Keçid linkləri

ABŞ prezidenti Barak Obamanın Rusiya səfəri öncəsi Amerika mətbuatı iki ölkə arasında münasibətləri təhlil edən geniş yazılar dərc edərək qarşıda duran problemləri və onların həlli yollarını araşdırır.

«CƏNAB PUTİN MÜQAVİMƏT GÖSTƏRİR»

Amerika mətbuatında yazılanlara görə problemlər yetərincədir. Hələ iyulun 1-də «Financial Times» qəzetində məqalə ilə çıxış edən tanınmış xarici siyasət mütəxəssisi Zbiqnev Bjezinski yazırdı ki, Rusiyanın soyuq müharibə dövrünə köklənmiş xarici siyasət prioritetlərini dəyişməyə çalışmaq lazımdır: «Kəsə danışsaq, cənab Putin müqavimət göstərir və çalışır ki, SSRİ-nin dağılması prosesini geriyə döndərsin. Ukrayna üzərində nəzarətin bərpa olunması faktiki olaraq Rusiya imperiyasını bərpa edəcək və Mərkəzi Avropada konfliktləri alovlandıra biləcək. Gürcüstanın ram edilməsi isə Qərbin Xəzər dənizinə və Orta Asiyaya mühüm enerji xəttini (Bakı-Ceyhan) kəsmiş olacaq və Azərbaycanın Rusiya nəzarətinə keçməkdən başqa çıxış yolu qalmayacaq».

«RUSİYA HƏR HANSI PROBLEM TÖRƏTMƏKDƏN ÇƏKİNƏCƏK»

İyulun 3-də həmin mövzunu davam etdirən Kesi Yanq «Wall Street Journal» dərgisində narahatlıqla qeyd edirdi ki, «gözləmək olardı ki, Obamanın səfəri öncəsi Rusiya hər hansı bir problem törətməkdən çəkinəcək. Lakin Rusiya mətbuatı Gürcüstanda yeni müharibənin başlanacağı spekulyasiyaları ilə doludur». Müəllif qeyd edir ki, öz cəmiyyətini Gürcüstana yeni təcavüzə hazırlayan Rusiya rəhbərliyi bu addımı həm də irrasional əsaslarda ata bilər. Bundan əlavə Rusiya rəhbərliyində belə düşünən adamlar ola bilər ki, Qərb Gürcüstan təcavüzünə yarımçıq və zəif reaksiya verəcək. Bu səbəbdən müəllif hesab edir ki, Rusiya səfəri zamanı ABŞ tərəfi Gürcüstanı müdafiə edəcəyi ilə bağlı güclü bir mövqe sərgiləməlidir.

OBAMA LİDERDİR, BƏS MEDVEDEV?

«New-York Times» 4 iyul tarixli sayında yazır ki, ABŞ-ın Rusiya ilə münasibətlərdə ən çətin problemi odur ki, ABŞ bilmir kiminlə danışıqlar aparsın – Putinlə, yoxsa Medvedevlə. Müəllif Klifford Levi yazır ki, «Cənab Obama öz dövlətinin şəriksiz lideridir. Bəs cənab Medvedev? Bu məsələ bir qədər mürəkkəbdir...»

Medvedev Rusiyada ən yüksək siyasi postun sahibidir və protokol qaydalara görə danışıqlar onunla aparılmalıdır. Lakin əsas güc mərkəzi Vladimir Putindir. Müəllif yazır ki, bu fenomen «xoşagəlməz bir ailədaxili problemə oxşayır ki, bunu hamı görür, amma heç kim onu həll etməyə girişmək istəmir».

Qəzet yazır ki, Obama bu problemi başa düşərək Putin haqqında aydın bir mesajla çıxış edərək deyib ki, onun «bir ayağı işləri köhnə qaydada görməkdədir, o biri isə yeni qaydada» və əlavə edib ki, indi yeni dövrdür, irəli baxmaq lazımdır və cənab Medvedev «bunu başa düşür».
Qəzet yazır ki, adətən özü əleyhinə bəyanatlara kəskin reaksiya verən Putin bu dəfə susub və sadəcə onu deyib ki, «biz öz ayaqlarımız üzərində möhkəm dayanmışıq və daim gələcəyə baxırıq» və əlavə edib ki, Obamanın səfərini «isti hisslərlə gözləyir».

Qəzet yazır ki, ABŞ prezidentinin Medvedev və Putin arasında parçalanma yaradıb məsələləri Medvedevlə həll etməyə çalışması riskli bir addımdır və əks-efekt də verə bilər. Belə ki, Obamanın təsiri altına düşmədiyini göstərmək üçün Medvedev öz mövqelərini Putinlə bir qədər də yaxınlaşdıra bilər.

«RUSİYA OBAMA ÜÇÜN BİR SINAQDIR»

İyunu 5-də isə «Washington Post» qəzeti «Rusiya Obama üçün bir sınaqdır» başlıqlı məqalə dərc edib. Məqalədə Rusiya-ABŞ danışıqlarında müzakirə olunacaq məsələlər aşağıdakı ardıcıllıqla təsvir olunub:

Nüvə silahlarının ixtisarı və Strateji Silahların İxtisarına dair müqavilə müddətinin uzadılması (ABŞ-ın təklifi);

Əfqanıstana ABŞ silah-sursatının daşınması üçün Rusiya ərazisindən istifadə olunması (ABŞ-ın təklifi);

İranın nüvə proqramlarını dayandırmaq üçün bu ölkəyə tətbiq ediləcək sanksiyalarda Rusiyanın da iştirakına nail olunması (ABŞ-ın təklifi);

Polşa və Çexiyada ABŞ anti-raket müdafiə sisteminin quraşdırılması ideyasından imtina (Rusiyanın təklifi);

NATO-nun Şərqə doğru genişlənməsi, Ukrayna və Gürcüstanın NATO üzvlüyü (Rusiyanın təklifi);

ABŞ və Rusiyanın enerji məsələləri və iqlim dəyişikliyi məsələsində mümkün əməkdaşlıq perspektivləri (ABŞ-ın təklifi).

Qəzet yazır ki, hər iki tərəf öz mövqelərində hələ ki, möhkəm durublar və güzəştə getmək haqqında heç bir siqnal vermirlər: «Medvedev istəyir ki, ABŞ Şərqi Avropada raket əleyhinə müdafiə sistemlərini qurmayacağı haqqında öhdəlik götürsün və keçmiş sovet respublikaları olan Gürcüstan və Ukraynanın NATO üzvlüyünü istisna etsin. Obama istəyir ki, İranın nüvə proqramlarının ləğvi üçün işə salınan diplomatik səylər fayda vermədiyi təqdirdə Rusiya bu ölkəyə qarşı sərt sanksiyaları müdafiə etsin. Heç bir prezident də hələ ki, güzəştə gedəcəklərini göstərmirlər». ABŞ prezidentinin köməkçisi Maykl MakFaul deyir ki, «biz Rusiyaya NATO-nun genişlənməsi yaxud anti-raket müdafiəsi mövzularında heç bir əminlik vermək fikrində deyilik və bu məsələlərdə heç bir sövdələşməyə getmək haqqında düşünmürük». Öz növbəsində Medvedevin xarici siyasət üzrə baş məsləhətçisi Sergey Prixodko eyni tonla deyir ki, «məsələlərdə irəliləyiş əldə etməyin asan olacağını söyləmək özümüzü aldatmaq demək olardı».

Qəzet qeyd edir ki, səfərin ikinci günü ABŞ prezidenti Barak Obama Rusiyanın baş naziri Vladimir Putinlə də ayrıca görüş keçirməyi planlaşdırıb. Qəzet yazır ki, Barak Obama rusları inandırmağa çalışacaq ki, Rusiyanın zəifliyinin ABŞ-ın milli maraqlarına uyğun olması haqqında deyilən fikirlər doğru deyil.

CNN-in məşhur xarici siyasət şərhçisi Farid Zakariya isə ayrı fikirdədir. İyulun 5-də Rusiya-ABŞ münasibətlərini şərh edən ekspert deyir ki, Hindistan və Çindən fərqli olaraq Rusiya dirçələn yox, çökən dövlətdir. Əhalisi azalan, iqtisadiyyatı balacalaşan, ordusu qeyri-effektiv olan Rusiya özünü hələ də qüdrətli dövlət saysa da, bu belə deyil. Şərhçinin fikrincə, ABŞ əlində hələ də xeyli nüvə silahı olan Rusiyaya hörmətlə yanaşmalıdır, amma məsələ elə bununla da məhdudlaşmalıdır və əslində «Obama gərək birinci Çinə baş çəkəydi».
XS
SM
MD
LG