Keçid linkləri

-

SİYASƏTÇİ OLMAGIN YÜKÜ...

Siyasət adamları bəzən qeyri-populyar, cəmiyyətin sosial-siyasi umacaqlarına və gözləntilərinə adekvat olmayan qərarlar qəbul etmək məcburiyyətində qalsalar da, onların hamısını bir ümumi cəhət birləşdirir: hamısı bu və başqa şəkildə publikanın sevimlisi olmağa, onların eşitmək istədiklərini deməyə çalışırlar.

Yalnız deputat mandatlarının hədiyyə edildiyi ölkələrdə siyasət adamı deyə bilər ki, mən cəmiyyətə qarşı müxalifətdəyəm. Yalnız cəmiyyətin rəyindən heç nəyin asılı olmadığı ölkələrdə siyasətçi «seçici»lərinə «Mən onsuz da deputat olacağam, səs versəniz də, verməsəniz də!» – söyləyər.

Dünyada siyasət adamları publikanın rəğbətini qazanmaq və müxtəlif sosial qrupları öz tərəflərinə çəkmək üçün daha nələr etmirlər... Buna nail olmaq üçün siyasi texnoloqlar onlara daha hansı siyasi reseptləri vermirlər...

Bu mənada müxalifətdə olan siyasətçilərin meydanı və manevr imkanı daha geniş olur, onlar özlərinə daha geniş populist çərçivələr rəva görə bilirlər...

HÖKUMƏT DƏ ETİRAF EDİR, AMMA BİR QƏDƏR FƏRQLİ...

İndi Azərbaycanda vəziyyət çox üzücüdür: dəhşətli bahalıq, «iri addımlar»la artan işsizlik...

Bunu hətta hakimiyyət adamlarının özü etiraf edir və sosial narahatlığı dünyadakı ümumi böhranı dilə gətirməklə sosial rahatsızlığı bir az səngitmək istəyir, «bu vəziyyətə düşən təkcə biz deyilik!»-deyirlər.

Düşünmək olardı ki, müxalifət partiyaları öz ritorikalarında daha çox xaqlçı olmağa və insanlara daha yaxın durmağa çalışacaqlar. Demirik ki, sosial ovqatı dərhal siyasi etirazlara transformasiya etməyin yolları haqqında düşünmək lazımdır. Yox, bunu ummuruq, çünki heç də hər sosial problemi siyasi predmetə çevirmək və ondan siyasi dividentlər götürmək olmur – «böhran» sözünü eşidincə, insanları dərhal küçələrə səsləmək bir az yüngüllük olardı...

Amma partiyaların çoxu real müxalifətçilikdən imtina etmək yolunu tutsalar da, heç olmasa, özlərinin ideoloji təmayülündən, «sosial etiket»lərindən imtina etməyə bilərdi...

İndi hamını bir sual düşündürür: görəsən, hökumətin böhranla bağlı ciddi «sosial paketi» olacaqmı? Müəyyən addımlar atılsa da, sual özünün ciddiliyini və aktuallığını saxlamaqdadır. Düzdür, qiymətləri azacıq da olsa, cilovlamağa cəhd edilir. Məmur və sahibkarlarla görüşündə prezidentin özü də dedi ki, ixtisarlara tələsməyin. Amma bütün bunlarla yanaşı, proses gedir – bahalıq da artır, işsizlik də...

SOSİALİSTLƏR DƏ «MONETARİST» KİMİ DANIŞIRLAR...

Bu yaxınlarda bir neçə müxalifət partiyası bu xüsusda qımıldanmağa cəhd etdi. Dərhal elə əks-reaksiya verildi ki, sanki müxalifət bu saat durub inqilab etməyi düşünür... Hakim partiyanın təmsilçiləri bir yana, özünü sosialist adlandıranların da bəziləri, əslində, heç bir siyasi dinamikaya qadir olmayan bir neçə müxalifət partiyasını daha nələrdə ittiham etmədilər? Sosialistlər öz ritorikalarında elə «monetarist» notlar səsləndirdilər ki, adam lap məəttəl qaldı və «bəlkə hər şeyin yeri səhv düşüb?» düşüncəsini ağlından keçirdi.

«Mercedes»lər «lifan»lara dəyişdiriləndə, banklar təmərküzləşəndə, hətta ölkə özünü ərzaqla tam təmin etməyə başlayanda yenə qazanan özləri olacaq, çünki sənayeçi də, bankçı da və hətta böyük torpaq sahibləri də özləridir...

SƏRT KAPİTALİZM HEÇ YERDƏ YOXDUR...

Liberalizm və liberal dəyərlərdən ən çox danışanlardan və yazanlardan biri də mən olmuşam. Ə.Elçibəy bu fikirlərə və yazılara bir qədər tərəddüdlə, hətta azacıq ehtiyatla yanaşırdı. Bir dəfə mənə dedi ki, bəy, vallah, məni sevməsələr də, çox istəyirəm ki, Azərbaycanda güclü bir sosial-demokrat partiyası da olsun, axı qarşısında dirəniş görməyən sərt bazar iqtisadiyyatı insanları çox əzə bilər...

O, müəyyən mənada haqlı idi. Bəlkə də klassik liberallar razılaşmaz, amma indi A.Smith-in, D.Ricardo-nun və hətta daha müasir olan M.Friedman-ın tərənnüm etdiyi kapitalizm heç yerdə yoxdur.

Bir az gülməli olsa da, bir detalı qeyd edəcəm. Monetarizmin atası M.Friedman-ın «Kapitalizm və azadlıq» əsərində təklif etdiyi 14 fundamental liberal prinsipdən hətta onun vətəni ABŞ-da yalnız biri həyata keçirilib. Üstəlik, J.Keynes də göstərib ki, bəzən bazarın hər şeyi tənzimləyən «gizli əl»inin də müdaxiləyə ehtiyacı olur.

Bəs əvəzində nə var dünyada? Sosial kapitalizm və sosial dövlət var. Yüksək rifah cəmiyyəti və bərabər imkanlar cəmiyyəti var. İnsanları sosial-iqtisadi ehtiyacların əsarətindən tam azad etmək cəhdləri, onları ehtiyac üzündən hər işin qulpundan yapışmaq zərurətindən azad edib ürəklərinin istədikləri işə yönəltmək istəyi var, çünki bu, onların yaradıcı özəlliklərini, təşəbbüskarlığını daha da artıra bilər...

Təbii ki, Elçibəy bunları fundamental səviyyədə bilmirdi. Mən onu «haqq yolu»na, liberal proqram layihəsinə dəstək olmağa çağıranda deyirdi ki, bəy, oxuduğum Z.Göyalp, bir də M.K.Atatürk olub, mən türk millətçiliyindən necə əl çəkim?! Amma o, hər şeyi olmasa da, bəzi məsələləri intuitiv şəkildə hiss edə bilirdi...

«LİBERAL» HAKİMİYYƏT...

İndiki hakimiyyətə və onun məmurlarına gəlincə, əminəm ki, onlar hakimiyyətdə olmasaydılar, milli sərvətin böyük bir hissəsi onların sərəncamında olmasaydı, bu sərvətin şəriksiz sahiblərinə çevrilməsəydilər, heç vaxt sərt bazar iqtisadiyyatından söz açmazdılar.

Hakimiyyətdə olmadıqları illərdə onların bəzisini, xüsusən bu cinaha yaxın mətbuatı (onda hələ televiziyalar yox idi, müxalif fikrin eşidildiyi bircə radio vardı!) izləmək imkanım olub.

Bu adamlar o vaxt özəlləşdirmə, siyasi və iqtisadi islahatlar davası aparmırdılar, konkret olaraq hakimiyyət uğrunda çarpışırdılar. O dövrlərin əsas müxalifətinə özlərini hakimiyyətə aparan yolları təmizləyən vasitə kimi baxırdılar. Tələbləri və şüarları hələ də adamların yadındadır. İstədiklərinə də çatdılar...

... Bir rusiyalıdan soruşdular ki, vauçerlərini neyləmisən? Dedi ki, saxlayıram, A.Chubais-in tabutuna yapışdıracağam! Bəs biz çekləri kimlərin tabutuna yapışdıracağıq?..

Bu gün etdikləri yenə də daha çox öz maraqlarına xidmət edir. Hətta yerli iqtisadiyyatı qorumağa yönəlik cəhdləri də son nəticədə bu qəbildəndir: «mercedes»lər «lifan»lara dəyişdiriləndə, banklar təmərküzləşəndə, hətta ölkə özünü ərzaqla tam təmin etməyə başlayanda yenə qazanan özləri olacaq, çünki sənayeçi də, bankçı da və hətta böyük torpaq sahibləri də özləridir...

SUÇUMUZ NƏDİR?

O bizlər idik ki, «Azadlıq» qəzetində az qala hər gün «Özəlləşdirmə aparılmır, yubadılır!..» yazırdıq. Deyən də yox idi ki, ay uşaqlar, ay gənclər, özəlləşdirmə aparılandan nə tapacaqsınız? Bəlkə süpürgələrinizin sapı dönüb gümüşdən olacaq?!.

Qüsur saymayın, amma o vaxt düşünürdük ki, sahibkarlar təbəqəsi yaranacaq, demokratiya dönməz iqtisadi özüllər tapacaq, qəzetlərimizə böyük reklamlar veriləcək, media-holdinqlərə çevriləcəyik, partiyalarımız seçkilərdə sahibkarlardan dəstək alacaq. İndi o düşüncələr nə qədər gülməli, hətta gülünc görünür...

Amma deyim ki, qonşu Rusiyada bir ara buna bənzər şeylər oldu – holdinqlər də yarandı, sahibkarlar da, hətta peşəkar siyasətçilər də... Düzdür, təlaşlı «nomenklatura kapitalizmi» ifadəsi də ilk dəfə oradan gəldi... Amma orada da bunlar çox çəkmədi. V.Putin peyda oldu və nəinki köhnə himni qaytardı, həm də, necə deyərlər, çox şeyi «yerbəyer» etdi...

Ən dəhşətlisi bilirsiniz nədir? B.Yeltsin-in vaxtında az çox demokratiya vardı. Jurnalistlərin ağzından «od» tökülür, siyasətçilər ekranlardan düşmürdülər... Amma bu yaxınlarda «Levada» mərkəzinin keçirdiyi sorğularda rusiyalılar o dövrü ən pis dövr kimi dəyərləndirmişdilər...

Özümüzə gəlincə, təsəllimiz budur ki, hərdən ayağımızı cızıqdan çıxarır, ürəyimizi boşaldırdıq. Özəlləşdirmə çekləri paylananda belə bir şey yazmışdım: «... Bir rusiyalıdan soruşdular ki, vauçerlərini neyləmisən? Dedi ki, saxlayıram, A.Chubais-in tabutuna yapışdıracağam! Bəs biz çekləri kimlərin tabutuna yapışdıracağıq?..».

TÖVBƏ MƏQAMIDIRMI?

Yox... Yenə də inamımda, əqidəmdə qalıram. İndi də düşünürəm ki, daha bir özəlləşdirmə silsiləsi qaçılmazdır. Amma indi insanları daha çox, əvvəlki vaxtlardan bəlkə də on qat artıq düşünmək lazım gələcək...

P.Sorokin yazırdı ki, fərdin azadlığı hüquqi tərəqqinin məqsədidir. Bu, əslində, təkcə hüquq sferasına aid deyil. Elə iqtisadi siyasətin də, humanitar siyasətin də məqsədi fərdin azadlığı olmalıdır. Amma nə edəsən ki, bu ölkədə hər şeyi elə edirlər ki, son nəticədə ondan yalnız bir qrup faydalanır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG