Keçid linkləri

-

QAMIŞLIQ...

(Xədicə İsmayılın 40 yaşına yazdım)

Heç bilmirəm, «Mirzə Cəlili çox sevirəm!» – desəm, ona olan sevgimi ifadə edə bilərəmmi?

Amma neyləyim ki, dünyada sevgini duyurmağın ən populyar sözcüyü budur.

Mirzə Cəlilə ta gəncliyimdən heyranam.

Uşaqlıqda onu elə çox istəməzdim. Başqa sevdalarım vardı. Elə ki jurnalistika fakültəsində oxumağa başladım, onu daha yaxından tanıyıb heyranına çevrildim...

İllərdir onun felyetonlarının həzzindən doymuram.

Hər yaşda oxuyuram və hər yaşda təəccüblənirəm...

MİRZƏ CƏLİL QOCALMIR, «YOL» CIZIR!

Mirzə Cəlildə hər şey niyə bu günlə səsləşir?

Bu yaxşıdır, ya pis?

Bu, Mirzənin dahiliyindən qaynaqlanır, yoxsa bizim dəyişmək istəməməyimizdən, gəldi-gedər yaşam tərzimizdən?

Yəqin başqa nüanslar da var. Bilən yazsın.

Bir dəfə AzadlıqRadiosunun «İz» proqramında onun «Bakı» felyetonunu səsləndirmişdik.

Donub qaldıq! İndiki Bakının ovqatıyla tam üst-üstə düşürdü!

Üstündən düz yüz il ötsə də, heç nə dəyişməmişdi!

Və ya yenə həmin proqramda illər öncə «Yol» felyetonunu səsləndirdik.

Aman Allahım! Nə faciəli yazıdır! Elə bil bu gün yazılıb...

BU YOLLA GETMƏ, PEŞMAN OLARSAN!

Yazının başlanğıcında Mirzə Cəlil (və ya Molla Nəsrəddin) üzünü «Əzizim», «Qardaşım» dediyi Vətən daşına tutub ona getdiyi yoldan danışır və deyir ki, yadındadırmı, deyirdim bu yolla getmə, peşman olarsan?

«Sən cavab verərdin ki, yox-yox, gərək bu yolla gedəm, bu yol məni aparıb çıxaracaq gülüstanlığa».

O YOL GÜLÜSTAN YOLU DEYİL!

Mirzə Cəlil bir də qayıdır ki, «Mən deyərdim getmə, qayıt geri, o yolla ki sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxarar qamışlığa... Orada qabanlara rast gəlib puç olarsan».

Mirzə əzizinə xatırladır ki, yadındadırmı, mənim üstümə hirslənməyin bir yana, hələ istəyirdin məni vurub öldürəsən də?!

«Mən deyərdim getmə, sən deyərdin gedəcəyəm!».

O VAXT HİRSLƏNMƏYƏ HAQQIN VARDI!

Mirzə dostuna bir də «əzizim» müraciətində bulunur və deyir:

«O vədə sənin haqqın var idi mənim üstümə hirslənməyə. O səbəbə ki sən o yolu gülüstan yolu bilirdin. Və bunu da yəqin eləmişdin. Çünki bunu yəqin eləmişdin, bu yoldan geri durmaq istəmirdin.

O vədə sənin haqqın vardı, amma indi gəlib çıxdın qamışlığa...

Dəxi, indi sözün nədir?».

Və dostuna bir nəsihəti xatırladır: «Heyvan heyvanlığı ilə bir yoldan keçib yıxılanda, dəxi bir də o yoldan keçməz. Sən ki, Allaha şükür, İnsansan!».

Felyeton elə bu sözlərlə bitir...

TARİX TƏKRARLANIR

Yazının müəllifini qeyri-təvazökarlıqda suçlamayın.

Özümü o böyük ustada bənzətmək düşüncəsindən çox uzağam.

Amma və lakin... AzadlıqRadiosunun Azərbaycan Xidməti 60 ili aşan bir yol gedir...

O, həm də yol cızır! Demokratiya, insan haqları, plüralizm, azad cəmiyyət, azad seçki bu yolda onun şüarıdır.

AzadlıqRadiosu, illərdir ki, «Yol» silsiləsindən verilişlər verir.

Bu yol bizi hara aparır?

Bizi hansı sınaqlar gözləyir?

Yol seçmək kimin işidir, yol getmək kimin? - deyə müzakirələr gerçəkləşdirir.

«BU NƏ YOLDU GEDİRİK,

ÜST-BAŞIM TOZ İÇİNDƏ?..» (RÜSTƏM BEHRUDİ)

Tanrım! Bu «Yol»da nə qədər bələdçilərimiz oldu?!

Ölkənin ən tanınmış ziyalıları «Savalan» qrupunun oxuduğu «Yol» mahnısının sədaları altında getdiyimiz yolun qorxulu döngələrindən söz açdılar...

Eynən Mirzə Cəlil kimi, bu yolun gülüstan yolu olmadığını dönə-dönə təkrarladılar...

«SUS!SUS! SUS - KİMSƏLƏR DUYMASIN!»

Əvəzində susdurulmaq yolu seçildi - açılışından 2 il keçməmiş, radio FM-siz qaldı...

5 il sonra Xədicə həbs edildi.

Ardınca Bakı bürosu darmadağın edildi...

Çirkli pullardan danışan radio «çirkli pullar» ittihamı ilə üzləşdi...

XOŞBƏXT OLDUNMU?

İndi hamı eyni mahnını oxuyur!

Xoşbəxt olduqmu?

Xoşbəxt oldunmu?

Mirzə Cəlil demişkən, əzizim, bəlkə də o vədə sənin haqqın vardı hirslənməyə («hirslənmək bir yana, az qalırdın bizi vurub öldürəsən də...»). Çünki o yolu gülüstan yolu bilirdin.

Amma indi gəlib çıxdın qamışlığa...

GƏLİB ÇIXDIN QAMIŞLIĞA!

İndi qamışlıqdasan. Hərdən Çovdarov-Hacıyev səhrasının tozanağı da gəlir qamışlıq ab-havasının üstünə.

Qara qurbağalar da qur-qur-quruldayır.

Qamışlıqda da, Mirzə Cəlil demiş, qaban nə qədər desən...

Qamış da harada bitir?

Bataqlıqda!!!

«Dəxi indi sözün nədir?!».

P.S. Doğum Günün Mübarək, Xədicə!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG