Keçid linkləri

-

MÜXALİFƏTLƏ DƏ MƏSLƏHƏTLƏŞİRLƏR...

Aprelin ilk günləri təmas xəttində böyük hərbi qarşıdurma yaşanarkən, Ermənistanda baş verən bir olay elə də diqqət çəkmədi: Ermənistan prezidenti S.Sarkisian eks-prezident L.Ter-Petrossian-ın evinə gedərək fikir mübadiləsi apardı.

İlk baxışda çox adi hadisə kimi görünə bilər, amma elə deyil. Əslində, bu hadisə azərbaycanlılara da görk olmalı idi. Demirəm ki, Ermənistanda müxalifətlə hakimiyyət arasında ideal münasibətlər var. Hətta etiraf edirəm ki, Ermənistan hakimiyyətinin Qarabağ probleminin həllində güzəştlərə meylli olduğu vaxtları da xatırlayıram - L.Ter-Petrossian bunu istəyirdi. Amma R.Kocharian məsələni əngəllədi. Bir müddət sonra elə R.Kocharian-ın özü də kompromisə meylləndi, ancaq ona da S.Sarkisian mane oldu. İndi S.Sarkisian da güzəştin qaçılmazlığını anlayır, di gəl, «Qarabağ siyasi-hərbi klanı»nın və eks-prezident R.Kocharian-ın təzyiqiylə üz-üzə qalır.

Bir sözlə, münasibətlər düşünülən qədər hamar deyil.

Bunları niyə dediyimi indi anlatmağa çalışaram. Azərbaycan müxalifəti çox zəifləyib, onun proseslərə ciddi şəkildə təsir etmək, onları yönəltmək gücü və hətta iradəsi yoxdur. Amma ölkə kövrək tarazlıq halındadır. Hər an maliyyə sabitliyi pozula və iqtisadi böhran dərinləşə bilər. Ölkədə işsizlərin sayı durmadan artır. Hakimiyyət yeni iş yerlərinin açılması ilə bağlı böyük statistik rəqəmlər açıqlasa da, hamı bilir ki, əslində, elə deyil. Təsadüfi deyil ki, ilin əvvəlində keçirilən bir neçə əmək yarmarkası fiaskoya uğradı. Ən müxtəlif insanların bu yarmarkalar haqqında söylədiyi rəylər bir cümlədə ortaq məxrəcə gəldi: «Baş qoşma, qardaş, boş şeydir...».

HAMI EYNİ SÖZÜ DEYƏRSƏ...

Elə bu səbəbdən indi milli həmrəylik çox önəmlidir. Hamı eyni sözü deyərsə, hamı eyni hədəfi seçərsə, insanlarda ruh yüksəkliyi yaranır və onlarda özünəinam yüksəlir.

İndi Qarabağla bağlı önəmli danışıqların getdiyi bildirilir. Biri deyir, ilk olaraq, beş rayon qaytarılacaq, digərialtı rayondan söhbət getdiyini söyləyir. Azərbaycan hakimiyyəti danışıqların yenilənmiş Madrid prinsipləri əsasında, Ermənistan tərəfi «Kazan razılaşmaları» ətrafında getdiyini deyir. Qərəz, gerçəkdən qəliz durumdur.

Aydın məsələdir ki, proses alınsa, danışıqlar baş tutsa, hər iki tərəf güzəştə getməyə məhkumdur. Necə deyərlər, bu «oyun»da ideal qələbə yoxdur, hər şey olduqca nisbidir. O üzdən ölkəiçi qərarlar maksimum konsensus əsasında qəbul edilməlidir ki, sonradan bu qərarlar sosial narazılıq və etirazlara çevrilməsin.

Məhz bu səbəbdən belə gərgin günlərdə hakimiyyət müxalifətçi evlərinin qarşısında aksiya təşkil etməkdən daha ağıllı bir yol tuta və ölkə içində milli konsensusa nail ola bilərdi.

Bir daha deyirəm: Qarabağ probleminə hakimiyyətlə müxalifət arasında elə bir baxış fərqi yoxdur. Hamı istəyir ki, danışıqlar aparılsın, problem mərhələlərlə çözülsün, ilk olaraq, ətraf rayonlar qaytarılsın, məcburi köçkünlər yurd-yuvalarına dönsün və... Və yalnız bunlardan sonra Dağlıq Qarabağın statusuna yenidən baxılsın...

Bir sözlə, siyasi platformalar yetərincə yaxındır. Bəlkə elə bu yaxınlıq ölkənin dirəniş qabiliyyətini bir az da artırmaq gücündədir. Belədirsə, demək, ondan yararlanmaqda da fayda var...

UGUR ÖZ YERİNDƏ, AMMA EYFORİYAYA ƏSAS YOXDUR...

İndi hakimiyyət bir az eyforik durumdadır. Təbii ki, aprelin ilk günlərində ordunun göstərdiyi müqavimət öyünməyə əsas yaradır, amma bundan çox uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Hələ bilinmir ki, həmin uğurlar Ermənistanı axıradək danışıqlar masası arxasında oturmağa vadar edə biləcək, ya yox. Üstəlik, Qarabağ münaqişəsinin əsas dirijorunun – Rusiyanın da ambisiyaları təmin olunmayıb. Aprelin ilk günlərində Bakıya səfər edən Rusiya rəsmiləri geriyə əliboş qayıdan kimi görünürlər...

Onlar Bakıda Qarabağ problemindən çox Avrasiya İttifaqından və Kollektiv Təhlükəsizlik Təşkilatından söz açdılar, amma... Amma elə bir nəticəyə varmadılar.

Niyə sonuncular Rusiyaya bu qədər önəmlidir? Əslində, Avrasiya İttifaqı cəfəngiyatdan başqa bir şey deyilsə də, Rusiyaya ona görə lazımdır ki, nüfuz sferasını artırsın, daha güclü görünə bilsin...

Həm də Rusiya Ermənistanın başqa bir problemini də həll etmək istəyir. Bu ölkənin Avrasiya İttifaqıyla sərhədi yoxdur. Məhz bu səbəbdən üzv ölkələr onu öz sıralarına bir qədər könülsüz qəbul etmişdilər...

Qərəz, problemlər olduqca çoxdur. O üzdən, onların sayını artıra biləcək amillər dəf edilməlidir. Həmin amillərdən biri də ölkədə milli konsensusun yoxluğu ola bilər. Ona görə də qəbul etmək lazımdır ki, milli həmrəylik türkiyəlilər demişkən, adi söz konusu, adi ritotika deyil, eyni zamanda həm qəliz, həm də vacib məsələdir. Deməli, sabah həmdərd olmamaq üçün bu gün həmrəy olmaq gərəkir....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG