Keçid linkləri

Təcili xəbərlər

«Şiroko şaqayet Azerbaydjan»


Brejnev hər Azərbaycana gələndə, özü ilə bir keçici bayraq gətirirdi
Brejnev hər Azərbaycana gələndə, özü ilə bir keçici bayraq gətirirdi
«ƏFQANISTAN», YOXSA «AZƏRBAYCAN…»

İctimai sorğular göstərir ki, keçmiş sovetlər məkanında Leonid İliç Brejnev Vladimir Putindən sonra ən populyar siyasətçidir. O, Stalindən sonra vəzifədə daha çox qalan (1964-1982) sovet liderdir.

Sovet İttifaqının rəhbəri kimi o 3 dəfə də Azərbaycana gəlib. Bu fakt vaxtilə az qala milli fəxr yeri idi. Onun gəlişi ilə əlaqədar Bakıda yeni dəmiryol vağzalı (Brejnev ömrünün son illərində təyyarə ilə səfər edə bilmirdi), gecələmək üçün qonaq evi də inşa edilmişdi. Azərbaycanda Brejnev haqqında xatirələr o qədər zəngindir ki, indi bütün bunların nə dərəcədə ciddi, nə dərəcədə zarafat olduğunu aydınlaşdırmaq xeyli çətindir. Ancaq onun sonuncu dəfə - 1982-ci ildə Azərbaycana «Lenin ordeni» verməyə gələndə, çıxışının mətnini səhv salıb «Azərbaycan» əvəzinə «Əfqanıstan» deməsi çoxlarının yadındadır.

76 yaşlı Brejnev məşhur səhvindən sonra «Bu, mənim günahım deyildi… Əvvəldən başdan oxumaq lazımdır», - deyir. Bu vaxt operatorlar zaldakı gurultulu alqışları göstərirlər, baş katibin köməkçiləri isə tələsik lazım olan məruzəni ona verirlər.

Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev də deyir ki, elə həmin səfəri vaxtı Brejnev Bakıda Lenin sarayının (indiki Heydər Əliyev sarayı) açılışında da çıxışlarını səhv salmışdı:

«Sarayın açılışında Brejnevə bir mətn verdilər. Məlum oldu ki, Brejnev «Gülüstan»da keçiriləcək banketdəki çıxışını oxuyur. Tez Heydər Əliyevin müdaxiləsi ilə mətini dəyişdirdilər…»

ADİL İSGƏNDƏROVUN GİZLİN DƏFNİ…

Ancaq Brejnevin Azərbaycana səfərləri ilə bağlı elə xatirələr də var ki, heç adamın lətifə dinləməyə həvəsi qalmır. Əslində, lətifəyə çevrilmiş hadisələr kontekstində nə bu səfərlərin tam mahiyyəti açılır, nə də bütünlükdə o dövrü olduğu kimi tanımaq olur. Brejnevin Bakıya səfərlərinin biri də Azərbaycanın teatr və kino xadimi, SSRİ xalq artisti Adil İsgəndərovun vəfatı ilə eyni vaxta düşür.
Söhbət 1978-ci ilin sentyabrından gedir. Kinorejissor Şeyx Əbdül Mahmudov deyir ki, Brejnevin bütün respublikada təmtəraqla qarşılanması üzündən onlar Adil İsgəndərovun ölümünə ürək dolusu ağlaya da bilməyiblər:

«Çox təmtəraqsız, xəlvəti bir dəfn oldu. Adil İsgəndərovu ancaq tələbələri, yaxın dostları dəfn etdi…».

Şeyx Əbdül Mahmudov deyir ki, Adil İsgəndərovun təmtəraqsız, xəlvəti dəfni təkcə Brejnevin səfəri ilə bağlı deyildi. O, bir qədər əvvəl kinostudiyanın rəhbərliyindən də uzaqlaşdırılmışdı.

Ancaq məsələ təkcə sənətin və sənətkarın faciəsində deyildi…

QARA «VOLQA»NI GÖRƏNDƏ, OYNAMAQ İSTƏYİRƏM…

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi deyir ki, Azərbaycan hələ də Brejnev dövrünə xas səfərlərin təsiri altındadır:

«İncəsənət universitetində bir müəllim var. Ona tələbələrdən biri çox maraqlı təəssüratını danışıb. Həmin tələbə deyirmiş ki, Brejnev gələndə, onlara qarşılama mərasimi ilə bağlı məşq keçirmişlər. Məşq belə olub. Bir qara «Volqa» tindən çıxır, tələbələr bu maşını görəndə, rəqs etməyə başlayırlar. Guya ki, bu qara «Volqa»da gələn Brejnevdir. O tələbə deyirmiş ki, mən indi də qara «Volqa» görəndə, oynamaq istəyirəm…

Niyazi Mehdi deyir ki, Azərbaycan prezidentinin əyalətlərə səfərləri də elə Brejnev dövrünü xatırladır…

DURĞUNLUQ YOXSA…

Sovet dövrünün tədqiqatçıları Leonid İliç Brejnevin hakimiyyət dövrünü «durğunluq» illəri kimi dəyərləndirirlər. Elə bu dövrü əks elətdirən «Qızıl teşt» pyesinin müəllifi Seyran Səxavət isə deyir ki, həmin illər «durğunluq»dan daha çox kommunist hakimiyyətinin hegemonluğu idi:

«Bizi elə bil o vaxt feodalizmdən paraşütlə sosializmə atmışdılar. İndi də elə bil paraşütlə Avropa Şurasına düşmüşük…».

«ŞİROKO ŞAQAYET AZERBAYDJAN»

Brejnevin sovet Azərbaycanı haqqında dediyi məşhur kəlam - «Şiroko şaqayet Azerbaydjan» («Azərbaycan iri addımlarla irəliləyir») - bir vaxtlar respublikanın bütün küçə və meydanlarını bəzəyirdi.

O, hər Azərbaycana gələndə, özü ilə bir keçici bayraq gətirirdi. Görəsən, baş katib bilirdimi ki, bu bayraqlar Azərbaycana nəyin hesabına başa gəlir?

Şişirdilmiş rəqəmlərə əsaslanan statistika iddia edirdi ki, Azərbaycan 1 milyon ton pambıq, 2 milyon ton üzüm yığır. Ancaq bu, insanların taleyindən xəbər vermirdi…

Hər halda, həmin illər orta məktəblərin 4-cü sinfindən məcburi pambıq, üzüm yığımına aparılan böyük bir nəsil bunun qiymətini bilməmiş deyil. Hər nə isə… Bunun qiymətini ənənəvi yığım vaxtı sahə müvəkkillərinin əlindən qaçıb həyətlərindəki təndirlərdə gizlənən evdar qadınlar da yaxşı bilirlər. Bir də şübhəsiz ki, bu keçici bayraqlar hesabına oturduqları kürsülərin dayaqlarını möhkəmlədən rəhbərlər…

"YouTube"dan götürülən bu videoda Brejnevin hələ 1978-ci ildə hansı vəziyyətdə olduğu görünür. O, Azərbaycana videodakı yeni il çıxışından 3 il sonra gələcək
Brejnevin yeni il müraciəti. 1978
Gözlə

No media source currently available

0:00 0:09:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG