Keçid linkləri

Təcili xəbərlər

Türkiyə də dağılsaydı, Yaxın Şərqin mənzərəsi necə olardı


Türkiyənin Suriya ilə sərhəddəki Cizrə şəhərində kürd yaraqlı qrupları ilə Türkiyə qüvvələri arasında döyüşlərdə yararsız hala düşmüş bina.
Türkiyənin Suriya ilə sərhəddəki Cizrə şəhərində kürd yaraqlı qrupları ilə Türkiyə qüvvələri arasında döyüşlərdə yararsız hala düşmüş bina.

.

OSMANLINI PARÇALAMA PLANI ƏRƏBLƏRİ NİYƏ NARAZI SALIR?

Mayın 16-da Osmanlı imperiyasının süqutundan sonra Yaxın Şərqdə yeni sərhədlərin bünövrəsini qoyan Sykes-Picot sazişinin imzalanmasından 100 il ötdü.

Bir çox tarixçilər, siiyasətçilər və hətta "İslam dövləti" yaraqlıları da daxil olmaqla bəzi tarixçi və siyasətçilər müasir ərəb ölkələrindəki əksər uğursuzluqlar və problemlərin kökünü Britaniya və Fransa arasında çar Rusiyasının razılığı ilə imzalanmış bu sazişdə görürlər.

Bəzi təhlilçilərsə hətta "Sykes-Picot sazişi olmasaydı vəziyyət necə olardı" sualını verirlər.

Onlar iddia edirlər ki, bugünkü İraq, Suriya, Səudiyyə Ərəbistanı, İordaniya və s. ölkələrin "süni sərhədləri" olmasaydı Yaxın Şərq çevriliş cəhdləri, avtoritarizm, dini ekstremizm, elm sahəsində durğunluq, gerilik, Qərbə qarşı qərəz və terrorçuluqla üzləşməzdi. Yaxud da bu problemlər indiki qədər dərin olmazdı.

Hamıya məlumdur ki, XIII əsrdə ikinci İslam xilafəti olan Abbasilərin süqutundan sonra Yaxın Şərqdə yaşayan ərəblərin bütöv, müstəqil bir dövləti olmayıb.

750 il ərzində bugünkü Yaxın Şərqin ərəb dünyasının əksər hissəsi Osmanlıların nəzarətində olub. Az bir hissəsi isə zaman-zaman İran dövlətlərinin tərkibində olub.

Belə bir şəraitdə bu "süni sərhədlər" müasir ərəb dövlətlərinin üzləşdiyi problemlərin tək səbəbi ola bilərdimi?

PİROQ BELƏ BÖLÜNÜRDÜ...

Sykes-Picot sazişinin bu "süni sərhədləri" təkbaşına çəkmədiyi də məlumdur.
Yaxın Şərqin xəritəsini dəyişmiş bu müqavilə elə bir mürəkkəb zamanda imzalandı ki, regionun ən güclü dövləti olan Osmanlı imperiyası artıq 300 il idi ki, tənəzzül dövrünü yaşayırdı.

Buna paralel olaraq Qərbdə, Avropada dövlətlərin yüksəlişi baş verirdi. Kəşflər, sənayeləşmə və intibah dövrünü yaşayan Qərbin sonuncu İslam imperiyası olan Osmanlı dövlətinə üstün gəlməsi 300 il vaxt aldı.

Beləliklə Sykes-Picot anlaşması təkcə ərəb dünyası ilə bağlı deyildi. Söhbət ilk növbədə İrandan qərbə doğru bütün müsəlman dünyasını, Ərəbistan yarımadası və Şimali Afrikanı nəzarətində saxlayan Osmanlı imperiyasının sıradan çıxarılmasından gedirdi. Bu, bir növ piroqun bölüşdürülməsinə bənzəyirdi.

Qeyd edilməlidir ki, bugünkü Türkiyə Respublikası Sykes-Picot sazişi ilə yaranmayıb, əksinə ona rəğmən yaranıb.

VƏZİYYƏT ATATÜRKLƏ LENİNİ MÜTTƏFİQ EDİR

Bunun iki səbəbi var:
Birincisi, müasir Türkiyənin milli istiqlal savaşına qeyri-adi hərbi komandan və xarizmatik lider olan Mustafa Kemal Pasha Atatürk başçılıq edib.

İkincisi də bu hadisələr Rusiyada Oktyabr inqilabı ərəfəsində baş verirdi. İnqilabın lideri Vladimir Lenin isə bir neçə il sonra rus qoşunlarının keçmiş Osmanlı torpaqlarından geri çəkilməsi barədə qərar vermişdi. Lenin hətta Atatürkün istiqlal hərəkatını dəstəkləyirdi.

Sykes-Picot sazişinin imzalanmasından bir il əvvəl Britaniyanın Misirdəki ali komissarı Henry McMahon Məkkənin şərifi Hussainə "vəd etdi" ki, əgər Osmanlını məğlub etmək üçün Britaniya və Fransaya kömək etsə bütün ərəb krallığı ona çatacaq.

Ancaq əslində baş verənlər bu "vəddən" çox fərqli idi. Bir il sonra, 1916-cı il mayın 16-da bir ingilis və bir fransız, Mark Sykes və Georges Picot Osmanlı imperiyasının məğlubiyyətindən sonra əldə edilmiş "qəniməti" xəritə üzərində bölüşdürdülər.

İnfoqrafikaya keçid üçün şəkli vurun

Əlbəttə ki, bu saziş milli dövlətləri və millətlərin "öz müqəddəratını təyin etmə hüququnu" nəzərə almırdı.

Əvvəlki əsrlərdəki kimi yenə də yalnız qalib dövlətlərin strateji maraqları əsas götürüldü. Britaniyaya neft və dəniz yolları üzərində nəzarət lazım idi, fransızlarsa Aralıq dənizi hövzəsi üzərində nəzarətdən pay istəyirdilər.

Rusları da razı salmaq üçün onlara bəzi əhəmiyyətsiz güzəştlər edildi. Yuxarıdakı xəritədən də aydın olduğu kimi ruslara nəzərdə tutulan bu güzəşt Şərqi Anadoluda ermələrin də yaşadıqları müəyyən ərazidən ibarət idi.

Onlarla etnik, dini, mədəni və dil birliklərinin yaşadığı regionda sərhədlər çəkildi və dövlətlər yaradıldı.

Region "mandatlara", başqa sözlə "nüfuz dairələrinə" bölündü. Bu gün də bəzi ərəblər "pozulmuş vədlərdən", vahid və monoetnik bir ərəb dövlətinin yerinə xırda dövlətlərin yaradılmasından şikayətlənirlər.

Ancaq baş verənlərin üstündən 100 il keçdiyindən insanlar unudurlar ki, bu sərhədlər istənilən halda "süni" olacaqdı. Çünki onlar əvvəllər mövcud olmuş dövlətlərin sərhədlərini dəyişdirilmək bahasına çəkilməyib. Bu sərhədlər bir zamanlar güclü olan Osmanlıdan qoparılmış "müharibə qənimətinin" bölüşdürülməsi üçün çəkilib.

Sykes-Picot sazişi ərəb torpaqlarında ədalətsizlik və ikili standartların rəmzinə çevrilib. O həm Qərbə qarşı üsyan qaldırmaq, həm də bir-biri ilə müharibə etmək üçün bəhanələr verir.

Regiondakı bəzi qruplar da bu sənəddən azadlıq müharibələrinə təkan verən amil kimi istifadə edirlər. Əvvəlcə qərbli mandat sahiblərinə qarşı, sonra onların yerli nümayəndələrinə, daha sonra isə İsrail və ABŞ-a qarşı.

Günümüzdə isə bu münaqişələr daha fərqli formalarda təzahür edir. Sünnilər şiələrlə vuruşur, bir sünni qrup "kafir" saydığı digər qrupla müharibə edir, kürdlər türklərə qarşıdır, İD yaraqlıları isə hamıyla birdən vuruşur.

Bu gün həm İraq, həm də Suriya "çökmüş dövlətlər" sayıla bilər.

Təsəvvür edək ki, hazırda regionun ən böyük və əhəmiyyətli dövləti hesab olunan Türkiyə də ya vətəndaş müharibəsi, ya cəmiyyətin müxtəlif qruplarının bir-biri ilə çəkişməsi nəticəsində, 100 il qabaqkı kimi plan və xəritələrlə, yaxud, elə plansız və xəritəsiz bir yolla sıradan çıxarılsa nə baş verərdi?

İndiki vahid və güclü Türkiyə dövləti yerinə, bir-biri ilə yola getməyən 3-4 xırda və zəif dövlət yaransa nə baş verər?

Bax, Yaxın Şərqin əsl fəlakəti məhz bu halda başlayardı.​

Bunlar Abbas Cavadinin AzadlıqRadiosunun ingilis dilli saytında yayılan "Türkiyə Dəftəri" bloqundan götürülüb.

XS
SM
MD
LG