Keçid linkləri

Təcili xəbərlər

«Nazik internet» nədir?


Şahvələd Çobanoğlu
Bir dəfə universitet təhsilli tanışım məndən soruşdu ki, «nazik internet» neçəyədir. Bir az çaşan kimi oldum. Axı mən heç bilmirdim ki, «nazik internet» nədir. Soruşdum və hələ də gülməkdə davam edirəm. Sən demə, bu adam nazik (yəni maye-kristal) kompüter monitoruna və yaxud o cür monitorlu kompüterə «nazik internet» deyirmiş. Monitora «kompüterin televizoru» deyənləri görmüşdüm, beləsini isə heç ağlıma gətirməzdim.

Zamin Hacı isə iki gəncin metroda danışığını yazmışdı. Biri o birinə deyirmiş ki, nə üçün onun «qiqabayt»ını evdə qoyub. Məlum olub ki, söhbət «fləşkart» dediyimiz yaddaş kartından gedir.

Ən maraqlısı Nobel mükafatçıları barədə kitabı və yazıları ilə tanınan fəlsəfə elmləri namizədi Etibar Əliyevin başına gəlib. Bir nəfər onu öz tanışına belə təqdim edib: «Etibar müəllim bizim çox savadlı dostumuzdur. Nobel mükafatı alıb».

...Günün ən qaynar mövzusu olmaqda davam edən Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi ətrafında baş verənlər mənə yuxarıdakı əhvalatları xatırlatdı. Bunlar şeylərə, proseslərə zahiri görüntülərinə, yaxud dolayı və natamam əlamətlərinə görə yekun qiymət verməyin nəticələridir. Onları öyrənməməyin, dərk etməməyin nəticəsidir. «Nazik internet» belə yaranır.

Sərhəd mövzusunda da bizim əsas dəlillərdən biri budur ki, sərhədlərin açılmaması Ermənistan iqtisadiyyatını sıxıntıya salır. Belə çıxır ki, biz bu yolla Ermənistanı geridə qoymaq istəyirik. Məgər biz özümüz inkişaf etməklə Ermənistanı geridə qoya bilmərik? Bizim sərhədlər açıqdır, bəs biz niyə inkişaf etmirik?

Erməniləri çətin vəziyyətdə saxlamaq hisslərini başa düşdük. Hərçənd, bu sıxıntılar bizə heç nə verməyib. Bəs biz özümüz nə vaxt çətinliklərdən və sıxıntılardan çıxacağıq? Belə çıxır, biz Qarabağ ermənilərinə inkişaf etmiş bir Azərbaycanda yaşamağı təklif etmək istəmirik. Ermənistanın isə batmasına çalışırıq. Onda özümüz niyə batırıq?

Müharibə ediriksə, bu «nazik müharibə» ilə - sərhəd əngəli ilə düşmənə qalib gəlmək olarmı? Olubmu? İstər sülh, istər müharibə yolu ilə Qarabağı qazanmaq üçün vacib vəzifələrin adını da deyəsən, yanlış bilirik.

Ümumiyyətlə, sizə hərdən elə gəlmirmi ki, bu gedişlə Azərbaycan da Ermənistanla birlikdə bata bilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG