Hələ bu yaxınlaradək seçkilərə toy-bayram kimi hazırlaşan İran indi gəlini götürülüb qaçırılmış toy sahibini xatırladır. Bu gün İran xalqı üçün qutudan Əhmədinejadın çıxması dünən Məşədi İbad üçün çadranın altından Gülnazın çıxmamasına bənzəyir. Məşədi İbad sonda taleyi ilə barışdı və qulluqçu Sənəmə evləndi. Çünki özü də yaxşı bilirdi ki, Gülnaz onun tayı deyil. Maraqlıdır, bəs İran xalqı nə edəcək, taleyi ilə barışacaqmı? Hər halda, bu xalq özü hamıdan yaxşı anlayır ki (ən azı indi), kim ona rəhbərlik etməlidir. Fərqi yoxdur bu rəhbər kim olacaq - Musəvi, yoxsa Əhmədinejad. Əsas odur ki, onu qutuya salan da, çıxardan da bu gün Tehranın və digər şəhərlərin xiyabanlarında, universitetlərində, lap elə damların üstündə «Allahu Əkbər!», «istefa» qışqıranlar olsun. Amma bu gün İran xalqının gileyi həm də seçkidə Allahın adı ilə insanların iradəsinə haram qatanlardandır. Belə getsə, bir azdan əhli İran «Allahu Əkbər!»i də ixtisara salıb sadəcə «istefa» qışqıra bilər. Yəni din də, iman da əldən gedər. Necə ki, artıq gedir. Dünənə qədər çadranın altından telin görünməsi yasaq olunan İranda bu gün artıq qadınlar saxtakarlığa paltar soyunmaqla etiraz edirlər. Özü də küçənin ortasında, «əxlaq polisi»nin gözü qarşısında. Bilmirəm bu hadisədən «əxlaq polisi» stress keçirdi, ya yox, amma mən - telekanallarının şou proqramları səhərdən axşamacan çılpaq qadınları nümayiş və müzakirə edən bir məmləkətin vətəndaşı - şoka düşdüm. Çünki bu artıq təkcə seçkiyə etiraza oxşamırdı. Hələlik bunun nə olduğunu dəqiq deyə bilmərəm. Amma 1979-cu ildə əynində paltarı, başında yaylığı olduğu halda özünü çadranın altına salan qadının 2009-cu ildə çadranın altından çılpaq çıxması bu yayın İranda çox isti keçəcəyindən xəbər verir. Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. |