Keçid linkləri

Təcili xəbərlər

Pensiya yaşı necə müəyyən edilir?


Bu bloq yazısını təxminən 2 ay əvvəl - oktyabrın 17-də yazmışdım. O zaman pensiya yaşının artırılması ilə bağlı yayılan, amma rəsmi təsdiqini tapmayan xəbərə reaksiya idi. Amma artıq məlumat nəinki rəsmən təsdiq edildi, üstəlik qanun layihəsinin parlamentə göndərildiyi, ilin sonunadək parlamentdə müzakirəsi başlanacağı bəlli oldu

Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi də: 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alınıb. Pensiya yaşının orta hesabla 2.5 il artırılması son 6 ildə yaşa görə pensiyaçıların sayının 10% azalmasına şərait yaratdı. Deməli, pensiya yaşının növbəti dəfə orta hesabla 2.5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12% azaldacaq.

3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25%-i və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalinin 80%-ə qədəri özəl sektorun payına düşür.

Hökumətin düşdüyü vəziyyəti anlamaq çətin deyil: bu gün Sosial Müdafiə Fondunun təxminən 75%-i dövlət sektoru hesabına formalaşır. Söhbət dövlət büdcəsinin Fonda transfertlərindən, büdcə işçilərinə görə Fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının Fonda sosial sığorta ödəmələrindən gedir. Yəni, 3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25%-i və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalinin 80%-ə qədəri özəl sektorun payına düşür. Yəni, əgər bu gün 1.3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi.

Başqa bir məqam. İnkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür. Yəni 4 nəfər işləyir, 1 pensiyaçını saxlayır. Azərbaycanda vəziyyət çox katostrofikdir: 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyici düşür. Bu cür maliyyə bazası ilə Pensiya Fondu uzun müddət davam gətirə biıməz. Nəzərə alaq ki, əslində bizim Sosial Fondu son illər Neft Fondu saxlayıb. Çünki dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasa idi, Pensiya fondunun ən azı 40%-ni transfertlər hesabına formalaşdırmaq da çətin olardı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertləri kəsir. Bu ixtisar Sosil Müdafiə Fondunun yaxın perspektivində mütləq nəzərə alınmalıdır. Məlumat üçün deyim ki, Neft Fondunun büdcəyə ən yüksək transferi (2013-cü ildə 11.3 milyard manat) ilə müqayisədə 2017-ci ildə təxminən 2 dəfə ixtisar var (6.1 milyard manata enib).

Əslində hökuməti anlamaq asandır - amma yaranmış vəziyyətin səbəbkarının elə hökumət olduğunu unutmamaq şərtilə. Niyə Sosial Müdafiə Fondunun büdcəsində özəl sektorun payı cəmi 25%-dir?

Əslində hökuməti anlamaq asandır - amma yaranmış vəziyyətin səbəbkarının elə hökumət olduğunu unutmamaq şərtilə. Niyə Sosial Müdafiə Fondunun büdcəsində özəl sektorun payı cəmi 25%-dir? Çünki hökumət effektiv siyasətə malik olmayıb, rəqabətqabiliyyətli iqtisadiyyat, böyük dövriyyəyə və deməli uyğun qaydada böyük vergi potensialına malik özəl sektor formalaşdırmaq öhdəliyini yerinə yetirə bilməyib. Niyə sosial sığıorta ödəyənlərin sayı son dərəcə azdır? Çünki ölkədə böyük miqyasda qeyri-leqal işsizlik var, hökumət qabiliyyəti olan hər kəsi işlə təmin etməklə bağlı konstitusion öhdəliyini yerinə yetirə bilməyib, hökumət kölgə iqtisadiyyatını ləğv etməklə böyük miqyasda qeyri-leqal məşğulluğun da qarşısını ala bilməyib.

Məsələyə bir az da pensiya hüququ əldə edəcək insanların mənafeyindən baxmaq lazım, onları anlamağa çalışmaq gərəkdir. Bəli, bu gün Avropa ölkələrində, ABŞ-da, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67 yaşdır. Hərçənd ki, nisbətən aşağı yaş senzi olan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62.5-dir. Faktiki olaraq Azərbaycan hökuməti pensiya yaşını 63 və 65 yaş həddi müəyyən etməklə, bu məsələdə inkişaf etmiş standartlarını tətbiq etmiş olur. Amma demoqrafik baxımından bu yanlışdır axı. Əvvəla, bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidiən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması mütləq vacibdir. Bu halda ən azından yaxın 5 ildə Azərbaycandakı hər iki cins üzrə hazırkı pensiya yaşını saxlamaq daha ədalətli olardı.

...bu ölkələrdə [Avropa] kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır.

Başqa bir məqam. İnkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi əhalinin 15-20%-ni təşkil edir. Yaxın zamanlarda isə bu nisbətin daha da artacağı gözlənir.

Azərbaycanda isə bu göstərici çox aşağıdır - təxminən 6%.

İnkişaf etmiş ölkələrdə ahıl əhalinin sayı öna görə çoxdur ki, onlar pensiya yaşından sonra uzun yaşayırlar - orta hesabla 15-20 il. Beynəlxalq standarta görə isə, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70%-i 70 yaşdan sonra vəfat edir, cəmi 30%-i əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə vəfat edirlər.

Bəs bu göstərici ilə bağlı Azərbacanda vəziyyət necədir? Heç bir rəsmi və qeyri-rəsmi mənbədə bu cür hesablama yoxdu. Hətta Azərbaycan hökuməti beynəlxalq praktikadan fərqli olaraq 70-75 yaş, 76-80 yaş və 80 yaş üzərində olan əhalinin sayı ilə bağlı ayrıca statistika təqdim etmir. Bu rəqəm əldə olsa, 70-80 yaş inrevalında olan insanların doğum tarixindəki sayları əsasında ahıl insanların pensiyaya çıxdıqdan sonrakı orta yaşama dövrünü təxmini də olsa hesablamaq probem olmaz.

Amma əldə olan bəzi statistik məlumatlar göstərir ki, Azərbaycanda əhalinin hətta 50%-nin (inkiaşaf etmiş ölkələrdə 70%) 70 yaşı tamamladıqdan sonra vəfat etməsi xeyli mübahisəli görünür. Rəsmi rəqəmlərə baxaq: hazırda 60-64 yaşlı insanlar 1952-1956-cı illərdə doğulan insanlardı. DSK-nın məlumatına görə, həmin illərdə Azərbaycanda 585.7 min doğum qeydə alınıb. Hazırda isə bu təvəllüddə olan insanların ümumi sayı 351.1 min nəfərdir. Göründüyü kimi, 1952-1956 təvəllüdlü insanların pensiya yaşı hələ indi çatır, amma həmin dövrdə doğulan insaların artıq 40%-i yoxdur. Əlbəttə, iddia eləmirəm ki, onların hamısı vəfat edib. Ölkədən miqrasiya edənlər də var. Amma burda səbəbdən çox nəticə mühümdür. Önəmli olan odur ki, pensiya sistemi doğulanların potensial olaraq neçə faizini pensiyaçı kimi qəbul edir və yaxın perspektivdə edəcək. Oxşar müqayisəni başqa bir yaş qrupu - pensiyaya yeni çıxmış yaş qrup üzrə də aparsaq, yenə eyni mənzərə alınacaq. Hazırda 65-69 yaşı olan insanlar 1947-1951-ci ildə doğulan insanlardır. Həmin illərdə Azərbaycanda 433.4 min nəfər doğulub. Hazırda isə həmin illərdə doğulan 222.3 min nəfər var - bu 1947-1952-ci illərdə doğulanların 51%-dir. Yerdə qalan 49% ya miqrasiya edib ölkədən gedib, ya da vəfat edib. Reallıq odur ki, Azərbaycanın pensiya sistemi hazırkı pensiya yaşının (60-63 yaş) sonrakı ilk 5 ilindən sonra pensiya potensial pensiya hüququ olan əhalnin ən yaxşı halda yarısının təminatını öz üzərinə götürür, inkişaf etmiş ölkələrdə isə həmin göstərici 65%-dən az deyil.

...inkişaf etmiş ölkələrdə əmək bazarının təklif potensialı çox böyükdür: hətta 70 yaşlı insanlar belə bazarda rahatlıqla iş tapıb işləyə bilirlər. Bizdə isə qeyri-rəsmi işsizlik çox böyükdür, faktiki olaraq insanlar 55-60 yaşı keçəndən sonra iş tapmaq onlar üçün problemə çevrili

Bir vaib məqamı da unutmayaq: yüksək pensiya yaşı tətbiq edən inkişaf etmiş ölkələrdə əmək bazarının təklif potensialı çox böyükdür: hətta 70 yaşlı insanlar belə bazarda rahatlıqla iş tapıb işləyə bilirlər. Bizdə isə qeyri-rəsmi işsizlik çox böyükdür, faktiki olaraq insanlar 55-60 yaşı keçəndən sonra iş tapmaq onlar üçün problemə çevrilir, minimum iş stajı olan, amma işsiz qalan bu yaşda insanlar 3-5 il günlərini saymaqla ayda 160-170 manat pensiya alacağı günü gözləyirlər. İndi pensiya yaşını yenidən 3 ilə yaxın artırmaq o deməkdir ki, həmin kateqoriya pensiyasız, işsiz yenə ailələrinin sosial öhdəliyində, ağır maddi çətinliklə yaşamalı olacaqlar.

Nəhayət, pensiya yaşının necə müəyyən olunması ilə bağlı bir vacib məqama da diqqət yetirək. Pensiya yaşı qocalma ilə bağlı insanın əmək qabiliyyətinin itirmə səviyyəsinə uyğun olmalıdır. Bunu isə hazırda dünyada bir sıra institutlar birgə tədqiqatlar əsasında müəyyən edir. Məsələn, dünyada "gerontologiya" deyilən xüsusi elm sahəsi var. Bu sahənin mütəxəssislər qoclamanın bioloji, psixoloji və sosial aspektlərini öyrənir, onun səbəbləri ilə mübarizə yollarını göstərir. Hökumətlər pensiya yaşı ilə bağlı qərar qəbul edəndə bu sahənin, demoqrafların, riyazi sığorta sahəsinin (aktuarilərin), tibbi-həkim ekspertizası mütəxəsssislərin ciddi tədqiqatlarının nəticələrindən çıxış edir. Bizim bu sahədə mütəxəssis kadr bazamız, elmi potensialımız nə yerdədi? Onların tədqiqatlarının nəticəsi nə göstərir: hazırda azərbaycanlıların əksəriyyəti üçün əmək qabiliyyətini ititmə yaşı hansı yaşdır? Bu faktı təsdiqləyən yazılı əsaslandırmalar varmı (arayış və tədqiqat formasında)?

Ən pisi odur ki, hökumət pensiya yaşını davamalı olaraq artırır, amma insanların pensiya hüququ ilə bağlı çox vacib mexanizm illərdi tətbiq edilmir. Söhbət yığım pensiyasından gedir. Artıq 10 ildir insanların Sosial Fonda ödədəyi sığorta haqlarının cəmi 50%-i onların sığorta hesabında qeydə alınır. Yerdə qalan hissənin yığım hesabında toplanması və pensiyaçıya (yaxud onun varislərinə) qaytarılması həll edilməli idi, amma bu mexanizmi yaratmaq heç kimin yadına düşmür. Təsəvvür edin ki, siz hər ay 100 manat sosial sığorta ödəyirsiniz, amma hökumət onun cəmi 50 manatını sizin adınıza qeydə alır və pensiyanızı da məhz həmin 50 manat əsasında hesablayır. Bəs yerdə qalan 50 manat insanların haqqı deyilmi?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG