Keçid linkləri

Təcili xəbərlər

«Divanın altındakı kişi» kim idi? (İkinci yazı)


Düdənginski 1953
Bu gün-iyunun 12-də onun 101 yaşı tamamlanır. Mikayıl Müşfiqlə eyni ildə, eyni ayda, bir həftə fərqlə doğulmuşdu. Talelərinə eyni vətəni paylaşmaq düşmüşdü. İkisi də boylu-buxunlu, istedadlı, vətənsevər idi. Müşfiq 37-nin tufanlarından çıxa bilmədi. Abo ondan çox yaşadı. Müşfiqləri, Cavidləri, Cavadları udan quruluşu hər yolla qamçıladı, onların intiqamını almağa çalışdı. Qırmızı imperiya da boş oturmadı. Onu susdurmaq üçün elə öz həmyerlisindən yararlandı. «Dost» onu öldürüb divanın altına saldı. Vətənin azadlığı, müstəqilliyi uğrunda böyük mübariz bir həftə mətbuat səhifələrində «Divan altındakı kişi»- deyə çağrıldı...

«HƏRARƏTLİ VƏ ANLAYIŞLI BIR ƏSGƏRLƏ QARŞILAMIŞDIM»

Bu Məhəmməd Əmin Bəyin sözləridir. Düdənginski ilə ilk görüşü xatırlayır. Və əlavə edir ki, milli davanın əsaslarını, mücadilə proqramını məndən duymuş, məmnun olmuşdu. Düdənginskinin Türkiyədəki anma mərasimindəki çıxışında Əmin Bəy Almaniyada savaş zamanı baş verən o məlum olaya bir daha aydınlıq gətirir: «Milli Azərbaycan Komitəsi nasist alman məqamlarına məram anlada bilmədi- deyir». Hitler «heç bir komitə istəmirəm» demiş... milli legionlarla ordu qərargahı arasında... rabitə vəzifəsini aparan məhdud... «Rabitə heyəti» qurulmasını istəmişdi. Azərbaycan Rabitə heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmanna edərək fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq olduğu müddətcə, onu mənən dəstəkləyəcəyimizi vəd etmişdik».

Abo Fətəlibəyli milli əsaslara sadiq qaldı. Əgər belə olmasaydı, Məhəmməd Əmin Bəy matəm çıxışında «Qurtuluşu həyata keçirən hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaqdır» - söylərdimi?!

DÜDƏNGİNSKİ DAHA NƏLƏR ETDİ?


M.Ə.Rəsulzadədən sonra 1943-cü ildə Berlində ikinci mühacir təşkilatı – «Azərbaycan Milli Birlik Məclisi» yaratdı. Elə həmin ilin noyabrında Məclisin təşəbbüsü ilə Berlində Azərbaycan Qurultayı çağrıldı. Bu mühacir və legionerlərin çağırdığı ilk qurultay idi. Qurultayda milli marşımız səsləndi və 5 maddədən ibarət qərar qəbul edildi. Məclisin qarşısına qoyduğu 1-ci məsələ bu idi: Bolşevizmin məhv edilməsi və Qafqaz birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması. Mücahidlər aypara və ulduzu da ucaltdılar, özlərini əsl adları ilə çağırdılar (Azəri türkü), hətta vətənləri üçün and da qəbul etdilər. «Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir»-bu sözlər Fətəlibəylinin qurultaydakı çıxışındandır...

Fətəlibəyli 1951-ci ildə Münhendə «Azərbaycan» jurnalını çıxardı. Eynən qurultay kimi, vətənin adını daşıyan bu dərgi də mühacirlərin və legionçuların böyük sevincinə səbəb oldu. Dərgini Amerikan komitəsi (Kommunizmlə mücadilə Komitəsi) maliyyələşdirirdi.

VƏ NƏHAYƏT, «AZADLIQ» RADİOSU NECƏ YARANDI?

İlk adı «Qurtuluş» oldu. ABŞ-ın maliyyələşdirdiyi «Bolşevizmlə mübarizə Koordinasiya Mərkəzi» tərəfindən istiqamətləndirilən bu radio 1953-cü ilin martın 1-dən verilişlərə başladı.
Qatili onu öldürdükdən sonra divanın altına qoymuşdu
Qərargahı Münhendə idi. Martın 6-da-İ.Stalinin ölüm günündə radionun Azərbaycan redaksiyası ilk verilişini efirə verdi. Redaksiyanın ilk baş redaktoru Abo Düdənginski oldu. Əməkdaşlar kommunist rejimindən narazı olan mühacirlər, həyatın hər üzünü görmüş, təcrübəli və savadlı adamlar idilər.

Düdənginski ilk gündən Sovetlərin əleyhinə verilişlər verməyə başladı: «Həmvətənlər! Nəhayət bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilərik... Biz azərbaycanlılar... kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harada olmağımızdan asılı olmayaraq... hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!»

QURBANIYLA CAN-BIR QƏLBDƏ OLAN QATIL


Necə bilirsiniz, belə verilişlər Sovetlərin xoşuna gələ bilərdimi? Azərbaycan legionunun rəhbərini, ona «xəyanət» edib düşmən tərəfə keçmiş hərbçini, indiyəcən Sovetlər əleyhinə məqalələr yazan, müxtəlif fəaliyyətlərdə bulunan qorxmaz bir şəxsiyyəti necə susdurmaq olardı?

KQB işə keçdi. Vaxtilə legioner həyatı yaşamış, italyan qızla evlənərək, 1951-ci ildə Azərbaycana qayıdan, Abo bəyin özünün də tanıdığı Mikayıl İsmayılovu təzədən Almaniyaya-həbs düşərgəsinə göndərdi. Mikayıl Abo ilə əlaqə qurur, onun köməyi ilə düşərgədən «azad» olur.

Qatil qurbanıyla əməlli-başlı dostlaşdı. Düdənginski, hər şeydən xəbərsiz, həmyerlisinin bəzi problemlərini də yoluna qoydu, bişirdiyi yeməklərdən də daddı...

Vaxt tamama yetəndə, deyəsən Mikayıl Abonu öldürməkdən vaz keçmək istəyib. Amma xüsusi tapşırıqla Münhenə gələn agent qadın ona görəvini xatırladıb. Mikayılın italyan xanımı, üstəlik, uşağı onların əlində idi... Gerisini bilirsiniz. Mikayıl qurbanıyla azərbaycansayağı yeyib-içdikdən sonra onu kirayə yaşadığı evə aparır, çəkiclə başını əzdikdən sonra, ölmədiyini görüb boğur. Sonra öz paltarını ona geyindirib aradan çıxır. O üzdən də, onu 1 həftə Mikayıl zənn edirlər...

QATİL ÖLÜMÜNƏ DOĞRU QAÇIRMIŞ!

Mikayıl ailəsini götürüb təzədən Azərbaycana qayıdır. Bakıda evlə və işlə təmin olunur. Ancaq günlərin birində onu bağında asılmış görürlər...

Mikayılı kim öldürə bilərdi?

Əlbəttə, ən birinci ağla gələn KQB-dir. Çox şey bilən adam kimə lazımdır?

2-cisi vicdandır. Bəlkə də, bu Mikayılda var imiş? Özü-özünü asıb?

3-cü versiya da var. Deyirlər ki, Mikayılı Abo bəyin Düdəngəli qohumları cəzasına çatdırıblar. Bu versiyanı ortaya atan keçmiş DTK işçisi, həm də, jurnalist Əsildar Hüseynovdur.
Qatili ilə birlikdə (qatil sağda dayanıb)
Təəssüf ki, o indi həyatda yoxdur. Amma «Mühacirlər» adlı kitabında bu versiyanı yazıb qoyub...

ABO DÜDƏNGINSKININ ÖLÜMÜ AZƏRBAYCAN MÜHACİRLƏRİNİ YASA BATIRDI

Dekabrın 5-də keçirilən dəfn mərasiminə dünya mühacirləri qatıldılar. Fransada yaşayan əqidə dostu Ceyhun Hacıbəyli, tanınmış çeçen mühaciri, sonralar onun haqda xatirə yazmış Ə.Avtorxanov də dəfndəydi. Deyilənə görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün, polis dəfn yerindən aralı dayanıbmış. Hətta tabutu açmağa cəhd göstərənlər də olur. İcazə vermirlər. Abonu Nyu-Ulmdakı məzarlıqda, 3 il öncə müəmmalı şəkildə həlak olan (velosipedini maşınla əzibmişlər) qardaşının yanında basdırırlar. Mühacirlərdən Teymur Atəşli Fətəlibəylinin əziz ruhuna şeir də həsr edir:

And içəriz üçrəngli bayrağına,
Şəhid yatan müqəddəs torpağına,
And içəriz ömrün gənclik çağına,
Zəncirini qıracağız biz yenə,
Baba yurda gələcəyiz biz yenə...

Düdənginskidən sonra «Azadlıq» radiosunun 2-ci baş redaktoru İsmayıl Əkbər olur.

BƏS LEYLİ XANIMIN, OĞLUNUN TALEYİ NECƏ OLUR?

Heç soruşmayın. Deyilənə görə, bir müddət Türkiyədə yaşayırlar. Sonra Amerikaya köçürlər. O vaxtdan onları gördüm deyən olmayıb... Ancaq axtaranlar olub. Düdənginski əsir düşəndən sonra onun qohumlarını sürgün ediblər. 50-ci illərdə bəraət alanların nəvələri sağdır. Onlar həm Əli bəyi axtarırlar, həm də zaman-zaman Düdənginskinin Almaniyadakı məzarını ziyarət edirlər. Məzara mühacirlərin hələ də xaricdə yaşayan yeni nəsli xidmət edir...

Vəssalam. Sonda Azərbaycan legionçuları və Abo Düdənginski haqqında kitab yazan Ramiz Abutalıbova, Nəsiman Yaqubluya və Məmməd Cəfərliyə sonsuz təşəkkürlərimi çatdırmaq istərdim. O kitablar olmasaydı, bu yazı da olmazdı...

Vətən yolunda şəhid olanlarımızın ruhu şad olsun!
XS
SM
MD
LG