Keçid linkləri

Təcili xəbərlər

Bəlkə «Unudulmuş Şəxsiyyətlər və Uçurulmuş Abidələr Günü» də olsun?


Dünən Nəsimi...
Aprelin 18-i dünyada «Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü»dür. Belə bir günün anılmasına BMT qərar verib. Bəlkə də bizi və bizlər kimiləri nəzərə alıb – xalqları unutqanlıq azarından qurtarmağı hədəfləyib:

- Nadir şahın Muğanda məşhur «Şah qurultayı»nı keçirdiyi yerdə kiçicik bir lövhə asmağı unutmuşuq (Bakıda tikilən körpülərdə qızıllı hərflərlə oyulan «dəftərxana yazıları» kimi);

- İçərişəhərdə Həsən bəy Zərdabinin «Əkinçi»ni çapa hazırladığı mənzilini, Hüseynqulu Sarabskinin evini, Nizami küçəsində Xalq Cümhuriyyətinin milli pulu kəsdiyi mətbəəni yerlə yeksan etmişik;

- Siyasi ab-havaya uyub rus çarı və generallarının, Marks və Engelsin, Lenin və Stalinin, növbənöv bolşevik xadimlərinin abidələrini uçurmuşuq;

- Təmir və abadlaşdırma hay-küyündə Nəsiminin, Nərimanovun, Vahidin heykəllərini burdan-ora və ya bilinməzliyə atmışıq;

- Və s.

«Dilsiz Tarix» kimə əlverişlidir?

- Bəh-bəhlə ucaldılan və neosaray şairlərinin öyüb gözə soxduğu abidələri uçurdanda nə qazanıb, nə itirdiyimizin fərqinə varmışıqmı?

- Tarixi yenidən suvayıb, üstünə yeni kağız və ya rəng vurmaqla köhnə yalanları Yeni Yalanla əvəzlədiyimizi anlamışıqmı?

- Hər şeyi sıfırdan başlamaqla özümüzün də sıfırlaşdığımızı sezmişikmi?

... bu gün Əliağa Vahid Bakıdan itdi
- Və s.

«40 pilləkən» niyə uçurulmaq istəmirdi?

- İstanbulda Əhməd bəy Ağaoğlunun son yadigarı Gültəkin xanım dünyadan köçəndə, bu evi və o evdəki ən əziz xatirəni – Şuşadan aparılan antik mebeli alıb saxlamaq Azərbaycan dövlətini və ya onun 1 milyon dollara avtomobil alan varlı sakinlərini çoxmu yoxsullaşdırardı? «Azadlıq» radiosunun həyəcan təbili nədən qulaqardına vuruldu?

- Cabbar Qaryağdıoğlunun ruhən Şuşadan Bakıya gətirdiyi «40 pilləkənli ev» nədən uçuruldu? O evin və pilləkənlərin nədən o cür çətinliklə uçurulduğunun sirrini hansı qurum və vəzifəli şəxslər öyrənmək istədi? Cabbar əminin ruhunu incitməyin cəzasız ötüşməyəcəyinin fərqinə kim vardı? O cəzanın necə olacağını kim düşündü?

Bodenştedtin açılan arxivi niyə heç kimi maraqlandırmır?

Aprelin 16-da Mirzə Şəfinin 215 yaşı tamam oldu. Onu necə xatırladıq? Almaniyaya yollanmaq ağlımıza gəldimi? Prof. Fəxrəddin Veysəlli deyir ki, Bodenştedtin arxivi 1980-ci illərdə açılmalıydı (vəsiyyətinə görə). Kim maraqlandı? Bəyəm alman dilini bilən Fəxrəddin müəllimi Almaniyaya göndərmək, ona yolpulu, otelpulu və dönərpulu vermək belə çətindirmi?
Tarixə qovuşmuş «26 Bakı Komissarları»
«Dünya iqtisadi böhranı Azərbaycandan yan ötüb» demədinizmi? O arxivdən bilinən və bilinməyən Mirzə Şəfi boylanmazdımı?

«Xəstəxana divarında simfoniya» dünyanın diqqətini çəkməzdimi?

100 yaşını andığımız Asəf Zeynallının xəstəxana divarına yazdığı simfoniyanın Ağlasığmaz Biganəlik ucbatından it-bata düşməsi barədə yazmışıq. Bir anlığa düşünün ki, hər şey başqa cür olaydı: Asəf Zeynallının qardaşı və dost-tanışları, tələbələri yatalağa tutulmaqdan qorxmayıb xəstəxana divarına yazılmış o simfoniyanın üzünü köçürəydilər! O xəstəxananı və o divarı qoruyaydılar! O xəstəxananın divarıyazılı o otağını muzeyə çevirəydilər!.. Və dünyanın hər ucundan can Bakıya gələn insanlar yolunu o muzeydən salaydılar!.. Ucuz-bayağı, amma bahalı və «azərbaycansayağı» təbliğatdan çox-çox yaxşı olmazdımı?

Bax, bütün bunları gözə alıb, deyirəm: bəlkə «Unudulmuş Şəxsiyyətlər və Uçurulmuş Abidələr Günü» də olsun? Siz nə deyirsiniz?

Ən son yazılan

XS
SM
MD
LG