Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan prezidenti niyə alış-verişə çıxmır?


Prezident İlham Əliyev regionlarda. 17 avqust 2006
Prezident İlham Əliyev regionlarda. 17 avqust 2006
…Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir super marketə alış-verişə çıxmışdı. Ölkənin bütün TV kanalları da ordaydı. İndi yəqin düşündünüz ki, Baş Bakanın alış-veriş yapmağa nə ehtiyacı? Elədir, onun bu işi görəcək saysız xidmətçiləri var. Ancaq fakt budur ki, sayın Ərdoğan dediyim məkana gəldi və özünə bəzi şeylər aldı. Yox, yeyəcəklər almadı. 2 diş pastası götürdü, bir üz təraş köpüyü, bir də ayaqqabı parladıcısı. Özü də həmən almadı, qiymətinə baxdı, çək-çevir elədi, evdəki hesabın çarşıya uyduğunu yəqinləşdirib (lap bizim kimi), kassaya yaxınlaşdı və hesabı nağd ödədi. Alış-veriş Ərdoğana 29 lirə 10 quruşa başa gəldi. Hə, unutmamış deyim ki, Baş Bakan marketdəki alıcılarla da söhbətləşdi, hal-əhval tutdu, hətta bir uşağın başını sığalladı və s.

Barak Obama necə çizburger yeyir?

…İşə bax ki, həmin gün ABŞ prezidenti Barak Obama da çizburger yemək fikrinə düşdü. Adi bir kafeyə gəldi, xardallı çizburger sifariş etdi, elə ordaca yeyib-qalxdı. Pulunu da ödədi, hətta zarafatla pul verməsə sözə-söhbətə tuş gələcəyinə də işarə vurdu. Gedərkən Xanım Mişeli və qızlarını da unutmadı. Özü yediyindən onlar üçün də paketləyib apardı.

Çox gözəl, çox pakizə! Amerikalıları deyəmmərəm, amma türklər Baş Bakanlarının marketə girməsindən çox məmnun oldular. Qoy qiymətlərin necə baha olduğunu öz gözüylə görsün –dedilər, bizim nələr çəkdiyimizi anlasın - söylədilər.

Elə jurnalistlər də boş dayanmadılar. R.T.Ərdoğanın iqtidara gəldiyi dönəmdən (2003) bu yananın artan qiymətlərini müqayisə etdilər. Və bu qərara gəldilər ki, Baş Bakan marketə o vaxt getsəydi, aldıqlarına cəmi 10 lirə verəcəkdi. İndi isə 29 lirə 10 quruş ödədi…

İlham Əliyev Bakıdan mənzil almaq istəsəydi…

Hə, gəldik köşənin başlığına. Doğrudan da, əzizlərim, Azərbaycan prezidenti niyə alış-verişə çıxmır? Görün, nə maraqlı olardı? Xəbər proqramlarımız canlanardı! Jurnalistlərimiz 2003-cü ildən bu yana qiymətlərin hansı sürətlə qalxdığını, eynən türklər kimi, əyani göstərərdilər! Siz bunu təsəvvür edə bilirsinizmi? Ya da prezident gedəydi bir tikinti şirkətinə, oğluna ev almaq istəyəydi. Ürəyindən keçəydi ki, qoy 3 otaqlı olsun, birdəfəlik, sonra daşınmaq-filan çətin olar. Ona ortabab rayonda 3 otaqlı evə azı 100 min manat ödəyəcəyini söyləyəydilər! Bax, onda indiki orta maaşla kirayədə, ata-ana küncündə yaşayanların, böyümüş övladlarını necə evləndirəcəklərini düşünənlərin, yəni biz təbəələrin nələr çəkdiyini anlardı!

Bir az da irəli gedək. Tutaq ki, cənab prezident uşağına toy eləmək adına bir şadlıq sarayına gedəydi və orda ona adambaşına 50-100 manat ödəməli olacağını deyəydilər, üstəlik, toyda görmək istədiyi müğənniyə 15000 avro verməli olacağını biləydi (hələ "100 minə gedirəm "deyənlərin varlığından xəbər tutaydı), görün nə qiyamət qopardı!

Bir az da irəli gedəkmi? Yox, daha bəsdir! Qoy sizə də yazmalı bir şey qalsın. Prezidentinizi daha haralarda görmək istərdiniz?...

P.S. Bir dəfə keçənlərdə oğlumla böyük super-marketlərdən birinə getmişdim (mən də Türkiyə prezidenti kimi nəhəng alış-veriş mərkəzlərini sevirəm). Oğlum ondan sonra daha mənimlə alış-verişə çıxmadı. O qədər alacağın malın qiymətini, orasını- burasını çək-çevir edirsən ki, - dedi - utanıram… Amma, vallah, elə Rəcəb Tayyib bəy də, eynən mənim kimi, aldığı malın qiymətinə, keyfiyyətinə, markasına dönə-dönə baxandan sonra aldı…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG