Keçid linkləri

-

BİR XƏBƏRİN İZİ İLƏ...

Ötən həftə bir neçə ölkənin neftin hasilat həcmlərini donduracağı haqqında xəbərlər çox tez bir zamanda medianın əsas mövzusuna çevrildi. O da tezcə bilindi ki, Rusiya prezidentindən gələn bu təşəbbüsə Azərbaycan hökuməti də «hə» deyib.

Amma irəlicədən aydın idi ki, nəticələrlə tələsmək lazım deyil. İndi hər şey ondan asılıdır ki, son nəticədə OPEK ölkələri buna nə deyəcək?

Neft çıxaran ölkələrin böyük görüşünü mart ayında Rusiyada keçirmək nəzərdə tutulurdu. İndi məlum olur ki, görüş aprelə keçirilib və ya Rusiyada, ya da Qətərdə baş tutacaq. Bunun özü də bir daha onu göstərir ki, neft hasil edən ölkələr arasında, hələ ki, yekdillik yoxdur.

Xüsusən, İranın mövqeyindən çox şey asılıdır. Bu ölkənin neftlə dolu ilk tankeri elə bu günlərdə Avropaya çatdı. İran rəsmiləri bir daha bəyan etdilər ki, məqsədləri ilin axırınadək gündəlik hasilatı 4 milyon barrelə çatdırmaqdır.

Azərbaycana gəlincə, bəlli səbəblərdən onun bu ilhasilatı artırmaq imkanları onsuz da yox idi.

YALNIZ BİRJALAR REAKSİYA VERİR

Elə bu üzdən 10-a yaxın ölkənin potensial razılığının olduğu deyilsə də, hasilatın dondurulmasına dair xəbərlər, hələlik, yalnız birjalara təsir edə bilir. Etiraf etmək lazımdır ki, bu təsir heç də cüzi deyildi. Bəzi proqnozlara görə, neftin qiyməti yaxın günlərdə «dibə enməli», maksimum aşağı həddə düşərək barreli 10 dollara satılmalıydı. Amma tam əksinə oldu. Qiymət bir az da artmağa və hətta 35 dolları keçməyə, bəzi hallarda isə 40 dollara çatmağa başladı... Di gəl, İran gündəlik hasilatı 4 milyon barrelə çatdıracağını deyəndən sonra qiymətlər bir az endi.

SARSINTILI ENİŞLƏR ARXADA QALDI?

Bəzi nüanslar olmasaydı, prinsipcə, demək mümkün idi ki, neftin qiyməti oturuşur. ABŞ bu yaxınlarda bazara özü üçün rekord həddə neft çıxarmışdı. Sanksiyalardan qurtulan İran da bazara daxil olmağa başlamışdı (hələlik kiçik həcmlərlə!). Bütün bunların müqabilində neftin qiyməti bəlli həddə qaldısa, demək, neft duruş gətirdi. Düzdür, bir əmma var: hasilat sabit qalmır, bazara yeni həcmlərdə neft çıxarılır.

O baxımdan, ruslar demiş, «Pavel müsibəti» təhlükəsi hələ sovuşmayıb, çünki bazarda tələblə təklif arasında çox böyük disbalans var və bu disbalans azalmaq əvəzinə artır ki, artır...

O baxımdan, ruslar demiş, «Pavel müsibəti» təhlükəsi hələ sovuşmayıb, çünki bazarda tələblə təklif arasında çox böyük disbalans var və bu disbalans azalmaq əvəzinə artır ki, artır...

NEFTLƏ VİDALAŞMAQ ELƏ DƏ ASAN DEYİL...

Azərbaycana gəlincə, yeniləşmiş büdcədə neftin qiyməti 25 dollardan müəyyənləşdirildi. Ölkənin artıq postneft dönəmində yaşamağa başladığı bir neçə dəfə anons edilib. Amma insanlar arasında hələ də neftlə bağlı gözləntilər var. Maraqlısı budur ki, elə hökumət adamları da «neft erası bitib!» desələr də, bu ümidləri birdəfəlik dəfn etmək istəmirlər.

Hətta bir neçə həftə öncə aidiyyəti qurumlar səviyyəsində deyildi ki, ilin sonunadək neftin qiyməti 60 dollaradək qalxa bilər. Doğrusu, belə aşırı optimist proqnozların nəyə əsaslandığını bilmirəm. Axı dünya miqyasında ən nikbin proqnozlar, hələ ki,40 dolları keçmir. Elə bu səbəbdən daha çox 4-cü Bakı Qlobal Forumunda səslənən proqnozla razılaşıram. Məncə, neft sürəkli ucuzlaşmaz və bəlli dövrdən sonra sabit mərhələ başlar.

Məsələnin ən qəliz tərəfi bir başqa müstəvidədir. Azərbaycan yaxın gələcəkdə neft gəlirlərini heç nə ilə kompensasiya etmək gücündə deyil. Neftdənkənar sektorsa yenicə iməkləyən uşaq kimidir və yeriməyi öyrənməsi üçün hələ uzun müddət əlindən tutmaq lazım gələcək...

YENİ ALTERNATİVLƏRƏ DƏ VAXT GƏRƏK

Düzdür, hökumət neftə alternativlər axtarır, ölkənin tranzit imkanlarını artırmağa və hətta onun təbii coğrafi üstünlüklərindən faydalanmağa çalışır. Amma bu imkanlar hələ yeni-yeni formalaşır. Təbii ki, İran və Rusiya ilə dəmiryolu xətlərinin birləşdirilməsi və Cənub-Şimal dəhlizinin açılması çox ciddi layihə sayıla bilər və sayılmalıdır da...

Amma bir daha deyirəm ki, bu imkanlar yenicə yaranır. Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşəndə Azərbaycan Türkiyə tırlarını Xəzər üzərindən Mərkəzi Asiyaya ötürdü. Amma tez bir zamanda məlum oldu ki, Xəzəryanı ölkələrin liman və yük qəbuletmə infrastrukturu hələ belə həcmlərə hazır deyil, onları inkişaf etdirmək lazımdır. Elə Xəzərin özü də yükdaşımalara az problem yaratmır. Hava qəfildən o qədər pisləşir ki, bərələr dənizə çıxa bilmir. Ancaq başqa yol da yoxdur. Neftin indiki qiyməti, ümumiyyətlə, dünya yanacaq konyunkturandakı durum daha çox geosiyasi amillərlə bağlı olsa da, yenə qeyri-neft sektoru haqqında ciddi düşünmək lazım gələcək. Ən azı ona görə ki, alternativ enerji axtarışları daha ekzotika təsiri bağışlamır...

Təbii ki, bizlər – Azərbaycan vətəndaşları neftin bahalaşmasında maraqlıyıq, çünki neftdənkənar sektoru gəlişdirməyin uzun çəkəcəyini bilirik. Elə bu səbəbdən bu geosiyasi həngamələr nə qədər tez bitsə, bir o qədər yaxşıdır.

Bundan ötrü hətta Rusiya prezidentinin də səylərini izləməyə məcburuq. Bəlkə elə doğrudan da neftin qiymətini təhlükəli həddən yuxarıda saxlamaq mümkün oldu!..

Əsas odur ki, insanlar daha bir maliyyə şoku yaşamasın. Bu baxımdan neftin qiymətinin müstəsna rolu var. Daha bir maliyyə şoku yaşamaq və bir az da dərin böhrana girmək qaçılmaz olsa, bunun sosial nəticələrini proqnozlaşdırmaq çətin olacaq.

Rusiya prezidenti anlamaq istəmir ki, neftin qiyməti hasilatçı ölkələrlə üzücü və bəzən də perspektivsiz danışıqlardan deyil, ilk növbədə şəxsən onun özündən asılıdır.

NEFT SİYASƏTDİR

Ümid verən bir detal odur ki, neftin ucuzlaşması bir az süni məsələdir və əvvəldə dediyim kimi, geosiyasi konyunkturdan asılıdır. Bəlkə bunun özü də bir az qəribədir ki, hamı neftin qurtuluşunun neft ağalarında deyil, siyasətçilərin əlində olduğunu düşünür. Elə həqiqətən də belədir – məsələ doğrudan da siyasətçilərdən asılıdır...

Suriyada bəlli razılıq oldu. Ümid edək ki, bu günlərdə üçüncü həftəsi başlanan atəşkəs pozulmayacaq. Amma atəşkəslə hər şey bitməz. Cəmi bir neçə gün əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı. Həm də belə məlum oldu ki, Avropa strukturları birbaşa V.Putin-in özünə sanksiyalar tətbiq etməyə çağırır...

BİR İXTİLAFIN KÖKÜ

Səbəb nədir? Rusiya təhlilçiləri səbəbi Rusiya ilə ABŞ arasındakı köklü ziddiyyətlərdə görürlər.

Məsələn, belə detala diqqət yetirirlər. Guya bir neçə il əvvəl Z.Brzezinski deyibmiş ki, biz SSRİ-ni dağıtdıq, Rusiyanı da dağıdacağıq və bu işdə heç kim bizə mane olmayacaq.

Bunu əsas götürən Rusiya təhlilçiləri artıq kommunizm təhlükəsi olmadığından bu nifrətin kökünü axtarır və bu sadə cavabı tapırlar: Rusiya ABŞ-ın qarşısında dayana bilən və potensial olaraq onu məhv etməyə qadir tək ölkədir!..

Nə demək olar? Zənnimcə, onlar bu dəfə də ifrata varırlar. Ən azı, indiki ziddiyyətlərin kökü bir o qədər dərində deyil, bir azca üzdədir: ABŞ, eləcə də əksər Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı siyasətini bağışlamaq istəmir və belə hesab edirlər ki, Rusiya dərhal Krımdan və Şərqi Ukraynadan çəkilməlidir. Onların fikrincə, bu ölkə 21-ci əsr siyasətinin tabularından birini və bəlkə də ən əsasını pozub. O tabu da budur ki, indi daha heç bir ölkə özünə özgə ərazilərini birləşdirmir!..

Rusiyada isə sanki torpaq aclığı var. Ölkə onsuz da böyükdür və hətta o qədər böyükdür ki, rusiyalılar «Bizi böyük olduğumuza görə sevmirlər!» deyirlər.

O üzdən siyasi ziddiyyətləri aradan qaldırmaq bir elə də asan iş deyil. Neft məsələsi də həmin ziddiyyətlərə ilişib qalıb, irəliləyə bilmir.

Rusiya prezidenti anlamaq istəmir ki, neftin qiyməti hasilatçı ölkələrlə üzücü və bəzən də perspektivsiz danışıqlardan deyil, ilk növbədə şəxsən onun özündən asılıdır. O, Ukrayna siyasətini dəyişsə, bunun ardınca çox şey dəyişər və hətta neft məsələsi də çözülər.

Hələlik, Rusiya bunu qəbul etməkdən çox-çox uzaqdır. Nə etmək olar? «Ümid həmişə sonda ölür!» - deyiblər. Odur ki, ümidimizi itirməyək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG