Keçid linkləri

Təcili xəbərlər

Cümhuriyyətə müxalif hakim partiya


Arkadaş, mən bu Atatürk cümhuriyyətinin AKP-yə nə pislik etdiyini anlaya bilməmişəm
Arkadaş, mən bu Atatürk cümhuriyyətinin AKP-yə nə pislik etdiyini anlaya bilməmişəm
Turqut Özalın qurduğu Ana Vətən Partiyasının 1983-91-ci illər arasındakı təkpartiyalı iqtidarından sonra Türkiyə 11 il müxtəlif partiyaların koalisiyaları dövrünü yaşadı.

2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının (AKP) koalisiyaya ehtiyacı qalmadı. AKP-nin ilk addımlarından biri Türkiyəni Avropa Birliyinə üzv etmək üçün Brüsselin qapısını kəsdirmək oldu. Abdullah Gülün qurduğu 20 günlük AKP hökuməti müzakirə tarixi almaq üçün Avropa Birliyinə göstərdiyi təzyiqləri yaxşı xatırlayıram.

2005-ci il oktyabrın 4-də Türkiyənin Avropa Birliyinə tam üzvlük müzakirəsinin tarixini almaq üçün saatın dayandırılmasını və xarici işlər naziri Abdullah Gülün gecəyarısı Brüsselə gedərək türk dilində çıxış etdiyini də unutmamışam.
2006-cı ildə Brüsselin irəli sürdüyü tələblər nəticəsində Türkiyənin cəhdlərinin səngiməsi diqqətdən yayınmamışdı. Bu duruma tənqidi münasibət bəsləsək də, mən AB ilə müzakirələr yolunda Türkiyə hökumətinin öz siyasətini dəyişdirəcəyinə inanmayaraq nikbinliyimi itirməmişdim.

22 iyul 2007-ci ildəki seçkiyə qədər Ərdoğan hökuməti AB ilə müzakirələr yolunda önəmli heç nə etmədi. Seçkidən 47%-lik qələbə ilə çıxan gecə onun söylədiyi məşhur «balkon nitqi» ölkədəki konsensus və AB-yə doğru irəliləyiş yolunda ümidləri hələ yaşatsa da, çox keçmədən bu ümidlərin xəyal olduğunu gördük.

Dünyəvi dövlət tərəfdarlarının AKP əleyhinə mitinqlərindən biri. 29 aprel 2007
2007-ci ilin 28 avqustundan sonra isə ölkədə ikiqütblü bir siyasi mənzərə yarandı: həmin gün prezident seçilən Abdullah Gülün ilk səyləri ordu ilə münasibətləri yumşaltmağa yönəldi. O əvvəl baş qərargah rəisi ilə görüşdü, sonra isə cənubi-şərq bölgələrindəki hərbi hissələrdə bir neçə gün vaxt keçirib əsgərlərə ordunun Ali Baş Komandanı olduğunu nümayiş etdirdi.

Avropa Şurası Parlamentlər Məclisində çıxış edən prezident Gül bütün təkidli suallara baxmayaraq, Türk ordusuna «toz qondurmadı». Baş nazir Tayyip Ərdoğan isə Avropa Birliyi məsələsini tədavülədən çıxararaq daxili bazara yönəltdi. O seçkilərdə qazandığı 47% səsi «Vətəndaşlarla anlaşma» elan edib Konstitusiya dəyişikliklərini gündəliyə gətirdi. Nəticədə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası ilə həmrəylik şəraitində Türkiyə parlamenti ali məktəblərdə hicabı yasaq edən konstitusiya maddəsinin ləğv edilməsi haqda qərar qəbul etdi.

Bundan sonra özünü çox arxayın hiss edən AKP-nin növbəti addımları öz tərəfdarlarını nə qədər razı salırdısa, bir o qədər də dünyəvi dövlət kimi Türkiyənin taleyini sual altında qoyurdu. Nəticədə martın 14-də Ali Məhkəmə baş prokuroru iqtidar partiyasının qapadılması tələbi ilə Konstitusiya məhkəməsinə müraciət etdi.

Bu xəbər yayılandan dərhal sonra meydanlara çıxan AKP tərəfdarlarına xitabən Baş nazir Tayyip Ərdoğan ölkəsindəki dövlət üsul-idarəsinin üç qolundan biri olan Ali məhkəməni və onun Baş prokurorunu tənqid, bəzi ifadələrində isə hətta təhqir hədəfinə çevirdi. AKP-nin funksionerlərinə elə bu lazım idi. Partiyada ikinci əhəmiyyətli şəxs olan millət vəkili Dengir Fırat daxildə və xaricdə dövlət məhkəmələrini yaş yuyub quru sərdi.

Prezident seçkisindən sonra Abdullah Gül və Rəcəb Tayyip Ərdoğan, 2 may 2007
Azərbaycan seçkilərinin baş müşahidəçisi Mevlut Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının Konstitusiya məhkəməsinə qarşı ağır bəyanatla çıxış etməsi üçün böyük səylər göstərmişdi. ABŞ-ın AKP-yə dəstək bəyanatları iləsə Egemen Bağış məşğul olurdu. Xarici işlər naziri Babacan Avropada dedi ki, Türkiyədəki müsəlmanlar öz ibadətlərini istədikləri kimi yerinə yetirə bilmir - odur ha, baxın, ali məktəblərdə hicaba icazə verən Konstitusiya dəyişikliyimizi məhkəmə ləğv etdi.

Yeni məhkəmə islahatı hazırlayan ədliyyə naziri Mehmet Əli Şahin qanun layihələrini məhkəmə qurumlarından əvvəl AB və hətta ABŞ-a göndərib oradakıların rəyini öyrənməyə üstünlük verdi.

Əvvəllər Tayyip Ərdoğanın siyasi yasağı ilə bağlı pozitiv qərarlar verib onun tərəfdarlarından alqış alan Konstitusiya məhkəməsi indi AKP-nin yaylım atəşi altında qalmışdı. 30 iyulda Konstitusiya məhkəməsi AKP-nin qadağan olunması ilə bağlı qərarını açıqlayandan sonra Tayyip Ərdoğanın hədəfi Ali Məhkəmənin Baş prokuroru olmuşdu.

Sosiologiya professoru Bəşir Atalayın 2007-ci ilin avqustunda daxili işlər naziri təyin edilməsindən sonra isə AKP-dən olan bələdiyyələrin fəaliyyət sahəsi daha da sərbəstləşdi. Bu həmin Atalay idi ki, 2000-ci ildə dini fəaliyyətlərə göz yumduğuna görə Kırıkkale universitetinin rektoru vəzifəsindəki müddəti o vaxtkı prezident Əhməd Sezər tərəfindən uzadılmamışdı.

İran prezidenti Mahmud Əhmədinejat Türkiyədə rəsmi səfərdə. 14 avqust 2008

İndi mürtəce fəaliyyəti olan bələdiyyələrə əvvəlki kimi dəyib - toxunan olmadığı kimi, işə qəbullarda qadınların başıörtülü olması qeyri-rəsmi şərt kimi irəli sürülür. Və ya ölkədəki qiyafət qanununun qadağa qoymasına baxmayaraq küçələrdə imam cübbəsi ilə gəzənlərin sayının gündən-günə çoxalmasını görmək üçün xüsusi diqqət tələb olunmur.

Konstitusiya məhkəməsinin 30 iyulda AKP-yə pul cəzası verməsindən sonra iqtidar partiyası rəsmi səviyyədə dinə münasibətini açıq göstərməsə də, dünyəvi rejimin zəiflədilməsi istiqamətində qeyri-rəsmi fəaliyyətini davam etdirir. Məsələn, ictimai TV statusunda olmasına baxmayaraq tamamilə hökumətin nəzarətinə keçən TRT-nin İran dövlət TV-si ilə bir anlaşma imzaladı. Bu anlaşmaya görə TRT İran seriallarını efirə verəcək.
Başıörtülü aktrisaların oynadığı bu seriallar Türkiyənin Şərqə doğru hərəkət etməsinin simvoluna çevriləcəkdir. Atatürkün mavzoleyini ziyarət etməmək üçün Ankaraya getməyən Əhmədinejatın İstanbulda əl üstündə tutulması da Qərb analitikləri tərəfindən Türkiyənin dünyəvi Cümhuriyyət dəyərlərindən uzaqlaşması kimi şərh edilmişdi.

Qonşu ölkələrlə əməkdaşlıq layihələri çərçivəsində mən TRT-nin Azərbaycan dramaturgiyasının və kinosunun şah əsərlərini öz ekranlarında nümayiş etdirməsini çox istərdim. «Ölülər», «Dəli yığıncağı», «Sevil» və sair dünyəvi Türk toplumunun bu mənəvi dəyərlər ilə nəfəs almağa ehtiyacı var.
Bir il qabaq Mədəniyyət və turizm naziri Ertuğrul Günaydan soruşmuşdum ki, müsəlman məmləkəti olan Azərbaycanın paytaxtı Bakıda 8 metrlik çadrasını atan «Azad qadın» heykəli var. Sol düşüncəsinin filosoflarından bir kimi «Azad qadın» heykəlinin eynisini İstanbulda qoydurmaq istərsinizmi? Hələ də cavab gözləyirəm.

Arkadaş, mən bu Atatürk cümhuriyyətinin AKP-yə nə pislik etdiyini anlaya bilməmişəm.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG