Keçid linkləri

Təcili xəbərlər

Trump-ı necə dayandırmalı?


Donald Trump
Donald Trump

-

ABŞ ÇAŞQINLIQ İÇİNDƏ

Başlıqdakı sual indi təkcə Amerika demokratlarının dilinə gəlmir, elə respublikaçıların özü də bu problemlə üz-üzə qalıblar. Əcəb durum var Amerikada. Sanki mübarizə yalnızrespublikaçılarla demokratlar arasında deyil, həm də respublikaçı namizəd D.Trump-la respublikaçıların öz arasında gedir...

İnsanların, adi seçicilərin bir hissəsi çaşqınlıq içindədir. Hərə bir söz deyir. Bəli, biri deyir ki, Trump seçilərsə, hərbçilər qiyam qaldıracaq. Digəri buyurur ki, Trump seçilsə, amerikalılar köçüb Kanadaya gedəcəklər...

Nə olub? Nə baş verir?

Əvvəlcə onu deyim ki, bəlkə də ABŞ-dakı ilkin seçkilər ilk baxışda yalnız siyasi təhlilçilərə maraqlı görünə bilər. Axı adi adamlardan fərqlənir və bütün dünyada baş verənləri də anlamaq yükünü çəkirlər. Düzdür, bu maraq, prinsipcə, heç nəyi həll etmir - seçilənlər də, seçənlər də amerikalılardır.

Ancaq Amerikanı qəbul etməyənlər də, haradasa, onun dünya dövləti olduğunu qəbul etmək zorundadırlar.

ABŞ-IN ZHIRINOVSKY-Sİ...

Elə ona görə də maraqlanmaqdan, izləməkdən başqa çarə yoxdur – təbii ki, hərə öz payına düşən qədər.

İndi bu məsələ həm də ona görə aktualdır ki, ilkin seçkilərdə ABŞ-ın öz V.Zhirinovsky-si peyda olub. Həmin adam adını ən əvvəldə çəkdiyimiz cənab Donald Trump-dır.

İlk baxışda o, Vladimir Volfovich-dən fərqlənir, ən azı ona görə ki, milyardları var, yəni milyarderdir. Bu isə heç də az şey demir və o, çox məşhur Vladimir Volfovich-dən fərqli olaraq, öz sərvətini müxtəlif siyasi xidmətlər müqabilində qazanmayıb.

ABŞ-da belə bir deyim var: Özünü ağıllı sayırsansa, nədən belə kasıbsan? Həmin məntiqlə demək olar ki, Trump heç də ağılsız adam deyil. Sadəcə, onun bu üstünlüyü sonda əleyhinə də işləyə bilər. ABŞ-da bir qayda olaraq milyarderlərın prezidentliyə yolu elə də hamar deyil...

Sübut üçün yaxın keçmişdən də misallar gətirmək olar – amerikalı seçici biznesi siyasətə qarışdırmağı elə də sevmir.

Güman ki, milyarder və respublikaçı R.Perot oxucuların bir qisminin hələ də yadındadır. 1992-ci və 1996-cı illərdə prezident seçkilərinə qatılan bu adam elə bir uğur qazana bilmədi. Olsa-olsa, digər namizədlərə problem yaratmağı bacardı. Hər halda, bunu da etiraf etmək lazım gəlir...

Məsələ çox ciddidir. O qədər ciddidir ki, respublikaçıların elitası xüsusi toplantı keçirməyə məcbur qalıb. Partiyanın siyasət və biznes elitası öncədənbəlli bir sualı cavablamaq üçün baş sındırıb: «Trump-i necə dayandırmalı?»...

Diqqət çəkən odur ki, hətta respublikaçıların özü növbəti Zhirinovsky-dən, yəni D.Trump-dan yaxa qurtarmağın yollarını düşünür, amma tapa bilmirlər. Hələlik, Trump respublikaçı namizədlərin hamısını qabaqlayır.

Əvvəlcə düşünürdülər ki, J.Bush onun önünü kəsə bilər, ancaq o, seçki kampaniyasına «stop!» dedi. Amerikalı təhlilçilər də bunu belə yozdu ki, ölkə Bush soyadlı prezidentlərdən yorulub.

Ola bilər. Trump üçün həlledici anlardan biri ötən çərşənbə axşamı sayılırdı. O gün düz 12 ştatda respublikaçıların ilkin seçkiləri baş tutmalı idi. Bu seçkilərdən Trump qalib çıxdı. Hətta o üstünlüklə qalib oldu ki, onun prezident seçkilərində respublikaçıların namizədi olacağınaçox adamın zərrəcə şübhəsi qalmadı.

Bu çərşənbə axşamı da sınaq seçimlərindən biri olacaq. Eyni vaxtda 6 ştatda seçki keçiriləcək. Trump bu seçkilərdən də qalib çıxarsa, böyük ehtimalla, daha onu saxlamaq mümkün olmayacaq.

Məsələ çox ciddidir. O qədər ciddidir ki, respublikaçıların elitası xüsusi toplantı keçirməyə məcbur qalıb. Partiyanın siyasət və biznes elitası öncədənbəlli bir sualı cavablamaq üçün baş sındırıb: «Trump-ı necə dayandırmalı?»...

R.KADYROV QƏDƏR «ORİJİNAL»...

Trump hamını qorxudur. Bu adam artıq indidən özünün antimüsəlman ritorikası ilə diqqət çəkib. Ölkəyə müsəlmanların gəlişinin yasaqlanmasını istəyir. Təsadüfi deyil ki, ABŞ-dakı müsəlman təşkilatları insanları bu adama səs verməməyə çağırır.

Trump terrorizmə qarşı mübarizədə terroristlərin ailələrini öldürməyi təklif edir. Bu təklif elə də orijinal deyil – Çeçenistanda R.Kadyrov artıq çoxdan terroristləri onların ailələrinin «köməyi» ilə zərərsizləşdirir.

Başqa nə demək olar? Düzdür, ilkin seçkilər daha böyük siyasi meydana – prezident seçkilərinə adlamaq üçün bir tramplindir. Amma Trump və tramplin sözləri çox səsləşir, deyilmi?

Ona görə də kim bilir, dünyada nələr olmur ki... Bir daha deyirəm, respublikaçıların özü də ondan canlarını qurtarmaq istəyir. Axı nə qədər mühafizəkar olsalar da, nə qədər xristian dəyərlərinə önəm versələr də, Amerika dəyərləri deyilən anlayış da var və heç kim həmin dəyərləri belə asanlıqla itirmək istəməz.

ABŞ elə əvvəldən mühacirlər ölkəsi olub. Bura gələn insanların dini baxışları, siyasi əqidələri heç kimi maraqlandırmayıb, çünki belə hesab edilib ki, onlar ABŞ-a məhz öz dini və siyasi inanclarını reallaşdırmaq və daha azad yaşamaq üçün gəliblər.

Son söz ABŞ seçicisinindir. O, Trump-ı seçəcəksə, buna da hörmətlə yanaşmaq lazım gələcək. Sadəcə, indi daha çox ortastatistik amerikalı seçicinin müdrikliyinə ümid qalıb. Məncə, onlar Amerikanın dünyadan ötrü nə önəm daşıdığının fərqindədirlər...

Bu, həqiqətən də mühüm məsələdir. Amerika dəyərləri deyilən anlayış da elə ilk növbədə budur.

RESPUBLİKAÇILAR GEOSİYAƏTƏ HƏSSAS OLSALAR DA...

Trump hakimiyyətə gəlsə, müsəlman aləminə münasibət bir az da pisləşə bilər. Düzdür, respublikaçı siyasətçilər geosiyasət məsələlərinə həmişə daha çox önəm və diqqət verir, ABŞ-ın milli maraqlarının fərqində olurlar.

Hətta sayıq oxucu deyər ki, məhz respublikaçı kiçik Bush «907-ci düzəliş»in qüvvəsini dayandırdı. Tamamilə doğrudur! Elə məhz ona görə əvvəldə yazdım ki, respublikaçı siyasi elita həmişə geosiyasət nüanslarına həssas yanaşır. İndi də buna ümid edirəm.

Amma nə Trump-ın özü respublikaçı elitanı qəbul edir, nə də respublikaçılar onunla əməkdaşlıq etməyə hazırlaşır. O üzdən vəziyyət yetərincə problemli qalır.

Yekun ilkin seçkilərə, xüsusən prezident seçkilərinin özünə hələ bir xeyli vaxt qalıb. Hər şey qarşıdadır. Ümid edirəm ki, Trump-ın çarəsini ya respublikaçıların özü, ya da demokratlar tapacaq. Hərçənd, demokratların da B.Sanders problemi var və bu adam radikallıq baxımından heç də Trump-dan geri qalmır– biri superradikal sağçı, digəri isə solçudur...

Bir daha ümid edək ki, seçicilər əvvəldə dediyim Amerika dəyərlərinin varlığını təcrübədə sübut edə biləcək.

Ona görə də irəli qaçmağın elə bir mənası yoxdur və bir az gözləmək lazım gələcək. Ona da ümid edək ki, əlində gözləməkdən də başqa vasitəsi olanlar boş dayanıb-durmaz və nəsə etməyə çalışarlar.

Son söz ABŞ seçicisinindir. O, Trump-ı seçəcəksə, buna da hörmətlə yanaşmaq lazım gələcək. Sadəcə, indi daha çox ortastatistik amerikalı seçicinin müdrikliyinə ümid qalıb. Məncə, onlar Amerikanın dünyadan ötrü nə önəm daşıdığının fərqindədirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG