Keçid linkləri

«Yox deyirəm»


Birisigün referendum olacaq. Rəsmi təbliğat bizi ciddi-cəhdlə inandırmağa çalışdı ki, Konstitusiyaya təklif edilən dəyişikliklərin məqsədi insan hüquq və azadlıqlarının daha da gücləndirilməsidir. Azərbaycan vətəndaşının buna inanmamaq üçün çox ciddi əsasları var. O, konstitusiyaya bəh-bəhlə təqdim olunan bu cür dəyişiklikləri əvvəl də görüb, bu dəyişikliklərin cəmiyyətin bütün həyatında yaxşı mənada doğuracağı köklü dəyişikliklər barədə vədləri də çox eşidib. İnsan haqları, demokratiya və digər sahələrdə ölkənin vəziyyəti göz qabağındadır. Ölkənin adı əksər sahələrdə Türkmənistan, Nigeriya, Mozambiklə yanaşı çəkilir…

«Ayının minbir oyunu armud üstədir» məsəli yada düşür. Bu dəyişikliklər oyununun əsas hədəfi eyni adamın prezidentliyinə məhdudiyyət qoyan normadır. Sivil dünyanın insan hüquqlarının və demokratiyanın əsas təminatlarından biri kimi qəbul etdiyi və uğurla uzun illərdir həmin cəmiyyətlərə xidmət edən norma. Konstitusiyaya çoxsaylı digər dəyişikliklərin məqsədi fon yaratmaqdır, diqqəti əsas məqsəddən yayındırmaqdır. Ancaq sadəlövh adamı inandırmaq olar ki, bu dəyişikliklərdən sonra insanlar layiqli yaşayış əldə edəcəklər, son dövrlərdə insanların mülkiyyət hüququna kütləvi xarakter almış qəsdlərə, məmur, polis, məhkəmə özbaşınalığına son qoyulacaq…

Konstitusiya təklif edilən dəyişikliklərə heç bir sosial sifariş yoxdur. Sosial tələbat ölkə prezidentinin hüqdudsuz səlahiyyətlərinin azaldılmasınadır, ölkədə real hakimiyyət bölgüsünün təmin olunmasınadır. Hakimiyyətin bir əldə uzurpasiyası, dövlət idarəçilik sisteminə çevrilən korrupsiya, iqtisadiyyatda monopoliya, antidemokratik seçkilər şəraitində konstitusiyada ən ideal təminatlar da deklarasiya olaraq qalacaq.

Dunya uzun illərin acı və ya şirin təcrübəsindən keçərək icra hakimiyyətinin əlindəki səlahiyyətlərin hüdudlarının genişliyini nəzərə alaraq ölkə başçısının hakimiyyətdə olduğu müddəti məhdudlaşdırıb. Bu məhdudiyyətin kiminsə hüquqlarını pozduğu barədə arqumentlər qeyri-ciddi səslənir. Eyni məntiqlə qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmaya gərək. 15 yaşına çatmamış uşağın əmək fəaliyyəti ilə məşğul olmasını, 30 yaşı olmayan şəxsin hakim, 3 il stajı olmayan adamın vəkil olmasını, din xadiminin prezident və ya parlamentə seçilə bilməsini qadağan edən normaların arxasında da diskriminasiya dayanır…

Hər dəfə ölkə başçısının iştirakı ilə keçirilən tədbirlərdən, onun yanında keçirilən tədbirlərdən reportajlara baxanda, əbədi, hakimiyyətin dəyişilməz olacağı fikrinin hansı eybəcərliklər doğurduğunun şahidi olursan. Nazir, icra hakimiyyəti başçısı, bələdiyyə başqanı, məhkəmə sədri, ordu generalı yalnız hakimiyyətin əbədi olduğu güman edilən ölkədə özünün bü cür aşağılanmasına razılıq verər. Obamanın, Sarkozinin, Peresin naziri, senatoru, konqresmeni, lordu heç vaxt prezidentin qarşısında əzilib-büzülməz, ona yarınmaz, itaət etməz. Çünki həmin adamlardan hər hansı birinin prezident ola bilməsi ehtimalı var. Obama da, Sarkozi də, Peres də bilirlər ki, onlar uzağı 10 il bu vəzifədə olacaqlar, sonra sıradan birinə çevriləcəklər, yaxşı halda isə, nazir, senator, konqresmen və ya prezident müşaviri olacaqlar. Bu gün o vəzifəsinə görə başqasından qarşısında əyilməyi tələb edirsə, sabah başqası həmin yeri tutanda, ondan eyni şeyi tələb edəcək. Ona görə, sivil ölkədə president nazirinə, merinə, bələdiyyə başqanına hörmətlə yanaşır, onu təhqir etmir, alçaltmır...

Nazir bilsə ki, o, həmin vəzifəni maksimim 10 il tuta bilər və bundan sonra hakimiyyətə gələn qüvvə (bu, müxalifət də ola bilər) onun tikdirdiyi körpülərlə, saldığı yollarla, gətizdirdiyi avtobuslarla və s. bağlı sorğu-sual edə, araşdırmalar apara bilər və buna görə onu cinayət məsuliyyətinə cəlb edə bilərlər, onda real qiymətindən 5-10 dəfə artıq körpü tikmək fikrinə düşəndə, bunun gələcəkdə onun üçün yarada biləcəyi fəsadlar barədə düşünə bəlkə. Dəyişikliklər cəmiyyət üçün çox vacibdir. Hakimiyyət dəyişikliyi də bu mənada istisna deyil. Cəmiyyətdə dəyişikliyi, inkişafı şərtləndirən amillərdən biri, bəlkə də birincisi hakimiyyət dəyişikliyidir, idarəçiliyə yeni insanların gəlməsidir. Hakimiyyətə gələn qüvvə biləndə ki, ona cəmiyyətə verdiyi vədləri, o cümlədən və ilk növbədə, sosial proqramları reallaşdırmaq üçün ayrılan vaxt məhduddur, o çalışacaq ki, həmin proqramlara daha çox diqqət ayırsın, daha çox iş yeri açsın və s.

Dəyişilməz hakimiyyət durğunluq deməkdir. Əbədi hakimiyyət pis idarəçilik, korrupsiya girdabında boğulan, mənəviyyatı deqradasiya uğramış cəmiyyət deməkdir. Yeri gəlmişkən, əgər hakimiyyət (və onu dəstəkləyənlər) ölkədə bir nəfərə layiqli alternativ görmürsə, bu, həmin hakimiyyətin, onun yeritdiyi idarəçiliyin keyfiyyət göstəricisidir həm də.

Referendum oyununun nəticəsi bəllidir. Seçki komissiyalarının tam hakmiyyətin nəzarəti altında olduğu, medianın, vətəndaş cəmiyyəti qurumlarının uzun illər məqsədli şəkildə həyata keçirilən siyasət nəticəsində zəiflədildiyi, toplaşmaq azadlığının qadağan olunduğu, insanların fərqli fikirləri eşitmək hüququndan məhrum edildiyi bir ölkədə başqa nə nəticə ola bilər axı?!

Dünənə qədər tamam fərqli şeylər düşünən və danışan insanların televiziyada, tədbirlərdə, mətbuatda dediklərini və yazdıqlarını eşidəndə təəssüflənməmək olmur. Onların arasında xeyli həmkarlarım da var. Görünür, layiqli həyat vədi ləyaqətlə yaşamaq istəyinə güc gəlib. Bu insanlar anlamamış deyillər axı bu cür siyasətin davamı ölkənin daha da geriyə yuvarlanması deməkdir. Xüsusilə də insan haqları və demokrayiya sahəsində. Ölkə intellektinin xaricə axını daha da güclənəcək. Polisin dubinkası daha qətyyətlə qalxıb-enəcək. Müstəqil vətəndaş cəmiyyəti qurumlarına, xüsusilə mediaya hücümlar daha da artacaq, cəmiyyətdə mənəvi deqradasiya, ümidsizlik, depressiya daha güclənəcək.

Çox çətin olacaq həmin adamlara salam vermək bundan sonra. Bu insanlar öz şəxsi maraqları naminə başqaları kimi öz övladlarını da rəzillik içərisində yaşamağa məhkum etdiklərini dərk etmirlər yəni...

Bu çətin, hətta ümidsiz görünən vəziyyətdə də işıqlı sabaha bir inam var çoxlarımızın içində. Ona görə ki, bütün repressiyalara baxmayaraq ləyaqətlə yaşamaq istəyən insanların sayı hələ yetərincədir. Mən də onların yanındayam, bu referenduma, bu hakimiyyətə, onun ölkəni uçuruma aparan siyasətinə yox deyirəm.

İntiqam Əliyev,
16 mart 2009-cu il, Azadlıq Radiosu üçün
XS
SM
MD
LG