Keçid linkləri

Təcili xəbərlər

«Azadlıq» radiosu və söz azadlığı


60 illik tarixində «Azadlıq» radiosunun söz və fikir azadlığının düşmənləri tərəfindən yenidən «cəzalandırıldığını» gördük
60 illik tarixində «Azadlıq» radiosunun söz və fikir azadlığının düşmənləri tərəfindən yenidən «cəzalandırıldığını» gördük
Kim ki, insanı sevər, aşiqi-hürriyyət odur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur

Söz və fikir azadlığı uğrunda aparılan mübarizə – bəşər tarixindəki mücadilələrin ən şərəflisidir. Söz və fikir hürriyyəti uğrunda cəza isə həbslərin ən onurlusudur. Söz və fikir hürriyyəti uğrunda verilən qurbanlar - tarix boyunca insanlığın yoluna işıq saçmışdır.
«Azadlıq» radiosunun Azərbaycan redaksiyası yaradılanda - 1951-ci ildə Əbdurrəhman Fətəlibəyli Türkiyədən Münhenə dəvət edilərək redaksiya müdiri təyin edilmişdi. Sovet imperiyasına qarşı mübarizədə güzəştsiz mövqeyi ilə tanınan Fətəlibəyli-Düdənginski qaranlıq sevən güclərlə ikinci dəfə qarşı-qarşıya gəlmişdi.

KQB 1954-cü ildə Fətəlibəylini qətlə yetirdi - qaranlığı təmsil edən qüvvələr «Azadlıq» radiosunun Azərbaycan redaksiyası ilə ilk dəfə bu şəkildə hesablaşmışdılar. Daha sonra radionun Azərbaycan redaksiyasında işləyənlər və ya redaksiya ilə kənardan əməkdaşlıq edənlər qaranlığın himayədarları tərəfindən «xalq düşməni» ittihamı ilə damğalanmışdılar. Bunun ən ibrətamiz örnəklərindən biri «Kommunist» qəzetinin kolxozlar üzrə müxbiri Rəfael Nağıyevin «Azadlıq» radiosuna Türkiyədən yazılar göndərən professor Ahmet Caferoğlu haqqında dediyi ağıza alınmaz sözlər idi. Dünya türkologiyasının önəmli simalarından olan gəncəli professor Ahmet Caferoğlu 6 yanvar 1976-cı ildə İstanbulda vəfat edəndə kolxozlar üzrə xüsusi müxbir «Kommunist» qəzetindən söyüşlərini əsirgəməmişdi - söz sahibinə aiddir əlbəttə.

İsmayıl Əkbərdən sonra Mirzə Xəzərin «Azadlıq»ı fəal duruma gətirməsini xalq unutmayıb. İstedadlı jurnalist Kənan Əliyev «Azadlıq»ın ənənəvi azad ruhunu qoruyub saxlamaqla yanaşı onun gəlişindən sonra radionun ehtiva etdiyi mövzular dərinləşdi, efirin ifadə tərzi rəngarəngləşdi, əməkdaşlarla münasibətlər demokratikləşdi. Redaksiya müdiri olduğu 20 aylıq dönəmdə qaranlıq sevənlərə və at oğrularına qarşı mübarizədə Kənan Əliyevi güzəştsiz gördüm. «Alov düşdüyü yeri yandırar». Görünür, «Azadlıq»ın qaranlıqlara işıq salma cəhdləri at oğurluğu əməliyyatlarını rahat həyata keçirmək istəyən media düşmənlərini narahat etdi.
1951-də başlayan «Kəllə-kəlləyə gəlmə»lərin növbəti raundunu seyr etdik - ancaq söz və fikir azadlığına bu dəfəki hücuma geydirilən qılaf daha eybəcər idi; sen demə, məmləkətin qanunları əcnəbi media qurumlarının ölkədəki yayınlarına icazə VERMİRMİŞ. Bunu bəhanə edərək «Azadlıq» radiosunu FM tezliyindən çıxaranlar ölkənin Ənvər Xocanın Albaniyası olma yolunda irəlilədiyini etiraf ediblər.

Bu necə «milli dövlətçilik siyasəti»dir ki, söz azadlığının minimal şəkildə nümayişi xatirinə belə 3 radionun yayınına dözə bilmir? Dünyanın ən böyük media qurumunun sahibi bir neçə il bundan əvvəl Türkiyənin TGRT kanalını 127 milyon dollara satın alaraq onu Fox TV-yə çevirdi - nə təhər olur ki, Türkiyənin «milli mənafeyi» bundan zərər görmür? Və ya azərbaycanlı bir iş adamı Türkiyədə həm radio, həm də TV kanalı quranda bu, Türkiyənin «milli mənafe»yinə zidd olmur - 3 əcnəbi radionun yayını Azərbaycanın «milli mənafe»yinə ziyan vurur? «Azadlıq»ı FM tezliyindən çıxaranlar bundan sonra hansı söz azadlığından danışa biləcəklər? Əgər qanunlarda antidemokratik motivlər varsa, ölkəni idarə edənlər bunları demokratiya və söz azadlığının lehinə tənzimləmək yerinə onlardan niyə fikir hürriyyətinə qarşı istifadə edilir? Məni bağışlayın - XXI əsrdə bu məhdudlaşdırmaları anlamaqda çətinlik çəkdiyimə görə. Əgər «dövlətçilik» bu cür antidemokratik və söz azadlığına düşmən qanunlar üzərində inkişaf etdiriləcəksə, bunun mümkün olmayacağını bilmək üçün Allahın hamımıza verdiyi ağlın kifayət etdiyinə inanıram.

60 illik tarixində «Azadlıq» radiosunun söz və fikir azadlığının düşmənləri tərəfindən yenidən «cəzalandırıldığını» gördük. Bu «cəza» ilə 2006-cı ildə radionun Türkmən redaksiyasının Aşqabaddakı qadın müxbirinə məhkəməsiz 7 il həbs cəzası verib 1 aydan sonra onu həbsxanada aradan götürən Türkmənbaşı rejiminin «profilaktik tədbirləri» arasında heç bir fərq yoxdur - hamısının adı «Söz düşmənliyi»dir. «Azadlıq»ın missiyası məlum olduğuna görə istənilən «cəza» radionun bu missiyanı yaşatmağı həyatının mənası sayan əməkdaşlarını qətiyyən qorxutmayacaqdır - çünki onlar «Mübarizələrin ən şərəflisi olan söz və fikir azadlığı» uğrunda mücadiləyə daha mətanətlə davam etməyin lazım olduğunu yaxşı bilirlər. Söz azadlığı uğrunda mübarizəni bir missiya sayanların bundan utanmaları və mücadilədən geri durmaları üçün heç bir səbəb yoxdur. Onlar hər şəraitdə «Səssiz çoxluğun səsi» olma missiyasını yerinə yetirməyə davam edəcəklər. Söz azadlığının düşmənləri isə öz əməlləri ilə fəxr etməyə davam etsinlər – «Kimin haqlı, kimin haqsız olacağını tarix göstərəcək» (M.Ə.Rəsulzadə). Professor Ahmet Caferoğlu dünyanın önəmli alimi və fikir adamı olaraq qalmağa davam edir - Rəfael Nağıyevdən xəbəri olan varmı? Bərkdən bağır, söz azadlığının düşməni!
XS
SM
MD
LG