyevin “Marallar”ı yaşamırmı?! Hansı maarifçi korifeyimiz saxlayır bu iyrənc prosesi?!

Yox. Heç kim saxlaya bilmir. Çünki rejim dəyişməyib, yüz illərdir, dəyişmir (aradakı 2 mikroskopik fasilə istisna). Buna görə də enerji batır, başqa hala keçir – oğraşlığa, yaltaqlığa, işverənliyə, torbatikənliyə, rüşvətxorluğa keçir.

Vaxtilə yəqin türkmən ziyalısı da öz-özünə və ya öz marginal dairəsindəki dostlarına deyib ki, hansısa Məhtimqulu olmasa idi, biz indi Şimali Koreya idik. Şimali Koreya ziyalısı Cənubi Koreyaya qaçanda öz-özünə düşünüb ki, mən bu xalqın cüzi düşünən hissəsiyəm, özümü xilas edim, göstərim ki, bu xalq ölməyib. Belə qazlı qənaətlər olub hamısında. Amma biz qıraqdan baxıb görürük ki, yazıqlar bədbəxt vəziyyətdədirlər, təkcə ona görə yox ki, dünyanın ən qeyri-demokratik rejimləridir, həm də ona görə ki, o xaqların tək-tük ziyalıları da özlərini aldadıb.

İndi də biz özümüzü aldadırıq. Kütlə dəyişmir, yoldaşlar. Altşüurun diktəsi ilə hərəkət edən insan toplusu kütlə adlanır. Altşüur isə iradədən kənardır, təkamüllə dəyişir – min ilə, yüz min ilə. Yəni bir neçə əsrlik ziyalı ənənəsi kütləni dəyişə bilməz. Fərdləri ağıllandırmaq olar, kütləni yox, hətta ağıllı fərdlərdən ibarət kütləni də. Kütləni sadəcə idarə etmək, istiqamətləndirmək olar. Bunu isə yalnız siyasi hakimiyyət bacarar.

Budur məsələ. Ziyalılıq, maarifçilik ona görə məğlubdur bizdə. Siyasi rejim məsələsidir. Qərbdə də maarifçilər hakimiyyət tərəfindən istifadə olunana qədər luzer idilər. Böyük Fransa İnqilabına qədər çox maarifçi olub, amma biz daha çox 17-18-ci əsrlərin maarifçilərini öyrənirik, təbliğ edirik. Çünki onların ideyalarını siyasi hakimiyyət həyata keçirib – onlar qalib olublar.

Bəsdir özümüzü aldatdıq. Biz ölürük. Biz luzer oluruq. Bədbəxt Şərqin dibi oluruq. Senzura səviyyəsinə görə son beşliyə girmişik. İndi başqaları Türkmənistan, Özbəkistan, Şimali koreya, Eritreya və Azərbaycan olmamaq üçün çalışır, öz maarifçilərini onları Azərbaycan olmağa qoymadıqları üçün minnətdarlıqla yad edir.

Biz artıq bu tərəfdəyik – luzerlər tərəfində.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG