Keçid linkləri

-

İŞ OPEK-Ə QALDISA...

Qətərdən elə də xoş xəbər gəlmədi. Səudiyyəlilər iranlıları, iranlılar da yenicə qurtulduqları məhdudiyyət və sanksiyaları əsas gətirərək, neft hasilatını dondurmaq barədə razılaşmanın əldə olunmasına imkan vermədilər. Qərarsızlıq milli valyutaların kursunda və birjalarda neftin qiymətində dərhal özünü göstərdi – kurs da düşdü, qiymət də...

Amma neft ölkələrindən heç biri özünü qınamadı. Hamı daha çox bu fikirdə oldu ki, hasilatın dondurulacağı haqqında xəbər artıq özünün missiyasını başa vurub – son bir-iki ayda neftin qiyməti, az qala, iki dəfə bahalaşmışdı...

Amma o bahalaşma davamlı olsaydı, təbii, daha yaxşı olardı. Di gəl, bu xüsusda ümidə qapılmağa elə bir ciddi əsas yoxdur. Hətta OPEK ölkələrinin iyun ayında bir daha bir yerə toplanacağı gözə alınsa da...

Artıq indidən həmin görüş barədə çox bədbin proqnozlar səslənir, onun da Qətərdəki toplantı kimi uğursuzluqla bitəcəyi deyilir.

Nə etmək olar? Görünür, neft ölkələrinin şıltaqlığına, onların geosiyasi məsələ və planlarda tərəf tutmasına dözmək lazım gələcək...

SUAL VƏ... SÜKUT

Təbii ki, bizi daha çox Azərbaycanla bağlı məqamlar düşündürür. İstənilən anda pozula və növbəti devalvasiyaya təkan verə bilsə də, indi ölkədə kövrək maliyyə tarazlığı bərqərar olub. Elə insanları da düşündürən sual budur ki, görəsən, növbəti devalvasiya olacaq? Təəssüf ki, birmənalı söz demək, təskinlik vermək, ən əsası, proqnoz səsləndirmək elə də asan deyil. İlk baxışda belə bir təəssürat yaranır ki, manat duruş gətirdi. Ola bilsin, iqtisadçıların bu barədə daha ilginc məlumatı var, amma onlar da susmağa və yaxud sualdan yan ötməyə üstünlük verirlər. Elə bu səbəbdən, manatın kursu ilə bağlı şübhələrə qapılmağımıza əsas yoxdur. Ən azı cari ildə bizi sarsıdıcı şokların gözləmədiyini indidən demək olar...

Əslində, elə sarsıntıların baş verməsi bir qədər məntiqsizlik olardı. Axı «üzən məzənnə» manatın kursuilə bağlı yetərincə variasiyalara yol açır. Bunu əsas götürərək, bir daha kəskin şokların olmayacağını demək məntiqə sığar.

Ümumilikdə götürəndə, manatın kursu ticarət saldosundan tutmuş, neftin qiymətinədək bir neçə parametrdən asılıdır. Amma ən peşəkar iqtisadçılar da uzunmüddətli proqnozdan çəkinir, ilin sonunu gözləməyi məsləhət görür.

BİR PROBLEM, İKİ YOL

Bəs nə etmək olar? Burada da iki önəmli incəlik var. Biri ən yaxın dövrlərdə görülən tədbirlərdir ki, onlar insanların əziyyətini azaltmaq, onlara ağır sosial sarsıntılar yaşamamağa yardımçı olmaqdan ötrü nəzərdə tutulur. Konkret nəsə demək çətindir, amma hökumət bütün sosial proqramların yerinə yetiriləcəyini deyir və burada da getdikcə qənaət motivləri gözə dəyir. Məsələn, bu vaxtadək mövcud ünvanlı sosial yardım taktikasını dəyişmək, onu daha çox kiçik biznes layihələrinə yönələn dəstəyə çevirmək nəzərdə tutulur. Amma bu halda hər rayondan ən çoxu 20 ailəyə yardım etmək nəzərdə tutulur ki, bu da ünvanlı sosial yardımlara ehtiyac duyanların çox cüzi hissəsidir. Üstəlik, işsiz və aztəminatlıların sayı durmadan artır...

Növbəti addımlarsa uzunmüddətli strategiya ilə bağlıdır. Təbii ki, bu xüsusda dərhal yada düşən heftdənkənar sektorun inkişafı məsələsidir. Amma bu, bir günün, iki günün məsələsi deyil. Demirəm ki, bu sahədə heç bir iş görülmür. Cəhdlər var, amma ölkədəki korrupsiya və inhisarçılıq, iqtisadiyyatın yerli özəllikləri və bir də məmurların iqtisadiyyata müdaxiləsi bu sahədə ciddi irəliləyişləri əngəlləyir.

QOCA ŞƏRQİN QAPISISAN...

Qeyri-neft sektoru, biznes yeni adamlarsız təsəvvür olunmur. Amma on illərdir guya insan kapitalı diqqətdə olsa da, əslində, bu ölkədə ən çox əzilən elə insandır. Bu, həm də təhsillə bağlı məsələdir. Azərbaycanda ən çox geriləyən sahələrdən biri, - bəlkə də birincisi, - elə təhsildir.

Bu günlərdə xaricdə təhsil proqramının dayandırılacağı, daha doğrusu, onun yalnız magistratura və doktorantura pillələrini nəzərdə tutacağı deyildi.

Təcrübə isə göstərir ki, gəlişmiş ölkələrdə gənclərin böyük hissəsi daha çox bakalavr pilləsi ilə məhdudlaşmağa, öz biznes və karyerasını daha tez qurmağa, daha tez müstəqil həyata qədəm qoymağa üstünlük verirlər. Nə isə... Bu məsələ, çox ağrılı olsa da, ölkədəki onlarca neqativ tendensiyadan yalnız biridir.

Bir çox məsələ insanların dünyagörüşü və psixologiyasının dəyişməsini tələb edir. Hakimiyyətdəkilərsə məhz bunu istəmirlər. Axı başqa cür idarə etməyi bacarmır və ya ağıllarına gətirmirlər.

Sonuncusu isə o deməkdir ki, bu ölkədə insanlar hələ çox şoklar yaşayacaq və bu ölkə hələ öz yerində çox sayacaq...

23 ilin avtoritar idarəçiliyi təsirsiz ötüşməyib – insanlar da tənbəlləşib. Bu, yalnız hər hansı vərdişlə bağlı məsələ deyil, ölkənin özəlliyindən doğan məsələdir – burada hələ də iqtisadiyyat siyasətdən ayrılmayıb. Burada hələ də ölkənin resursları, iqtisadiyyatın mühüm sahələri məmurların əlində cəmləşib və... Və onlar bütün bunlardanheç də asanlıqla imtina etməzlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG