Keçid linkləri

Təcili xəbərlər

Həbs növbəsi


«Ergenekon»la bağlı həbs olunanlardan biri Kemal Alemdaroğlu, 20 oktyabr 2008
«Ergenekon»la bağlı həbs olunanlardan biri Kemal Alemdaroğlu, 20 oktyabr 2008
Bir ölkənin hüquq sisteminin iqtidar, onu dəstəkləyən media və təriqətlər tərəfindən bu qədər hədəfə alınmasının hüququ «ququqa» çevirəcəyini dəfələrlə yazdıq. «Ergenekon» və AKP-nin qapadılması ilə bağlı Konstitusiya məhkəməsi prosesləri Türkiyədə «hüquq» məfhumunu o qədər cılızlaşdırdı ki, təriqətin televiziya kanalı sinəsini gərib prokurorun müdafiəsinə qalxdı (hətta şaha qalxdı); köşə -bucaqlarından, ekranlarından iman təbliğatı aparanlar «Ergenekon»la bağlı xəbərlərdən təbliğat vasitəsi kimi istifadə etdilər. Prokurorun qanunu pozduğuna dair edilən çox saylı şikayətləri dəyərləndirən Ədliyyə naziri dövlət ittihamçısı haqqında soruşdurma başladılmasına icazə vermədi.

Keçən ilin iyulunda bir neçə gün polis nəzarətində qalandan sonra sərbəst buraxılan «Cumhuriyet» qəzetinin Ankara təmsilçisi Mustafa Balbay deyirdi ki, məhkəmədən çıxıb İstanbuldan Ankaraya qayıdanda yolda mənə zəng edib ifadəmin sabah iqtidar tərəfdarı qəzetlərdən birində çap ediləcəyini xəbər verdilər. Polisdə və prokurorluqda alınan ifadələrin bir gün sonra iqtidar tərəfdarı mediada özünə yer tapması faktları barədə uzun müddət heç bir tədbir görməyən Ədliyyə naziri Mehmet Ali Şahin, nəhayət, bir neçə gün qabaq bunun yolverilməz olduğunu bildirdi. Polis nəzarətinə alınan və ya məhkəmə qərarı ilə həbs edilənlər barədə yazılanlar və Kanadada yaşayan fırıldaqçı Tuncay Güneyin TRT-də 4 saat danışdırılaraq başda ana müxalifət partiyasının lideri olmaqla az qala bütün Türkiyəni böhtan yağmuruna tutması prezident Gülün də açıqlama verməsinə səbəb oldu - dövlət başçısının açıqlamasında mediadakı təktərəfli və məqsədli təbliğatın hüquq sistemini yaraladığına diqqət cəlb edildi.

Silahlı Qüvvələrin baş qərargahı bu durumdan şikayətini bir neçə yazılı açıqlama ilə ictimaiyyətlə bölüşdü. Və nəhayət, yanvarın 21-də prezident Gül dövləti təşkil edən qüvvələrin təmsilçilərini - hökumət başçısını, məclis sədrini, məhkəmə sədrlərini Çankayaya dəvət edərək nahar süfrəsi arxasında ölkədə yaranmış vəziyyəti onlarla müzakirə etdi. Prezident Gülün bu addımını ən düzgün şərh edən siyasətçi «bu,Türkiyədəki dövlət böhranıdır» - sözləri ilə keçmiş Baş nazir, hazırda müstəqil millət vəkili olan Mesut Yılmaz oldu. 2001-ci ildə Baş nazirin müavini ikən Tuncay Güneyin şantajları ilə üzbəüz qalan Mesut Yılmaz ölkənin bu hüquq böhranından xilas olaraq şəffaflığa çıxması üçün son 20 ildə iş başında olanların hamısının danışmasının gərəyini vurğuladı. Bu mənada, prezident Gülün dövləti təşkil edən qurumların başçılarını Çankayaya dəvət etməsi önəmli addım olmuşdur. Zira xüsusilə, peşəcə mühasib olan Konstitusiya məhkəməsi sədrinin yay aylarından bəri hökumət tərəfdarı açıqlamalar verərək başçısı olduğu məhkəmənin digər üzvləri və dövlət idarələrindəki işlərə baxan məhkəmə ilə ziddiyyətə düşməsi Türkiyənin hüquq sisteminin mübahisəyə açılmasına səbəb olur.

Digər tərəfdən, «Ergenekon» prosesini aparan ağır cəza məhkəməsi prokurorlarının şübhəli şəxsləri nəzarətə alandan sonra dəlil toplamaq istəmələri, həbsdə olanlar barədə ittihamnamələrin aylarla yazılmaması, məhkəməyə dəlil-sübut kimi təqdim edilən sənədlərin çoxunun qanunsuz dinlənmiş telefon danışıqlarından ibarət olması və s. ünsürlər şübhəli şəxsləri «məzlum» durumuna saldığı kimi, istintaqın ədaləti barədə də ciddi narahatlıq yaradır.

Prezident Gülün dövləti təşkil edən qurumların rəhbərlərini ziyafətə dəvət edərək onlarla ölkədəki hüquqi durumu ətraflı müzakirəyə çıxarmasından 18 saat keçmədən əməliyyatın on birinci dalğası «vüsət aldı»; 16 şəhərdə eyni vaxtda aparılan polis və jandarm əməliyyatlarında 40 nəfər nəzarətə alındı. Polis nəzarətinə alınanlar arasında milliyyətçi düşüncələri ilə tanınan Türk-Metal-İş həmkarlar təşkilatının xarizmatik lideri, Avrasiya TV kanalının qurucusu Mustafa Özbek və AKP hökumətinə qarşı sərt mövqeyi ilə tanınan ictimai rəy sorğusu şirkətinin sahibi Erhan Gökselin adları diqqəti cəlb edir.

34 ildir ki, ölkənin ən güclü həmkarlar təşkilatına rəhbərlik edən Mustafa Özbekin həm Azərbaycanla, həm də türk dünyası ilə yaxın əlaqələri var. Onun mərhum prezident Əbülfəz Elçibəyin əsərlərinin külliyyatını Türkiyədə çap etdirməyə dair planı olduğu bildirilir.

Hökumətə qarşı kəskin mövqeyi ilə tanınan Avrasiya TV kanalı isə Türkiyənin Qərb ölkələri ilə münasibətlərdən daha çox, türk dünyası və Avrasiya ölkələri ilə yaxin əlaqələr yaratmasının lüzumunu vurğulayır. Siyasi müşahidəçilər indiyə qədər polis nəzarətinə alınıb sərbəst buraxılan və ya həbs edilən şübhəli şəxslərin müştərək xüsusiyyətlərinin Atatürkçü olduğuna diqqəti cəlb edirlər.

Bu günlərdə mənə ləzzət verən yeganə şey professor Yalçın Küçükün sərbəst buraxılması olub. Onun həbs edilməsini necə təbəssümlə qarşılayıb ifadəsini alan prokurorun halına acımışdımsa, indi də təbəssümümü üzümdən əksik etmirəm.

Dəyərli oxucular, Türkiyədə qorxu atmosferi getdikcə dərinləşdirilir. Siz heç «dövlət çevrilişi»nə dair sənədlərin bir TV kanalında saxlana biləcəyini düşündünüzmü? Siz heç ekskavatorla yerin altında silah axtarışına rast gəldinizmi? Siz heç bu qədər fərqli düşüncə və peşəyə malik insanların bir araya gəlib hökuməti devirmək üçün planlar hazırladığına şahid oldunuzmu? Türkiyədə bir neçə prokurorun təlimatı ilə aparılan həbs əməliyyatları bunu iddia edir.

Qorxu altına alınmış istənilən rejimlərdə həbs növbəsi olmur - burada istənilən insanın növbəsi gözlənilmədən gəlir.

Son illərdə görüşdüyüm insanların inventarını çıxardım və «Ergenekon»da tutulan və ya tutulmayanlarla heç bir əlaqəm olmadığını gördüm(mu?)
XS
SM
MD
LG