Keçid linkləri

Təcili xəbərlər

ABŞ-ın avtomobil sənayesi ixtisarlara hazırlaşır


Ceneral Motorz şirkəti 6000-dən çox işçisini ixtisara sala bilsə, ildə ən azı 784 milyon dollar pula qənaət etmiş olacaq
Ceneral Motorz şirkəti 6000-dən çox işçisini ixtisara sala bilsə, ildə ən azı 784 milyon dollar pula qənaət etmiş olacaq
ABŞ-da iqtisadi böhran davam etdikcə iş yerlərinin ixtisarı daha iri miqyaslar alır. Ceneral Motorz, Kraysler kimi avtomobil şirkətləri minlərlə işçilərini ixtisara salmaqla öz əmək xərclərini azaltmağa çalışırlar. «Nyu-York Taymz» qəzeti 27 mart sayında bu problemlə bağlı məqalə dərc edib.

Qəzet yazır ki, ilkin hesablamalara görə əgər Ceneral Motorz şirkəti 6000-dən çox işçisini ixtisara sala bilsə, ildə ən azı 784 milyon dollar pula qənaət etmiş olacaq. Şirkət isə artıq borcun içindədir. Belə ki, ötən ilin dekabrından bəri ABŞ federal hökumətinin stimul paketindən Ceneral Motorza artıq 13,4 milyard dollarlıq kredit ayrılmışdır. Lakin, şirkət üzdə qala bilmək üçün federal hökumətdən daha 16,6 milyard dollar istəyib. Bu yardımı almaq üçün isə bir həftəlik müddət ərzində şirkət öz işçi qüvvəsində əhəmiyyətli ixtisarlar aparıb Obama hökumətinə sübut etməlidir ki, şirkət əmək xərclərinin azaldılması istiqamətində əməli addımlar atır.

Eyni problem, lakin daha kiçik miqyasda, Kraysler şirkətinin qarşısında durur. Bu şirkət də federal hökumətdən artıq 4 milyard dollarlıq kredit alıb və daha 5 milyard dollar istəyir. Kraysler şirkəti də sübut etməlidir ki, o, əmək xərclərini azaldır və işçi qüvvəsində əhəmiyyətli ixtisarlar həyata keçirir.

İxtisarlar həyata keçirməyin isə öz çətinlikləri var. Belə ki, ABŞ-da avtomobil sənayesində çalışanların böyük əksəriyyəti Birləşmiş Avtomobil Fəhlələri (United Automobile Workers) həmkarlar ittifaqının üzvləridir. Avtomobil sənayesi şirkətləri bu həmkarlar ittifaqı ilə dil tapmağa məcburdurlar, çünki əks halda fəhlələr həmkarlar ittifaqının təklifi ilə tətil elan edərək onsuz da çətin vəziyyətdə olan şirkətləri iflic vəziyyətinə sala bilərlər.

Ceneral Motorz hazırda işçilərinə təklif edir ki, 45000 dollarlıq paket götürüb iş yerlərini tərk etsinlər. Artıq 7500 işçi şirkətin bu təklifini qəbul edib. 14000-dən çox işçi isə bu paketlə razılaşmır. Razılaşmayan işçilərin əksəriyyəti pensiya yaşına yaxınlaşan işçilərdir və onlar qalıb işləsələr şirkətdən daha çox pul ala biləcəklərindən əmindirlər.

Kraysler şirkəti də Ceneral Motorzun yolu ilə gedərək işçilərinə pul və səhm təklif edir ki, iş yerlərindən öz xoşları ilə getsinlər. Bu şirkətin fəhlələri daha az dirəniş göstərirlər. «Nyu-York Taymz» yazır ki, buna səbəb odur ki, Kraysler işçilərinə daha çox pul təklif edir və həm də bu şirkətin doğrudan da bankrot olması ehtimalı daha böyükdür.

Hələ ki, Ford şirkəti federal hökumətdən kredit almaqdan imtina etməkdə israr edir. Amma bu şirkətin də keçən ildəki ümumi zərəri rekord 14, 6 milyard dollara çatıb. Birləşmiş Avtomobil Fəhlələri həmkarlar ittifaqı avtomobil şirkətlərinin çətin durumunu nəzərə alaraq razılaşıb ki, işdən çıxan fəhlələrə ödənilən pulun bir hissəsi həmin şirkətlərin səhmləri ilə ödənilsin. Ford Şirkəti bu məqsədlə xərcləyəcəyi pulun 6,5 milyard dollarına qədərini öz işçilərinə səhmlərlə ödəyəcək.
XS
SM
MD
LG