Keçid linkləri

-

GÜN KEÇDİ...

Həqiqətənmi o tarixdən düz 23 il ötüb?!. Bəlkə qəribə səslənir, amma dünən – «Qurtuluş Günü»ndə beynimdən ilk bu sual keçdi...

Əslində, çoxları kimi mən də özümü görməlik və bilməzliyə vurar, günü bir təhər sovuşdura bilərdim. Deyim ki, elə böyük fəndgirlik də tələb etmir bu, axı hamı belə davranır... Axı ikili həyat tərzi adi normaya çevrilib...

Və nə qədər qəribə olsa da, sovet rejiminin insanların şüur və davranışında yaratdığı «ikiləşmə», «şaxələnmə» müstəqillik illərində nəinki aradan götürülmədi, hətta bir az da dərinləşdi. Sanki hamının iki həyatı var. Biri ölkə ilə birgə yaşadığımız, onun ideoloji və siyasi kanonlarına uyğun qurduğumuz «rəsmi həyat»dır, o birisi də hamıdan, bəzən hətta yaxınlarımızdan belə gizlətdiyimiz şəxsi, özəl həyatımızdır...

Birində adi «tutuquşularıq» və «yuxarılar» nə buyurursa, onu bircə-bircə təkrarlayır və «baş üstə!» deyirik. O birində - özəl həyatımızda isə elə hey ciblərimizi yoxlayırıq ki, görəsən, üstümüzdə gəzdirdiyimiz «volokardin»i unudub evdə qoymamışıq ki?..

Qərəz, 23 il bir millət, böyük bir cəmiyyət üçün elə də çox vaxt deyil. Amma bir partiya və bir insandan ötrü uzun zamandır...

Əslində, mən hakim partiyanın 23 illik siyasi məharətinə mat qalmalı, hətta həsəd aparmalıydım, axı gördüyüm əvvəlki iki hakimiyyətin hərəsi bircə il çəkmişdi...

Amma qətiyyən təəccüblənmir və qibtə də etmirəm. O səbəbdən ki bütün siyasi vasitələr məqbul olanda, hakimiyyəti saxlamağa bütün üsullar yararlı sayılanda, nəinki 23, hətta 230 il də hakimiyyətdə qalmaq olar!..

Düzdür, siyasət deyilən fenomen bir az qəliz sahə olsa və əksər hallarda siyasət adamları digərlərindən daha çox «yerə yaxınlıqları»yla seçilsələr də, onun özündə də həsəd aparılası və ya qibtə doğuracaq məqamlar var, çünki siyasət həm də o peşədir ki, onunla T.Jefferson və yaxud M.Gandhi məşğul olub...

Di gəl, bunu indiki Azərbaycan hakimiyyəti barədə deyə bilmirəm, çünki hər şey çox bəsitdir və hər dəfə bu hakimiyyətin siyasi taktikası, öz hakimiyyətini uzatmaq üsulları haqqında düşünəndə yadıma rəhmətlik Ə.Haqverdiyevin «Bomba» hekayəsi düşür. Elədir, düz 23 ildir ki, bu hakimiyyət hər yanda «bomba» axtarır və belə «bomba axtarışları» onun öz mövcudluğunu təmin etməsinin, az qala, əsas vasitələrindən birinə çevrilib...

Amma sözüm bunda da deyil. İstəsəm də, istəməsəm də, bir sual mənə heç rahatlıq vermir. O da budur ki, nə verdi bu 23 illik hakimiyyət bizə?..

Yox, çox uzun və üzücü mülahizələrlə sizi yormayacağam. Bütün demək istədiklərimi bir-iki cümləylə anlatmağa çalışacağam...

ƏZİZİNƏM, QARABAĞ...

İlk olaraq Qarabağdan başlayım. Düzdür, keçmiş sovet düşərgəsindəki etnik münaqişələr, necə var, elə də qalıb – nə Qarabağ, nə Dnestryanı, nə Abxaziya, nə də Cənubi Osetiya münaqişələri çözülüb. Üstəlik, bu azmış kimi, sıraya Krım vəŞərqi Ukrayna da əlavə olunub...

Amma sadaladığım ölkələrdə çox «siyasi sular» axıb, çox «siyasi küləklər» əsib – hamısında hakimiyyətlər dəfələrlə dəyişib.

Yalnız Azərbaycanda bir partiya düz 23 ildir hakimiyyətdədir. Düzdür, Moldova və Gürcüstanda, hətta bu cərgəyə yenicə qoşulan Ukraynada da hakimiyyətlərin dəyişməsi problemlərin həllini tapmasıyla sonuclanmayıb. Üstəlik, Azərbaycanda indiki hakimiyyətin dəyişəcəyi və yenisinin gələcəyi halda Qarabağ probleminin çözüləcəyini demək də olmur, çünki bölgə və eləcə də dünya o qədər qəlizləşib ki, nəyisə birmənalı şəkildə iddia etmək və qəti söz demək mümkün deyil...

Amma hakimiyyətin zaman limiti olanda, siyasət və dövlət adamları bir az məsuliyyətli olurlar. Bu məsuliyyət ölkənin müdafiə qabiliyyətinin artmasına, buna yönələn xərc və əməyin daha səmərəli sərfinə gətirib çıxara bilərdi.

İndi nə var? 23 ildə, ilk dəfə olaraq, ölkə əhalisi bir-iki gün nikbinlik və özünəinamın dadını çıxardı...

Di gəl, hər şey çox tez bitdi və ya zəlzələdən, ya da vəlvələdən, ümidlər yenə üzücü diplomatik danışıqlara bağlandı.

Prinsipcə, bunları yazmaya da bilərdim, ancaq indiki hakimiyyətin təmsilçiləri bir vaxtlar əvvəlki iki hakimiyyətdən «Qarabağ problemini həll etmək üçün konsepsiyanız varmı?» – deyə soruşmağı sevərdilər.

İndi mən də, adi bir vətəndaş kimi, onlardan «Bəs sizin özünüzün necə, o konsepsiyanız varmı?» – deyə soruşmaq istəyirəm...

Amma dərhal da ağlıma gəlir ki, nəyinə lazım, qorxmursan sənin də cibindən «bomba» çıxar?!.

«NƏ İSTƏYİRSİNİZ BU XALQDAN?»

Bir sözü qoyub, o birinə keçim. Bəli, düz 23 il əvvəl, daha bir hakimiyyət dəyişikliyi dönəmində Milli Məclisdəki «müzakirələr»də siyasi olimpi tərk etmək ərəfəsində olan «cəbhəçi»lərə «Axı nə istəyirsiniz bu xalqdan» sualı soruşuldu. Sonradan belə məlum oldu ki, ovaxtkı hakimiyyətin cəmiyyətdən istəyi və umacağı heç də böyük deyilmiş. Amma o vaxt ara o qədər qarışmış, kələfin ucları o qədər dolaşmışdı ki, cəmiyyətin bir hissəsi elə həqiqətən də onları bir bəla kimi görür və onlardan qurtulmağa çalışırdı. Niyə? Çünki o adamlar, - nə az, nə çox, - özünüidarəni, dövlətlə vətəndaş arasında məsuliyyət bölgüsünü təklif edirdilər...

Cəmiyyətsə bunu istəmirdi. Bəlkə də buna hazır deyildi və ya başqa bir səbəb vardı, - birmənalı şəkildə demək çətindir. Axı «azadlıqdan qaçış» (E.Fromm) fenomeni yalan bir şey olsaydı, dünyanın böyük psixoloqları ona bu qədər əsər həsr etməzdilər!.. Bütün hallarda, bir az əvvəldə yazdığım sual lap yağ kimi yayıldı ürəklərə...

Amma bəlkə yenicə hakimiyyətə gələnlərin özləri də inanmazdılar ki, nə vaxtsa onlardan da«Axı nə istəyirsiniz bu xalqdan?» – deyə soruşanlar olacaq. Düzdür, bunu soruşanlardan birinin cibindən narkotik tapılacaq, digərinin evindən bomba aşkarlanacaq və... Beləcə, bu cür bəsit və bayağı üsullarla hakimiyyət 23 il həmin sualı qapatmağa, onu dilə gətirənləri susdurmağa və sualı eşitdirməməyə çalışacaqdı...

Təbii ki, daha neçə il belə sürəcəyi məlum deyil, amma hər şeyin bir əvvəli olduğu kimi, axırı da var. Bir az mistikaya varmaq kimi yozulsa da, «Süleymana qalmayan Dünya»dır burası...

İnsanlar bir çox halda yazdıqlarını, hətta «Ali Qanun – Anayasa» adlandırdıqlarını da çox asanca pozub yenidən yaza bilirlər.

Amma dəyişilməsi və redaktəsi mümkün olmayan YAZIlar da var Dünyada, arabir, «bomba axtarışları»ndan macal tapanda, bunu da düşünməyə dəyər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG