Keçid linkləri

Təcili xəbərlər

Ah, babalar, babalar...


Heydər Əliyev və İlham Əliyevin birgə şəkli əks olunmuş plakat, Bakı, 7 yanvar 2007
Heydər Əliyev və İlham Əliyevin birgə şəkli əks olunmuş plakat, Bakı, 7 yanvar 2007
Gürcüstana qazı öz vətəndaşlarından qat-qat ucuz qiymətə satdıran İlham Əliyev belə bir fikri təlqin etməyə çalışır ki, onun prezidentlik müddətində Qarabağ problemindən başqa bütün vədlər və problemlər artıq öz həllini tapıb. Bəlkə də totalitar psixologiya, totalitar statistika baxımından o, haqlıdır.

Bu rejimlərdə prezident sözündən daha çox «ata» və « baba» sözlərinə təsadüf olunur. Əvvəllər güman edirdik ki, prezidentin adının qarşısında «baba» sözünün yazılması və deyilməsi ancaq Azərbaycanda ola bilər.

Amma Acarıstanda siyasi rejim dəyişərkən və yenisi ilə əvəz olunan zaman məlum oldu ki, kiçik bir ölkənin kiçik hissəsində belə insanlar prezidentə «prezident» deyil, «baba» kimi müraciət edirlərmiş, «baba» deyəndə yada Aslan Abaşidze düşürmüş. Hələ Xəzərin şərqindəki rejirmləri demirik! Ola bilsin ki, İlham Əliyev həqiqətən də özünün dediyi sözlərə inanır. Ancaq bir məsələni yada salmaq lazımdır ki, hətta totalitar rejimlərdə belə cəmiyyətin ovqatı, siyasi-iqtisadi problemlərə münasibəti ciddi şəkildə öyrənilirdi ki, real mənzərə ilə tanış ola bilsinlər...

Bəzən deyirlər ki, Azərbaycan çox əlverişli geosiyasi malikdir. Əslində isə Azərbaycan çox mürəkkəb mövqeyə malikdir. Hazırda Azərbaycanın ətrafında çox ciddi proseslər baş verir. Bu proseslər bütövlükdə bölgədə siyasi süstlüyün olmadığını deməyə əsas verir.

Ümumi fonda Azərbaycan çox süst görünür. Bəli, ilk baxışda ölkədə sabitlik hökm sürür. Ancaq bu, qəbiristanlıq sükutuna bənzəyir, qəbiristanlıqda da bir məzar soyuqluğu və sükutu hökm sürür. Artıq Azərbaycanın bilavasitə qonşu ölkələrində baş verən proseslər onu Qafqaz respublikaları ilə deyil, Orta Asiyadakı despotik rejimlərlə müqayisə etməyi diktə edir. Çox qəribədir ki, Azərbaycanla Orta Asiya respublikaları arasında olan proseslər iki qarşılıqlı şüanın hərəkətini xatırladır-çətinliklə olsa da Orta Asiya respublikaları keçmişdən ayrılır.

Burada yeni prezidentin Türkmənistanda Türkmənbaşı irsindən qurtulması yolunda çox kiçik addımları yada düşür. Ola bilsin, bu addımlar çox kiçikdir və səmimi deyil. Bəlkə də yeni Türkmənistan prezidenti eks-rəhbər Türkmənbaşını tarixdən sıxışdıraraq özü üçün yer düzəldir... Hər şey ola bilər! Azərbaycan gəldikdə isə o, öz inkişafına, sosial – siyasi durumuna görə bu ölkələrdən çox irəlidə idi. İndi isə əks proses baş verir, ölkə sanki avtoritarlaşma mərəzinə tutulub...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG