Keçid linkləri

-

ƏCƏB GÖZƏL ƏYYAM İDİ...

Düzdür, nöqtə qoymaq hələ tezdir. Hətta prezidentin özü neft erasının bitdiyini və artıq postneft çağında yaşadığımızı desə də, insanların gözü yenə neftin qiymətindədir. Onlar hələ də ümid edirlər ki, neft yenə kəskin bahalaşacaq və ölkəyə dollarların təkrar axını başlayacaq...

Əslində, bu gün baş verənlər sürpriz olmamalı idi. Hələ bir neçə il əvvəl mütəxəssislər deyir və yazırdılar ki, müəyyən müddətdən sonra neftin qiyməti də olmasa, hasilatı aşağı düşəcək və dollar axını kəskin azalacaq...

Amma o vaxt heç kim, elə hökumət də bu proqnozlara əhəmiyyət vermirdi.

Nəinki əhəmiyyət vermir, hətta dost sandığı ölkələrə böyük məbləğlər hədiyyə edir, müddətsiz və faizsiz kreditlər verir, məmurlar da çıxıb «100-150 milyon dollar nədir ki?» - deyirdilər.

İndi işə baxın ki, dollarla kredit götürmüş insanlara kömək üçün tələb olunan bir neçə yüz milyon dollar tapılmır...

Üstəlik, ölkədə neft erasının bitməsi təkcə neftin kəskin ucuzlaşmasıyla özünü büruzə vermir. Hasilat aşağı düşür və qlobal miqyasda alternativ enerjiyə maraq artır. Bu gün baş verənlər daha çox geosiyasi məsələdirsə də, tendensiya gücündə qalır. O səbəbdən postneft erasına nə qədər tez istiqamət götürülsə, bir o qədər yaxşıdır...

YA AĞ ÜZ, YA DA QARA QIZIL...

Neft təkcə dollar yağışı deyildi, həm də «tənbəl» iqtisadiyyat və azad olmayan ölkə demək idi. Axı neft gəlirləri çoxaldıqca siyasi sistemin dost sayı da artır, ona dəstək verənlər çoxalır, hamı özünün «lobbiçilik» xidmətini təklif edir, siyasi sistemin özünün aça bilmədiyi qapılar «lobbiçi»lər vasitəsilə bu sistemin təmsilçilərinin üzünə açılır...

İndi bu siyasi sistemi saxlamaq üçün bir az vəsait qıtlığı yaranıb, amma bundan ciddi nəticələr çıxarmaq hələ tezdir. Bir az haşiyə çıxmaq olsa da, deyirəm: Hələ ilk neft müqaviləsi imzalananda yazmışdım ki, demokratiya uzun müddətə bitdi... Bu müddət 22 il davam etdi. Amma hələ də «Demokratiya erası gəlir!» – deyə yaza bilmirəm.

Axı neft ucuzlaşsa da hələ kürü var, siyasi sistemin, necə deyərlər, topu - topxanası, valyuta ehtiyatları var. Qarşıdan hələ «qaz erası» da gəlir. Bunlarçağdaş siyasi sistemi və indiki avtoritar siyasi münasibətləri bir xeyli saxlamaq iqtidarındadır...

Düzdür, «neftxudalar»ın və transmilli şirkətlərin ölkəyə diqqəti qismən azalır, - mümkün olanı qazanıb, ciblərini doldurublar. Ümid etmək olardı ki, indən belə Azərbaycan və yaxud da onun siyasi sistemi onlara elə də lazım deyil, amma... Amma nəticələrlə tələsmirikmi?

Hətta A.Solzhenitsyn də deyirdi ki, heç nəyə gücünüz çatmayanda, nəyisə dəyişmək iqtidarınız olmayanda, heç olmasa, susun, kütləvi yalana qoşulmayın, yalanı tirajlamayın...

SUSMAQ HƏMİŞƏ QIZILDIRMI?

Yadıma gəlir, neft erasının ilk illərində Azərbaycanı üç neft ölkəsi – Nigeriya, İran və bir də Norveçlə müqayisə etməyi sevirdim.

Azərbaycan Norveçdən bahalığı, İrandan sərt avtoritar siyasi sistemi və Nigeriyadan da neft gəlirlərini səmərəsiz xərcləməyi götürdü. Bəli, biz yaxşıları götürməyi sevmirik və harada pis şey varsa, birinci ondan yapışırıq...

İndi nə demək olar? Demokratiya olacaq, ya yox? Məncə, demokratiyanı xaricdən umanlar hələ bir müddət gözləməli olacaqlar. Ölkənin özünə gəlincə, azadlıq və demokratiya güclü cəmiyyətə və çevik müxalifətə ehtiyac duyur. Güclü cəmiyyət yoxdur, müxalifətsə qalmayıb, yalnız bir-neçə fədakar insan hərdən nəsə deməyə cəhd göstərir... Böyük əksəriyyət kənara çəkilib, gücləri yalnız özlərinə çatır. Nə etmək olar? Hətta A.Solzhenitsyn də deyirdi ki, heç nəyə gücünüz çatmayanda, nəyisə dəyişmək iqtidarınız olmayanda, heç olmasa, susun, kütləvi yalana qoşulmayın, yalanı tirajlamayın...

İnsanların da yalnız kritik anlarda (o da epizodik!) yadına düşür ki, bəs, axı müxalifət də vardı bu ölkədə. Ağıllarına gələn ilk sual da bu olur ki, niyə etiraz etmirlər?

Amma onlar bir şeyi bilmirlər. Susanlar da iki cür olur – biri abrını saxlamağa çalışır. Bunlar Solzhenitsyn-ın prinsipi ilə oturub-duranlardır...

Başqa biriləri isə, sadəcə, susmağın müqabilində nəsə alır... Nahaq yerə deməyiblər ki, susmaq bəzən qızıldır. İndi həmişə qızıl olmasa da, hər halda, dolanışığa yetir...

Həm də unudurlar ki, artıq 90-cı illərin də müxalifəti yoxdur. Müxalifətin, siyasi partiyaların, hətta ictimai qurumların əksər hissəsinin quru adı qalıb... Bir daha deyirik ki, bu ad kimin üçünsə sonuncu «sosial etiket» - kimlik yarlığı, kimin üçünsə də «vitrin»dir...

Amma görünür, bəzən, əslində, özündə heç nə ehtiva etməyən adları da çox görür, onlardan da xoflanırlar.

İşindən narazılıq edilən partiyalara nə vaxt əsl fəaliyyət imkanı verildi, axı? Lap realist olsaq, əslində, partiyalara nə «iş» tapşırılırsa, hamısı onu görür – özü də ard-arda düz 23 ildir...

Yaxınlarda dedilər ki, siyasi partiyaların hüquqi statusuna baxmaq və siyasi həyata qatılmayanları qapatmaq lazımdır. Açıq söyləyim ki, bunu eşidəndə, məni əvvəlcə gülmək tutdu. Düşündüm ki, yəqin, insanların nə vaxtsa bu adların ətrafına toplaşmasından və həmin adların nə vaxtsa «sosial kondensasiya mərkəzi»nə çevrilməsindən qorxurlar. O da ağlıma gəldi ki, işindən narazılıq edilən partiyalara nə vaxt əsl fəaliyyət imkanı verildi, axı? Lap realist olsaq, əslində, partiyalara nə «iş» tapşırılırsa, hamısı onu görür – özü də ard-arda düz 23 ildir...

Bu üzdən demokratiya barəsində elə də nikbin deyiləm. Düzdür, ictimai durum, fəallıq qəliz məsələdir, bir də görürsən ki, adi bir detal insanların səbir kasasını daşdırır. Ancaq belə fors-major durumları çıxsaq, ciddi bir şey görünmür. Üstəlik, hər ictimai etiraz, hətta sosial təlatüm demokratiya ilə nəticələnmir...

40 MİLYARD DOLLAR DA YETƏRLİDİR...

İstisna deyil ki, Qərbdən mövcud siyasi sistemi sıxışdırmaq cəhdləri olacaq və hələlik hipotetik olan maliyyə yardımları hansısa şərtlərlə ediləcək.

Məsələn, bu yaxınlarda xəbər yayıldı ki, guya ölkə Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından yardım istəyir. Di gəl, bu xəbər çox tez bir zamanda və ən yüksək səviyyədə təkzib olundu...

İndi əsl həqiqətin nə olduğunu bilmirik. Təkcə onu bilirik ki, əvvəllər xarici maliyyə donorları, ən azı, müəyyən şərtlər irəli sürür, bu şərtlərin bir hissəsi daha çox struktur islahatları ilə, az bir qismi də siyasi islahatlarla bağlı olurdu...

Bir neçə il əvvəl demokratiyanın imitasiyası - yamsılanması, partiyalara bir az geniş «meydan» verilməsi bununla bağlı idi. Amma indi o vaxtlar deyil, nəzərə almaq lazımdır ki, hökumətin xarici maliyyə donorlarından asılılığı azdır. Təxminən 40 milyard dollarlıq valyuta ehtiyatı ona yetərincə sərbəstlik verir. Ən azı bir müddət üçün...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG