Keçid linkləri

HƏFTƏSONU SEÇKİDİR, AMMA RUSİYADA...

Bu həftə çox maraqlı hadisə var: Rusiyada parlament seçkiləri olacaq. Təbii ki, bu nəhəng ölkə Azərbaycanın ictimai və siyasi həyatında daha əvvəlki rolunu oynamır. Ona görə də düşünürsən ki, görəsən, hətta 26 sentyabrdakı referenduma heç bir diqqət nümayiş etdirməyən ortastatistik Azərbaycan oxucusuna şimal qonşusunda baş tutacaq seçkilər nə qədər maraqlıdır?

Amma məncə, həmin seçkilərdən də dərs almaq olar. Düzdür, Rusiya siyasəti də getdikcə daha çox bir «aktyorun teatrı»nı xatırladır və rusların özlərinin dediyi kimi, yüz illərlə Rusiyada hökm sürən mütləqiyyətdən elə də fərqlənmir. Ancaq burada ciddi bir düzəlişə ehtiyac olduğunu da düşünürəm...

AVTORİTARİZMİN İKİ TİPİ...

Həmişə bir sual üzərində baş sındırmışıq. Görəsən, Rusiya və Azərbaycandakı avtoritarizmin fərqi nədədir? Bəlkə də çoxları elə bir fərq görmür və düşünür ki, orada da, burada da eyni avtoritarizmdir. Amma məncə, az da olsa, fərq var. Azərbaycandakı avtoritarizm institusional avtoritarizmdir. Günbəgün artan rəsmi yasaqlar, cəmiyyətə və fərdlərə institusional təhdidlər burada hər şeyi həll edir...

Rusiyada da bunlar qismən mövcuddur. Amma oradakı avtoritarizm bir qədər xarizmatik avtoritarizmdir. V.Putin-in ictimai-siyasi reytinqi gerçəkdən güclüdür. Bir çox hallarda bu xarizma və reytinq qərarların qəbuluna da öz təsirini göstərir. Azərbaycan siyasətində isə V.Putin kimi böyük reytinqə və xarizmaya malik siyasi lider yoxdur. Ona görə də bir az əvvəldə dedim ki, buradakı avtoritarizm institusionaldır...

MƏSƏLƏ... SEÇKİNİN ÖZÜNDƏDİR

Elə bu səbəbdən hətta parlament seçkilərinə baxanda da görürsən ki, Azərbaycanla Rusiya arasında fərq böyükdür. Məsələn, bu ölkələrdəki seçki sistemləri tam fərqlənir. Rusiyada 450 deputatın yarısı proporsional, yarısı da majoritar sistemlə seçilir. Azərbaycanda siyasi partiyaları zəiflətmək və onların siyasi çəkisini heçə endirmək üçün proporsional sistem ləğv edilib. Elə majoritar sistem üzrə də doğru-dürüst seçki keçirilmir. Keçirilsəydi, heç proporsional sistemin ləğvinə də heyfslənməzdik...

Buna da bax-Demokratiyaya keçidin xəritəsi

Amma bununla da iş bitmir. Rusiyada, bir az məhdud şəkildə olsa da, seçki debatları keçirilir. Azərbaycanda çoxdan bunun da «çarə»si tapılıb. Özü də bunu çox incə şəkildə edirlər. Guya ölkədəki müxalifət partiyaları efir saatı almaqdan ötrü zəruri prosedurları keçə bilmir və hakim partiya da «təvazökarlıq» göstərərək özü də efir saatından imtina edir...

Əslində isə çalışdıqları odur ki, insanlara tənqidi fikir, söz çatmasın. Baxın, bu gün - hətta referendumun təbliğat mərhələsinin keçdiyi bir vaxtda da heç kim özünə əziyyət verib nəyisə təbliğ-təşviq etmir, müxalifətə isə söz deməyə imkan verilmir. Baxıb görürsən ki, sadəcə, cəmiyyəti məlumatlandırmağa da ehtiyac duymurlar. Bir tərəfdən bilirlər ki, cəmiyyət istəsə də, istəməsə də, düzəlişlər təsdiqlənəcək. O biri tərəfdən də, çalışırlar ki, cəmiyyət, ümumiyyətlə, ictimai və siyasi məsələlər və problemlər haqqında düşünməsin...

QUYUYA SU TÖKMƏKLƏ...

Rusiyada durum fərqlidir. Az da olsa, tənqidi fikir səslənir, az da olsa, müxalifət ruhu duyulur. Nə edəsən ki, hətta seçki debatlarına da baxanda əmin olursan ki, müxalifətin hakimiyyətinki qədər xarizmatik liderləri yoxdur. Mən hələ birinci şəxsi – V.Putin-i demirəm. Təbii ki, bu xarizma da boş yerdə yaranmayıb və uzun müddət avtoritar üsullarla bərqərar olub. Amma məsəl var deyirlər ki, quyuya təkcə su tökməklə quyu sulu olmaz, gərək quyunun özündə su olsun...

Baxın, Azərbaycanda hakim partiya nə qədər çalışsa da, gerçək xarizmatik lider formalaşdıra bilmir. Ona görə də burada itaət daha çox qorxu və təhdid üstündə bərqərar olub...

Buna da bax-Azərbaycana hansı model daha uyğundur?

Azacıq imkan verilsə, nəinki təcrübəli müxalifət adamları, hətta bir çox gənc fəallar da hakimiyyətə əsl xarizma dərsi keçərlər. O üzdən, efirə heç kimi buraxmır, az da olsa, siyasi sərbəstlik vermir, hətta demokratiyanın imitasiyasından – yamsılanmasından da çəkinirlər.

Bir daha deyirəm ki, heç Rusiyada da müxalifət və müxalif fikir üçün asan keçmir. Amma V.Putin-nin şəksiz xarizmatik üstünlüyünü də etiraf etməmək olmur.

Burada, təbii ki, yerli «siyasi obraz»ların da rolu az deyil. Rusiyalı politoloqlar indiki hakimiyyəti obrazlı şəkildə «çekistokratiya» adlandırırlar. Amma nə edəsən ki, Rusiyada belələrini sevirlər! Məgər bir neçə ay əvvəl xəbər yayılmadımı ki, Moskvada «dəmir Feliks»in heykəlini yenidən ucaltmağa imza toplayırlar?!.

2003-CÜ İLDƏN SONRA...

Azərbaycanda isə xarizmatik siyasət dövrü 2003-cü ildə bitdi. Ovaxtadək «vint»ləri həddindən çox bərkitməyə bir o qədər ehtiyac duymurdular. Axı hakimiyyətin gerçəkdən xarizmatik lideri vardı və bunu etiraf etmək lazımdır. Amma sonrakı dövrlərdə institusional avtoritarizm mərhələsi başladı, bundan sonra hər şeyi yasaqla və güclə nizamlamaq yolu tutuldu. Təbii ki, bu, bir partiyanın və ya bir siyasi vektorun nəyisə diqqətdən qaçırması demək deyildi. Bütün xarizmatik hakimiyyətlərdən sonra belə olur – lider boşluğu yaranır, çünki bir nəfərin də xarizması heç də boş yerdə yaranmır, bu xarizma digərlərinə imkan verməmək, özündən güclüləri sıradan çıxarmaq və özünəməxsus tərzdə «neytrallaşdırmaq» hesabına yaranır. Təsadüfi deyil ki, artıq indidən Rusiyanın düşüncə adamlarını putinsonrası siyasi boşluq qorxudur.

Amma nahaq yerə qorxurlar, axı o vaxt Rusiyada da yeni siyasi mərhələ başlanacaq – institusional avtoritarizm mərhələsi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG