Keçid linkləri

Təcili xəbərlər

Demokratiya üçün İran dərsləri


İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar
İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar
Nə vaxtsa, mollaların hakimiyətdə olduğu İrandan demokratiya öyrənəcəyimizi eşitsəydim, yəqin ki, gülümsəyib keçərdim. Amma zaman başqadır. Odur ki, keçək mətləbə.

Ötən əsrin 80-ci illərindən sivil dünyaya meydan oxuyan, öz inkişaf yolu olduğunu bildirən İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar. Daha normal cəmiyyət, daha normal dövlət qurub, daha normal siyasət yürütmək istəyirlər.

Kimdir bu islahatçı qüvvələrin lideri? Mir Hüseyn Musəvi – Xomeyni hökumətində əvvəlcə Xarici İşlər naziri olmuş, sonra isə səkkiz il (1981-1989) Baş nazir işləmiş siyasi xadim. Ona dəstək verənlər arasında isə İranın iki keçmiş prezidenti var – Məhəmməd Xatəmi və Haşimi Rəfsəncani. İmam Xomeyni ilə Şərqdə ilk ən qatı islam rejiminin əsasını qoymuş siyasi xadimlər cəmiyyətin liberal inkişaf yolunun alternativsizliyini dərk edibən islahat yoluna çıxırlar. Əhmədinejad nə qədər desə də, bu, Amerikanın «təşkil etdiyi rəngli inqilab» deyil. Yuxarıda adı çəkilən siyasətçilərin hamısı bu və ya digər formada imam Xomeyninin tələbələridir.

AZƏRBAYCAN CƏMİYYƏTİNİN İRANDAN ÖYRƏNƏ BİLƏCƏYİ BİRİNCİ DƏRS

Musəvi əxlaq polisinin ləğvindən, rejimin liberallaşma zərurətindən danışır. Və bu da Azərbaycan cəmiyyətinin İrandan öyrənə biləcəyi birinci dərsdir. Azərbaycan rəsmilərinin müsahibələrini oxuyanda, onların müxtəlif Qərb filosofları və ictimai-siyasi xadimlərindən qarma-qarışıq sitatlar gətirib özlərini də dolaşdırmalarını müşahidə edəndə adam düşünür: görəsən, bunlar doğrudan da elə bilirlər ki, bir az da güclü fikirləşsələr, Azərbaycan üçün demokratiya və liberal inkişaf yolundan fərqli bir inkişaf modeli tapıb ortaya qoyacaqlar? Baxın İrana, cənablar. Xomeyninin şagirdləri demokratiyaya üz tuturlar. Azərbaycanda qurmaq istədiyiniz yarıkommunist-yarıŞərq avtokratlığı sistemi İslam respublikasından daha güclü olmayacaq.

İrandakı hadisələrdən götürülə biləcək ikinci dərs isə təkcə Azərbaycan hökuməti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün önəmlidir. İran seçkilərində Əhmədinejad hökuməti seçki saxtakarlıqlarından çəkinmədi. İranın indiki prezidenti üçün əvvəlcə 65 faiz, sonra isə 62 faiz seçici səsinin verildiyini elan etdi. Bu gün İrandakı etiraz nümayişlərinə yüz minlərlə adam toplayan Musəviyə 30 faizdən bir qədər artıq səs yazıldı. Rəfsəncaninin seçki nəticələrini müzakirə etmək çağırışları qulaq ardına vuruldu. Musəvinin nümayişçiləri döyüldü, yüzlərlə adam həbs edildi, nümayişçilərə atəş belə açıldı, amma...Amma nümayişlər davam edir və nə Musəvi camaatı sakitliyə çağırıb rəqibinin saxtakarlığı ilə barışmaq fikrindədir, nə də İran cəmiyyəti bu acı həbi udmaq haqqında düşünür. Vuruşurlar...Çünki başa düşürlər ki, hakimiyyət üzərində xalqın nəzarəti xalqın haqsızlığa etiraz etmək gücü qədərdir.

MUSƏVİ QALİB GƏLƏNDƏN SONRA ƏHMƏDİNEJADIN YOLUNU TUTSA, NECƏ?

Hələ bilinmir ki, Musəvi tərəfdarları Əhmədinejadı devirə biləcəklər, yoxsa özləri əziləcəklər. Amma xalq onu təmsil etməyən hökumətin əleyhinə açıq mübarizə apardıqca tunelin o biri başında işıq ucu var. İşıq ucu var ki, nə vaxtsa, bu ölkədə əhalini təmsil eləyən hökumət gəlib onu zülmətdən qurtaracaq. Bəlkə Musəvi də qalib gələndən sonra elə Əhmədinejadın yolunu tutdu, onda necə? Onda da ortada bir presedent var: Bu xalq öz yolunu azmış hökumətini dəyişir. İran cəmiyyətindəki bu dinamika onu daim, hətta Xomeyni dönəmində belə, öz ərəb qonşularından fərqli bir durumda saxlamışdır. İranda İslam rejiminin bütün mürtəceliyi ilə bərabər bir parlamentarizm ənənəsi mövcud olmuşdur, normala yaxın seçkilər keçirmək praktikası olmuşdur ki, bu sistemi də ərsəyə gətirmək üçün İran cəmiyyəti təkcə 20-ci əsrdə beş dəfə inqilab etmişdir.

Demokratiya sadə bir anlayışdır: Hökumətin xalq üzərindəki hakimiyyəti idarə olunanların razılığından qaynaqlanır. Prinsip budur. Ancaq yuxarı başa keçən hakimiyyəti nəzarətdə saxlamaq çox çətin bir vəzifədir və hər xalq bu işin öhdəsindən gələ bilmir.

AMERİKANIN İSTİQLAL BƏYANNAMƏSİNDƏ XALQIN ÜSYAN HÜQUQU

Demokratiyanın beşiyi Amerikanın İstiqlal Bəyannaməsində xalqın hökumət üzərindəki nəzarəti kifayət qədər aydın əks olunub: «Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər hüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən ayrılmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə can atma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına əsaslanan hökumət qurur. Odur ki, hər hansı hökumət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzində isə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır». Bu prinsipin sadə adı «xalqın üsyan etmə hüququ» gedir.

İranda xalq bu hüquqdan istifadə etməyə əl atıb. Nə Qərbdən, nə də Şərqdən kömək gözləməyərək öz hökumətləri ilə haqq-hesab çəkirlər. Azərbaycanda isə hökumət xalqla, onun etiraz səsini ucaldan jurnalistləri ilə və olan-qalan demokratik təsisatlarla haqq-hesab çəkməkdədir və əmindir ki, Azərbaycan cəmiyyətindən hər hansı bir təpki ilə üzləşməyəcək.

Qarşıdan Azərbaycanın bələdiyyə və parlament seçkiləri gəlir. 1993-cü ildən bəri keçirilən bütün seçkilərin praktikası göstərir ki, ssenari əvvəlki olacaq. Siyasi qüvvələr koalisiyalar yarada bilər, seçki monitorinqi apara bilərlər, beynəlxalq ictimaiyyəti məlumatlandıra bilərlər. Amma günün sonunda bir sualın cavabı olmalıdır: Hökumət ağına-bozuna baxmadan saxtakarlıq edib öz istədiyini eləsə, onun qarşısına kim və necə çıxacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG